Prof. Kamran Musayevə Harvard Tibb Məktəbinin diplomu təqdim olunub

Manşet, Sertifikat və diplomlar, Xəbərlər

Prof. Dr. Kamran Kazımoğlu Musayev Harvard Tibb Məktəbinin təşkil etdiyi “Cərrahlar üçün idarəçilik proqramı”nda iştirak edib. Proqramı uğurla başa vuran tanınmış ürək-damar cərrahına Harvard Tibb Məktəbinin diplomu təqdim olunub.


“Cərrahlar üçün idarəçilik proqramı” müasir səhiyyə idarəçiliyi sahəsində Harvard Tibb Məktəbinin təşkil etdiyi təhsil proqramıdır. Dünyanın müxtəlif ölkələrindən aparıcı cərrahlar ön seçimdən sonra proqrama qəbul olunurlar. 2021-2022-ci tədris ilində həyata keçirilən proqramda səhiyyə idarəçiliyi, keyfiyyətə nəzarət, idarəetmənin metodologiyaları, müasir texnologiyaların səhiyyə idarəçiliyində tətbiqi kimi mövzularda nəzəri və praktiki biliklər paylaşılıb.

“İki il davam edən proqram müddətində Harvard Tibb Məktəbinin professorlarının nəzarətində müstəqil layihələr işləyib hazırladıq. Təhsil proqramının hər mərhələsində ayrı-ayrı imtahanlarla qiymətləndirmədən keçdik, proqramın bütün nəzəri və praktiki mərhələlərini uğurla başa vurduq” – deyə professor Kamran Musayev proqram haqqında öz təəssüratlarını bölüşüb.


Qeyd edək ki, Prof. Dr. Kamran Kazımoğlu Musayev dünyanın ən nüfuzlu təhsil müəssisəsi olan Harvard Universitetinin Tibb Məktəbi tərəfindən təşkil olunan “Cərrahlar üçün idarəçilik proqramı”ndan məzun olan ilk azərbaycanlıdır.