Qəfləti ölümə səbəb olan nədir?

ÇOX SORUŞULANLAR

Qəfləti ölümlərin ən əsas səbəbi ürək xəstəlikləridir. Onların içində isə ən çox tac arteriyalarının tutulması qəfləti ölümə səbəb olur. Həmin ana qədər heç bir ürək şikayəti olmayan insan bir neçə dəqiqənin içində itirilə bilər.  Təəssüf ki, biz hər gün bu cür praktika ilə qarşılaşırıq.

Ürəyin üç əsas tac damarından birində də daralma olanda bu, insanın infarkt keçirməsinə, ölməsinə gətirib çıxara bilər. İnfarktların yarısı tutulmuş damarların nəticəsində əmələ gəlir.  Qəfləti ölüm də daxil olmaqla ürək xəstəliklərinin bir qrupunda təxminən ¼-də, yəni 20-25 faizində o günə qədər ciddi bir şikayət olmaya bilər. Amma yerdə qalan 75-80 faiz xəstədə ciddi ürək şikayətləri olur. Bəs bu şikayətlər nələrdir? Ürək-damar tıxanıqlığının, tutulmalarının ilkin əlaməti sinədə ağrıdır -tam döş sümüyünün arxasında, xalq arasında “sinə taxtası” deyilən bir yerdə olan ağrı. O ağrı hər iki qola, kürəyə, əllərə yayıla bilər.

Bu ağrılar klassik olaraq ya fiziki iş görəndə, ya ağır yemək yeyəndən, ağır fiziki yüklənmədən sonra ortaya çıxır.

Xəstəlik daha da irəliləyəndə xəstələr oturaq vəziyyətdə olanda, istirahət edən zamanlarda da ağrılar ortaya çıxır.

Daha da irəliləyən məqamlarda isə miokard infarktına, ürək infarktına, ölümə səbəb ola bilir. Təəssüf ki, gündəlik praktikada belə hallara tez-tez rast gəlinir. Mənim əməliyyat etdiyim xəstələr arasında infarkt keçirməyən insan demək olar ki, yox dərəcəsində azdır. Çox təəssüf ki, belədir. Biz çox istəyirik ki, ürək problemlərinin müalicəsini xəstələr infarkt keçirmədən aparaq. Çünki infarktdan öncə müalicə aparmaq xəstələrin  xeyrinədir. Ürək əzələsinin müəyyən hissəsi infarkt nəticəsində ölür və ölmüş zonanı, hüceyrələri biz heç bir metodla geri qaytara bilmirik. Ona görə də insanlarımızın, xüsusilə risk qrupunda olan insanlar öz həyatlarına daha məsuliyyətlə yanaşmalı, bu şikayətlərin başlanğıc mərhələsində mütləq ürək həkimlərinə müraciət etməlidirlər.

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest