Azərbaycanın səhiyyə infrastrukturu və kadr potensialı istənilən ən mürəkkəb cərrahiyyə əməliyyatının aparılmasına imkan verir

Müsahibələr

Bakı, 1 oktyabr, AZƏRTAC

Hər il qeyd olunan Dünya Ürək Günü sentyabrın sonuncu həftəsinə təsadüf edir. Dünya Ürək Federasiyası hər il bu günü fərqli şüarla qeyd edir. Federasiya üzv və tərəfdaş təşkilatlarla birgə bu gün üçün xüsusi tədbirlər planı hazırlayır, plana uyğun şəkildə insanları ürək xəstəliklərinə və onlardan qorunmaq üçün diqqətli olmağa çağırır.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti də artıq neçə illərdir ki, Dünya Ürək Günü ilə bağlı paytaxt Bakıda və bölgələrdə bu qəbildən silsilə tədbirlər keçirir.

AZƏRTAC bununla bağlı Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış kardiocərrah Kamran Musayevin müsahibəsini təqdim edir:

– Doktor, Dünya Ürək Gününün keçirilməsində məqsəd nədir?

– Təəssüf ki, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olan xəstəliklərin sırasında birinci yerdədir. Təkcə keçən il dünyada 17,3 milyon insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirib. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2030-cu ildə bu rəqəm 23 milyona çatacaq. Dünya Ürək Gününün qeyd olunmasında ən başlıca məqsəd 2025-ci ilə qədər gözlənilən ürək ölümlərinin sayının 25 faiz azaldılmasıdır. Bu hədəfə çatmağın yolu məhz insanların tibbi maarifləndirilməsidir. İnsanlar bilməlidirlər ki, bu xəstəliklərin garşısını almaq olar. Bu işdə təkcə həkimlərin yox, həm də medianın üzərinə böyük vəzifələr düşür.

– Bu il Dünya Ürək Günü hansı şüarla qeyd olunub?

– “Hər yerdə hər kəs ucun sağlam ürək şərtləri” Dünya Ürək Gününün builki şüarıdır. İrqindən, milliyyətindən, dinindən, dilindən yaşından və cinsindən asılı olmayaraq hər kəs özünün sağlam ürək sərtlərini təmin etməlidir. “Hər yerdə” dedikdə yaşayış, iş, oyun və istirahət yerləri nəzərdə tutulur. Evimizdə çox sadə dəyişikliklərlə sağlam ürək şərtləri üçün mühit yarada bilərik. Siqaretsiz ev modelinə keçməliyik. Məncə, bunu hər kəs bacarar. Bununla siqaret çəkən insan həm özünü, həm də ailə üzvlərini tütünün zərərli təsirlərindən qoruya bilər. Təsəvvür edin ki, hər il 600 min passiv siqaret çəkən insan bu zərərli vərdişdən həyatını itirir. Hazır qidalardan, şəkər, düz və yağlardan mümkün qədər az istifadə olunmalıdır. Üstünlük təbii qidalara, xüsusilə meyvə-tərəvəzə verilməlidir. Yaxşı olar ki, günorta yeməkləri evdə hazırlanan sağlam qidalardan olsun. İşə maşınla yox, piyada və ya velosipedlə getmək də sağlam həyata aparır. Stressin ürək xəstəliklərinə səbəb olması hələ təsdiqini tapmayıb. Bununla belə hər bir insan stressdən uzaq durmağa çalışmalıdır. Çünki stress zamanı insanlar siqaretə və içkiyə daha çox meyl edirlər ki, bu da ürək-damar xəstəliklərinə gətirib çıxarır. Oyun və istirahət yerlərində də sağlam həyat tərzinə riayət etməliyik. Dünya Ürək Federasiyası həm uşaqlara, həm gənclərə, həm də orta yaşlı insanlara gündə 15-20 dəqiqə idmanla məşğul olmağı məsləhət görür. Fiziki aktivlik ürək-damar xəstəliklərinin qarşısının alınmasında bir nömrəli faktordur. Həftə ərzində 150 dəqiqədən başlayaraq normal yürüş, sürətli yürüş, üzgücülük və velosiped idmanı ilə məşğul olmaq lazımdır. Bütün bunlar açıq havada olsa, daha faydalıdır.

– Mərkəzi Klinik Xəstəxananın fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Mərkəzi Klinik Xəstəxana 2001-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə açılıb. Demək olar ki, Azərbaycan səhiyyəsində yeni müasir xəstəxana modelidir. Bu 14 il ərzində xəstəxanada 11 minə yaxın əməliyyat, 30 minədək angiongrafiya və anginoplastika prosedurları icra olunub. Bu rəqəmlər bizim dünyanın nüfuzlu tibb müəssisələri tərəfindən qəbul olunmağımıza imkan verir. İnamla demək olar ki, bu gün Mərkəzi Klinik Xəstəxana Prezident İlham Əliyevin biz həkimlər qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlməyə qadirdir.

– Son illər kardiocərrahiyyə Azərbaycan səhiyyəsinin ən inkişaf edən sahələrindən biridir. İndi Azərbaycanda birgünlük körpə üzərində açıq ürək əməliyyatının aparılması adi haldır. Ancaq insanlar nədənsə müalicə üçün xaricə üstünlük verirlər. Bəlkə, onlar öz həkimlərimizə etibar etmirlər?

– Mərkəzi Klinik Xəstəxanada işlədiyim ilk illərdə, yəni 2000-2001-ci illərdə, Azərbaycan vətəndaşları daha çox xarıcı həkimlərə üz tuturdular. Bu da narahatlıq doğururdu. Artıq demək olar ki, bu fakt aradan qaldırılıb. Bu gün respublikadakı mövcud xəstəxanalarda ürək cərrahiyyəsi sahəsində problemlər aradan qalxıb və bu tip xəstələrin müalicə üçün daha xarici ölkələrə getməyə ehtiyacı qalmayıb. Təkcə Mərkəzi Klinik Xəstəxanada deyil, bir sıra digər tibb mərkəzlərində də kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində dünya standartlarına uyğun çox uğurlu əməliyyatlar aparılır. Sevindirici haldır ki, üstündən 14 il keçdikdən sonra ölkəmizdə vəziyyət tamamilə dəyişib. Vətəndaşlarımız öz xəstəxanalarımızda müayinə və müalicə olunmağı üstün tuturlar. İndi tək-tək adamlar xaricə gedirlər ki, bu da təbiidir. Əksinə, xarici vətəndaşlar müalicə üçün bizə müraciət edirlər. Bizim xəstəxanada ABŞ, İngiltərə, Hindistan, Pakistan, Rusiya, Ukrayna və digər ölkələrin vətəndaşları əməliyyat olunub. Demək, onlar Azərbaycan həkimlərinin peşəkarlığına etibar edirlər ki, burada əməliyyat olunmağa razılıq verirlər. Tam əminliklə deyə bilərəm ki, ölkəmizdə kifayət qədər kadr potensialı və səhiyyə infrastrukturu mövcuddur. Bu gün Mərkəzi Klinik Xəstəxanada və digər tibb ocaqlarımızda olan son model avadanlıqlar və mütəxəssislər ən mürəkkəb əməliyyatları aparmağa qadirdir. Bir sözlə, dünyada elə bir çətin əməliyyat yoxdur ki, onu Azərbaycanda həyata keçirmək mümkün olmasın.

– Azərbaycanda son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun qabaqcıl ölkələrin səhiyyə sisteminə inteqrasiya olunmasına zəmin yaradıb və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun artmasına səbəb olub. İndi ölkəmizdə qaraciyər, böyrək köçürülməsi əməliyyatları uğurla icra olunur. Bəs ürək transplantasiyası niyə həyata keçirilmir?

– Əvvəla, onu deyim ki, Azərbaycanda 2013-cü ildə ilk dəfə süni ürək köçürülməsi əməliyyatı uğurla icra olunub. Əməliyyat zamanı xəstəyə ABŞ istehsalı olan “HeartMate 2” süni ürək cihazı implantasiya edilib. Bu əməliyyatın milli kadrlar tərəfindən aparılması Azərbaycan səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsini göstərir. Süni ürək köçürülməsi kifayət qədər kompleks bir əməliyyatdır. Sevindirici haldır ki, artıq Azərbaycanda süni ürək cihazının köçürülməsi reallığa çevrilib. Qaldı ki, donordan ürək köçürülməsinə, bu əməliyyat hələ həyata keçməyib. Biz bu əməliyyata həm kadr, həm də infrastruktur cəhətdən tam hazırıq. Sadəcə bunun üçün donor lazımdır. Burada ən böyük problem donor çatışmazlığıdır. Çünki yalnız beyin ölümü keçirən xəstələrdən ürəyi götürüb başqasına köçürmək olar. Bu zaman çox ciddi sosial problemlər ortaya çıxa bilər. Digər bir məsələ də odur ki, insanlar buna hazır olmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest