Ürək-damar xəstəliklərinin səbəbləri arasında qan təzyiqinin qeyri-stabilliyi, şəkər xəstəliyi, siqaret və digər tütün məmulatlarından istifadə kimi klassik səbəblər var. Şübhəsiz ki, genetik amillər, irsiyyətimiz burada ciddi rol oynayır. Amma bununla bağlı Azərbaycana məxsus iki məqamı qeyd etmək istəyirəm. Çox təəssüf ki, Azərbaycanda tütün məmulatlarından, siqaretdən istifadə son illərdə xüsusən gənclərimiz və qadınlarımız arasında getdikcə artır. İkinci məqam isə, hamımızın çox sevdiyimiz, zövq aldığımız Azərbaycan mətbəxi ilə bağlıdır. Çox təəssüf ki, mətbəximiz bir çox hallarda insanların ürək-damar sağlamlığı üçün biz həkimlərin məsləhət gördüyü komponentləri əhatə etmir. Mətbəximizdə yer alan yağlı, qırmızı ət mənşəli qidalardan çox istifadə edirik. Bu qidalardan həddindən artıq istifadə olunması da son nəticədə ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır.