29 sentyabr – Dünya Ürək Günüdür

BLOQ, Manşet

Müalicəvi təbabətin bütün nailiyyətlərinə baxmayaraq, bu gün profilaktik və ya “qoruyucu” təbabət getdikcə daha əhəmiyyət qazanır. Ürək-damar cərrahı olaraq, tam əminliklə deyə bilərəm ki, ürək-damar xəstəlikləri qarşısı alınabilən xəstəliklərdir. Həyat tərzimizdəki sadə dəyişikliklərlə buna nail olmaq mümkündür. Bunun üçün, bu dəyişiklikləri insanlara anlatmaq və inandırmaq lazımdır. Başqa sözlə desək, insanlarımızın ürək-damar xəstəlikləri barəsində tibbi maarif səviyyələrini yüksəltmək lazımdır. Elə hesab edirəm ki, biz ürək həkimlərinin ən ümdə vəzifəsi də, məhz bu olmalıdır.

Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində yerli ürək cəmiyyətləri ilə birgə bütün dünyada ürək-damarxəstəliklərinə qarşı mübarizə aparır. Bu mübarizənin ən önəmli komponenti də, məhz insanların ürək-damar xəstəlikləri haqqında tibbi maarifləndirilməsidir.

Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur. “Dünya Ürək Günü”nün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır.

Dünya Ürək Federasiyası “Dünya Ürək Günü”nü hər il fərqli şüarla qeyd edir. Bu şüarlarda hər zaman ürək-damar xəstəliklərindən qorunmanın müxtəlif aspektləri işlənir. “Həyatına enerji qat!” (“Power Your Life”) “Dünya Ürək Günü”nün bu ilki şüarıdır.

“Dünya Ürək Günü” Azərbaycanda

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC), fəaliyyətə başladığı 2004-cü ildən etibarən tibbi maariflənmə məsələsini hər zaman ön planda saxlayır. Bu mənada, 2010-cu ildən etibarən Dünya Ürək Federasiyasının “Dünya Ürək Günü” ilə bağlı tədbirlərinə öz töhfəsini verir. Keçdiyimiz illərdə bununla bağlı əsasən paytaxt Bakıda və regionlarda silsilə tədbirlər, beynəlxalq elmi-praktik konfranslar təşkil olundu. Alış-veriş mərkəzlərində geniş aksiyalar keçirildi, maarifləndirici məlumat kitabçaları paylanıldı. Bakıdakı müxtəlif uşaq evlərinin sakinləri kardioloji müayinədən keçirildi. Eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə də seminarlar təşkil olundu.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin Dünya Ürək Gününü ölkəmizdə müxtəlif tədbirlərlə qeyd etməsi bir ənənəyə çevrilmişdir. Bu ənənənin davamı kimi, AÜDCC tərəfindən bu il də Dünya Ürək Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək. AÜDCC İdarə Heyətinin qərarı ilə sentyabrın son həftəsi “Sağlam ürək həftəsi” elan edilib.

“Sağlam ürək həftəsi”nin proqramı

Bu həftə çərçivəsində 28, 29, 30 sentyabrda paytaxtda yerləşən alış-veriş mərkəzlərində “Həyatına enerji qat!” şüarı altında aksiyalar baş tutacaq. Bu aksiyalarda bizim stendlərimizə müraciət edən ictimaiyyət nümayəndələri ilkin tibbi müayinədən keçiriləcək. Əhalinin ürək sağlamlığı üçün vacib olan məlumatlardan hazırlanmış çoxlu sayda maarifləndirici məlumat kitabçaları paylanılacaq.

Oktyabrın 1-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə Park İnn otelində yerli və əcnəbi kardioloq və kardiocərrahların iştirakı ilə  beynəlxalq elmi konfrans keçiriləcək. Bu konfransda ürək-damar xəstəliklərinin müalicə və profilaktikasındakı ən yeni nailiyyətlər müzakirə olunacaq.

Bu ilki tədbirlərdə sosial şəbəkələrdən də geniş istifadə etməyi düşünürük. Bildiyimiz kimi, sosial şəbəkələr bu gün cəmiyyət həyatının ayrılmaz parçasına çevrilib. Bu məqsədlə bütün sosial şəbəkə istifadəçilərini aktiv olaraq “Dünya Ürək Günü” təbliğat kampaniyasına qoşulmağa səsləyirəm. “Həyatına enerji qat!” sağlamlıq həftəsinə qoşulun, sağlam ürək selfisi çəkərək sosial şəbəkə hesablarınızda #worldheartday #dünyaürəkgünü #poweryourlife #həyatınaenerjiqat hashtag-larından istifadə edərək paylaşımlar edin. Beləliklə, siz də həm bu haqda maariflənin, həm də digər insanlarımızın maariflənməsinə öz töhfənizi verin.

  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər
  • "Dünya Ürək Günü" tədbirlər

 

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest