Yaxşı insan olmadan yaxşı həkim olmaq mümkün deyil

Müsahibələr

Mərkəzi Klinik Xəstəxananın baş həkimi: “İnsanların nə qədər və necə yaşayacağı hər şeydən əvvəl öz əllərindədir”

“Biz hamımız bu dünyaya gəlirik, bir dövr yaşayıb köçürük. Hamımızın məqsədi dünyada xoşbəxt yaşamaqdır. Amma cansağlığı olmadan xoşbəxtlik olmaz”. Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, əməkdar həkim Kamran Musayevin “Kaspi”yə müsahibəsində səsləndirdiyi bu fikirlər, ən azı, sağlamlığımıza biganə qalmamağımız üçün tövsiyə ola bilər.

Həm xəstəlik çoxalıb, həm də xəstələr

– Siz insan orqanizminin ən vacib və ən həssas üzvü olan ürəyin müalicəsi sahəsində çalışırsınız. İnsanlara yaxın olmaq üçünmü bu sahəni seçdiniz?

– Ürək insan fiziologiyasının mərkəzi orqanıdır. Mənim ürək xəstəliklərini və ya ürək-damar cərrahiyyəsini seçməyimdə şübhəsiz ki, ürəyin mərkəzi orqan, insan orqanizminin ən vacib üzvü olmasının da böyük rolu olub. Açığı, mən hələ orta məktəbdə və institutun tibb fakültəsində oxuduğum illərdə ürək və ya beyin cərrahı olmaq barədə içimdə ciddi dilemmalar yaşamışam. Amma tibb fakültəsinin axırıncı kursunda oxuyanda ürək cərrahı olmağa qərar vermişəm. Həkimliyi ona görə sevirəm ki, insanların cansağlığının qorunmasında iştirak edirəm. Məncə, həkimliyin ən mühüm məqamı da budur.

– Adətən bəstəkarlar ilk mahnısını, şairlər ilk şeirini, rəssamlar ilk əsərini unutmurlar. Bəs həkimlər necə, ilk xəstələrini xatırlayırlarmı? Həmin insana kömək edə bilmişdinizmi?

– Artıq ürək-damar cərrahiyyəsi sahəsində Azərbaycanda da rezidentura sistemi başlayıb. Mən tibb təhsilimi və rezidentura təhsilimi Türkiyədə almışam. Rezidenturaya başlayandan sonra əməliyyatlarda mərhələli şəkildə iştirak edirdik. Ən sadə mərhələsindən başlayıb, bir neçə ildən sonra ən mürəkkəb əməliyyatları müstəqil şəkildə icra etməyə başlayırdıq. Mən ilk dəfə etdiyim açıq ürək əməliyyatını Süleyman bəy adlı bir türk vətəndaşının üzərində həyata keçirdim. Mən onu unutmuram. Çox qəribədir ki, bir neçə il bundan əvvəl o məni Facebook vasitəsilə tapdı. Hal-hazırda da bizim sosial şəbəkə vasitəsilə görüşümüz davam edir.

– Belə demək olarmı, ilk uğurlu əməliyyatınız seçdiyiniz sahədə sizin qarşınızda yaşıl işıq yandırdı?

– Cərrahiyyə ilə, xüsusən əgər ürək-damar cərrahiyyəsi kimi kompleks bir işlə məşğul olursunuzsa, atılan ilk addımlar və qazanılan uğurlar çox vacibdir. Motivasiya olmadan bu qədər fiziki və psixoloji ağır işi icra etmək olmaz. Çünki bunu uzun bir ömür boyu icra edirsən. Ciddi motivasiya olmadan bunu davam etdirmək mümkün deyil. Bizim professional həyatımızda qazandığımız uğurlar bu işə motivasiya olmağımızı və onu ilk gündəki kimi eyni həyəcanla və sevgi ilə davam etdirməyimizi təmin edən ən vacib faktordur.

– Tez-tez deyirik ki, xəstəxanalarda, klinikalarda adam əlindən tərpənmək olmur. Xəstəliklər çoxalıb, yoxsa xəstələr?

– Həm xəstəlik çoxalıb, həm də xəstələr. Xüsusən bizim sahəyə baxdıqda, ürək-damar xəstəlikləri sənayeləşmə ilə əlaqədar getdikcə artan tendensiyaya sahib olub. Müasir dövrümüzdə də ekoloji şərtlər, stresslər və s. amillərin təsiri nəticəsində bu xəstəliklər heç də azalmır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da ən son statistikasına baxanda məlum olur ki, ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər ürək-damar xəstəlikləridir. Bu mənada xəstəlik də artıb. Son illər ölkəmizin səhiyyəsində ciddi irəliləyişlər əldə olunub. Bu, həm infrastruktur mənasında – respublikamızın hər yerində müasir diaqnostika və müalicə imkanlarına sahib olan tibb müəssisələrinin sayı ciddi şəkildə çoxalıb. Həmçinin bu sahə ilə məşğul olan ixtisaslı kadrların da sayı artıb. Yəni bir müddət əvvəl diaqnozu qoyula bilməyən, müalicəsi kafi dərəcədə aparıla bilməyən xəstələrin də artıq bu gün respublikamızın tibb müəssisələrində, o cümlədən Mərkəzi Klinikada diaqnozu qoyulur və müalicə olunur. Bu gün artıq insanlarımız da maarifləniblər. Tibb mərkəzlərinə, xəstəxanalara müraciət edirlər. Bu baxımdan, nisbi mənada xəstələrdə də bir artım var.

Yaxşı insan olmadan…

– Qəfil ölümləri adətən infarktla bağlayırlar. Həmçinin ÜST-ün göstəriciləri də, dünya həkimlərinin narahatlığı da infarktın cavanlaşması ilə bağlı həyəcan təbili çalmağa əsas verir. Səbəb nədir?

– ÜST-ün statistikasına baxanda da görərsiniz ki, qəfil ölümlərin ən böyük səbəbi ürək-damar tutulmalarıdır. Təəssüf ki, bu xəstələr qəfil ürək ölümü dediyimiz bir diaqnozla itirilir. Biz bunu gündəlik praktikamızda da çox yaşayırıq. Qəfil ürək riski daşıyan yüzlərlə xəstəni əməliyyat etmişik və onlar bu gün həyatlarına davam edirlər. Bugünkü imkanlarımız əlimizdə olmadığı vaxtlarda xəstələr birmənalı şəkildə itirilirdi. Çünki vaxtında diaqnozu qoyulmurdu, vaxtında onun xəstəliyinin qarşısını alacaq müalicəsi aparıla bilmirdi və bu xəstələr itirilirdi. İnfarktın cavanlaşması məsələsinə gəlincə, bəli, bu xəstəlikdə cavanlaşma tendensiyası hiss olunur. Bu, sadəcə respublikamıza xas deyil, bütün dünyada xəstəliyin cavanlaşması faktoru gedir. Məncə bu, daha çox xarici faktorlarla – ekoloji, stress, qidalanma rejimi və s. əlaqədardır. Çox təəssüf ki, siqaret başda olmaq şərti ilə, bəzi zərərli maddələrdən istifadənin də artması nəticəsində bu xəstəlik getdikcə daha cavan xəstələrlə qarşılaşır. Açığı, ürək-damar xəstəliyindən yana bizim 30-40 yaşında əməliyyat etdiyimiz xəstələrin siyahısı təəssüf ki, artır.

– Mətbuatda tez-tez yazılır ki, xəstələrimiz daha çox müalicə üçün xarici ölkələrə üz tuturlar. Azərbaycanda səhiyyə sistemi getdikcə inkişaf etdiyi, ən son avadanlıqlarla təchiz olunduğu və səriştəli mütəxəssislərin artdığı bir vaxtda xaricə getməyə ehtiyac varmı?

– Mən həm bir azərbaycanlı mütəxəssis, həm də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri kimi bütün məsuliyyətimlə deyirəm ki, bu gün ürək-damar xəstəliklərindən ötrü insanlarımızın hər hansı xarici ölkəyə üz tutmasına ehtiyac yoxdur. Çox şükür ki, bu gün respublikamızda ürək-damar xəstəlikləri ilə bağlı dünyada mövcud olan bütün diaqnoz və müalicə imkanları mövcuddur. Bu, təkcə Mərkəzi Klinik Xəstəxanada deyil, respublikamızın bir çox klinikasında həyata keçirilir. Bəzi insanlarımızın xarici ölkələrə üz tutmasına gəlincə, bu, bir həqiqətdir, ancaq sizin fikrinizlə tam razı deyiləm. Mən 13 ildir Azərbaycanda işləyirəm. 10 və ya 13 il bundan əvvəllə müqayisə etdikdə, xarici ölkələrə üz tutan vətəndaşlarımızın sayında ciddi azalma var. Konkret öz sahəmizə baxdıqda, görürəm ki, ürək-damar xəstəlikləri ilə əlaqədar 10-15 il bundan əvvəl xəstələrin böyük əksəriyyəti xaricə üz tuturdusa, bu gün həmin xəstələrin böyük əksəriyyəti respublikamızda qalır və başda Mərkəzi Klinik Xəstəxana olmaqla, öz klinikalarımızda müalicə olunur. Bu baxımdan, xaricə üz tutan xəstə sayında ciddi azalma müşahidə olunur. Artıq bizim klinikamızda çox sayda xarici ölkə vətəndaşını əməliyyat edirik. Ürək-damar xəstəliklərindən əməliyyat etdiyimiz xəstələr arasında ABŞ, İngiltərə, Şotlandiya, Avropa ölkələri, eləcə də Rusiya, İran, Türkiyə və s. ölkələrdən olan xəstələrimiz olub. Onlar məhz Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub və öz ölkələrinə getmək ehtiyacı hiss etməyiblər.

– Tez-tez şikayətlənirik ki, insanlar öz səhhətlərinə laqeyd yanaşır, vaxtlı-vaxtında müayinədən keçmir, zamanında həkimə müraciət etmirlər. İnsanların öz səhhətlərinə biganə yanaşmaması üçün həkimlərin üzərinə hansı vəzifə düşür? Bəlkə bu sahədə təbliğata, maarifləndirməyə ehtiyac var?

– Əvvəla, bizdə məşhur bir məsəl var: «Kim yüz il yaşamasa, günah onun özündədir». Həqiqətən, insanların nə qədər və necə yaşayacağı hər şeydən əvvəl öz əllərindədir. Öz orqanizmimizə necə baxmağımız necə və nə qədər yaşayacağımızı müəyyənləşdirəcək. Əgər çox sadə tədbirlər görüb özümüzdə bir çox şeylərə diqqət etsək, daha uzun və daha keyfiyyətli bir həyat yaşaya bilərik. Həqiqətən də burda insanların maarifləndirilməsi çox vacibdir. Bu maarifləndirmə şübhəsiz ki, biz həkimlərin boynuna düşür. Ancaq bu işi də media təmsilçilərinin köməyi ilə apara bilərik. Bununla yanaşı, onu da deyim ki, əvvəlki illərlə müqayisədə insanlarda ciddi maariflənmə müşahidə edirəm. O zamanları yaxşı xatırlayıram, ən sadə diaqnostika metodunu belə insanlarımıza izah etmək çox böyük çətinliklər yaradırdı, amma bu gün ən mürəkkəb ürək əməliyyatlarına belə insanlar artıq məlumatlı şəkildə gəlirlər və bunu çox asanlıqla qəbul edib əməliyyat olunurlar.

– Son vaxtlar qadınlar arasında da infarkt halına çox rast gəlinir. Kişilərlə müqayisədə bu, azlıq təşkil etsə də, şəxsən öz müşahidələrimə əsasən deyə bilərəm ki, keçən illərə nisbətən qadınlar arasında da bu xəstəlik artıb. 

– Tibbi və elmi cəhətdən bu məsələ sizin müşahidələrinizlə üst-üstə düşür. Həqiqətən də menopauzadan əvvəlki yaş dövrünə baxıb kişilərlə qadınları müqayisə etdikdə, qadınlarda ürək-damar xəstəlikləri və infarkta az rast gəlinir. Menopauzadan sonrakı dövrdə isə qadınlarla kişilərdə ürək-damar xəstəliklərinin nisbəti bərabərləşir. Ancaq bu o demək deyil ki, menopauzadan əvvəlki dövrdə qadınlarda infarkt və ya ürək-damar xəstəlikləri ola bilməz. Sadəcə, kişilərlə müqayisədə az olur. Bu gün də bu, belədir.

– Sizcə, yaxşı həkim yaxşı insan deməkdir?

– Digər peşə və məsləklərlə əlaqədə onu deyə bilmərəm. Ancaq mən inanıram ki, yaxşı insan olmadan yaxşı həkim olmaq mümkün deyil. Və ya yaxşı həkim olub, yaxşı insan olmamağı təsəvvür edə bilmirəm.

Həkim özünü xəstənin yerinə qoysa…

– Qeyd etdiniz ki, hazırda ölkəmizdə ürəklə bağlı ən mürəkkəb əməliyyatlar həyata keçirilir. Siz özünüz də indiyə qədər çox insanları müalicə edib həyata qaytarmısınız. Maraqlıdır, bəs sınmış bir ürəyi müalicə etmək olarmı?..

– Biz məsələnin bioloji tərəfinə daha çox baxırıq. Əslində, mən insanın biopsixososial varlıq olduğuna inanıram. İnsanın yalnız bioloji bir varlıq olduğuna inanmıram. Sınmış ürəyin əlbəttə, bioloji tərəfini təmir edə bilirik, amma psixososial tərəfini biz həkimlərin təkbaşına təmir etməyimiz çox da asan deyil. Xəstə nəticə etibarilə həkimə müraciət edəndə, həkim ona yalnız «Bu adamda filan xəstəlik var, mən onu müalicə edəcəyəm» kimi baxmamalıdır. O, insanın bir psixologiyasının olduğunu, onun sosial bir mühitdən gəldiyini qəbul etməlidir. Həkim mütləq xəstə ilə empatiya qurmalı, yəni özünü bir az xəstənin yerinə qoymağı bacarmalıdır. Əgər həkim özünü xəstənin və ya onun ailə üzvünün yerinə qoya bilsə, məncə, yaxşı həkimliyə və insanlığa gedən yol burdan başlayır.

– Akademik Yevgeni Çazov ürək xəstəlikləri haqqında cild-cild dərsliklər yazandan, fundamental tədqiqatlar aparandan sonra belə bir qənaətə gəlib: «Öz həyat planlarınızı qurun və optimist olun. Bu, hər şeyi həll edir». Həyata fəlsəfi baxış doğurdanmı, hər şeyi həll edə bilir?

– Hər şeyi həll etmir, ancaq çox şeyi həll edir. Çünki insan həyata necə baxırsa, o cür yaşayır. Yaşım və təcrübəm artdıqca, mən buna daha çox inanıram. Həyat bir güzgüdür, ona necə baxırsınızsa, elə də görəcəksiniz. Buna fəlsəfi yöndən də inanıram. Əgər həyata pessimist olaraq baxarsınızsa, hər şey pessimist olar… Yox, əgər optimist olaraq baxarsınızsa, hər şey optimist olar…

Söhbətləşdi: Təranə Məhərrəmova

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest