“Azərbaycanda kişilər daha tez ölür”

Müsahibələr

Ölkənin baş kardioloqu Kamran Musayev: “Təəssüf ki, biz azərbaycanlılar, mən də daxil olmaqla, tənbəlik”

Azərbaycanlı həkimlər ilk dəfə olaraq xəstənin ürəyinə süni ürək cihazı yerləşdiriblər. Bu, Cənubi Qafqaz ölkələri arasında ilk dəfə məhz Azərbaycanda baş tutub. Əməliyyatı kardioloq Kamran Musayevin komandası həyata keçirib. Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev ANS PRESS-ə müsahibəsində ölkə səhiyyəsinin vəziyyətini dəyərləndirib.

-Sizin təşəbbüsünüzlə bu yaxınlarda Bakıda “Ürək günləri” adlı beynəlxalq konqress keçirildi. Həmin tədbirdə Azərbaycanda ürək-damar xəstəliklərinin cavanlaşdığını və risk qrupunda daha çox kişilərin olduğunu açıqladınız.

– Bəli, qadınlarla müqayisədə kişilərin ürək-damar xəstəliklərinə tutulma riski daha yüksəkdir.
Qadınlarda bu proses menopauzaya qədər normal davam edir, yəni qadın hormonları qadınları ürək-damar xəstəliyindən qoruyur. Amma bu dövrdən sonra qadınların da bu xəstəliyə tutulma riski artır və kişilərlə bərabərləşir. Lakin səbəb təkcə bu deyil. Son vaxtlar xüsusilə gənc xanımlar arasında siqaret çəkmək kimi pis vərdişlər xəstəliyin gəncləşməsinə səbəb olan amillərdən biridir.

Ancaq məsələ təkcə siqaretlə bitmir. Sənayeləşmənin gətirdiyi ziyan, yəni həyatımızın bir hissəsinə çevrilən hazır yeməklər, yağlı milli yeməklərimiz, zaman məhdudluğu, stress, gərgin iş qrafiki – bir sözlə bunların hamısı ürəyi sıradan çıxarır. Sağlam olmaq üçün cüzi dəyişikliklərlə ürəyinizi qoruya bilərsiniz. Siqaretdən əl çəkin. Hər gün ən az yarım saat sadə yürüş də olsa, fiziki aktivlik göstərin. Təəssüf ki, biz azərbaycanlılar mən də daxil olmaqla tənbəlik. (red.gülür)

– Süni ürək əməliyyatı Cənubi Qafqazda məhz Azərbaycanda keçirilib. Çünki Azərbaycanda hələlik ürək transplantasiyası olmayıb. Lakin bir çoxları süni ürək eşidəndə, ürəyin tamamilə çıxarıldığını və yerinə süni aparat qoyulduğunu təsəvvür edirlər. Bu əməliyyat haqda ətraflı məlumat verə bilərsinizmi?

– Süni ürək, yəni süni mühərrik deməkdir. Bu əməliyyatı ürək çatışmazlığının son həddinə gəlmiş xəstələrdə həyata keçiririk, yəni artıq heç bir başqa çarəsi olmayan şəxslərdə reallaşdırılır. Süni ürək bir mühərrik rolunu oynayır, yığılaraq bütün qanı bədənə vurma funksiyasını öz üzərinə götürür. Biz bir neçə ildir Mərkəzi Klinik Xəstəxanada bu proqram üzərində işləyirdik. Xarici ölkələrdə təkmilləşdirmə kurslarını keçdik. Bu ilin yanvar ayında ilk süni ürək əməliyyatını reallaşdırdıq. Həyatını bitirmək üzrə olan xəstəmiz artıq 5 aydır ailəsi ilə birlikdə yaşayır. Bu əməliyyatlar hazırda da davam etdirilir.

-Bəs bu cür ağır əməliyyatlar neçəyə başa gəlir? 

– Deyərdim ki, qiymətindən daha çox bu əməliyyatların Azərbaycanda keçirilməsi önəmlidir. Həm də azərbaycanlı həkimlər tərəfindən baş tutması önəmli məsələdir. Hər ölkənin səhiyyəsinin öz sistemi, öz göstəriciləri var. Bunlara baxanda, səhiyyənin göstəricilərini anlamaq olur. Onlardan biri də ölkədə hansı əməliyytların aparılması, hansının isə aparılmamasıdır. Bu, ölkə səhiyyəsi üçün çox önəmlidir.

– Təbii ki, bu sevindirci haldır. Amma istənilən halda hər bir vətəndaşa əməliyyatın neçəyə başa gəlməsi maraqlıdır. Çünki ölkədə belə xəstələrin sayı olduqca çoxdur. 

– Dünyanın hər yerində, qonşu ölkələr də daxil olmaqla bu cür əməliyyatlar bahalı əməliyyatlardır. Bu əməliyyatlarda bahalı materiallar, avadanlıq, personal, dərmanlar birlikdə əməliyyatı bahalı edir. Amma mən deyim ki, bu və eyni zamanda böyrək köçürmələri kimi əməliyyatlar qonşu ölkələrdən qat-qat ucuz başa gəlir.

– 40-50 min manatı ötər? 
– Bəli. Bizim əməliyyat zamanı istifadə etdiyimiz süni ürək aparatı Amerika şirkəti tərəfindən istehsal olunur.

– Ölkəmizdə bu cür unikal əməliyyatlar keçirilərkən niyə azərbaycanlılar hələ də xaricə axın edirlər? Çünki MDB məkanında transplantologiya sahəsində ilk əməliyyatı da birinci dəfə məhz bizim ölkədə azərbaycanlı həkimlər ediblər.

– Bizim ölkəmiz gənc ölkədir. Bu gənc ölkənin 20 ildə gördüyü işlərə baxanda, əslində çox böyük uğurları var. O cümlədən də səhiyyə sahəsində. Son 10 illə müqayisə edildikdə, hazırda Azərbaycan səhiyyəsinin çox irəli nöqtələrdə olduğunu deyə bilərik. Xəstlərin müraciətinə baxanda, Azərbaycan səhiyyəsi, həkimləri 10 il bundan qabaqkı səviyyədə deyil. Bəli, bu həqiqətdir ki, bəzi xəstələr müalicə üçün qonşu ölkələrə, daha uzağa da gedirlər. Amma 10 il əvvəllə müqayisə etdikdə, bu meyldə ciddi azalmanı müşahidə edirik. 12 il bundan qabaq mən işləyəndə, bizə inanmırdılar ki, gənc azərbaycanlı həkimlər ürək əməliyytlarını apara bilərlər. Bu açıq-aydın görünürdü. Amma 12 ildən indiyə baxanda ürək əməliyyatı üçün xaricə müraicət edənlər çox nadir xəstələr olur. Bu gün artıq respublikamızda Mərkəzi Klinik Xəstəxana da daxil olmaqla, digər tibb müəssisələrində də uğulu əməliyyatlar keçirilir.

Bundan başqa, Azərbaycanda yaşayan xarici vətəndaşlar da öz ölkələrinə getmirlər, ürək əməliyyatlarını burada edirlər. Məsələn, əməliyyat etdiyimiz xəstələr arasında ABŞ, İngiltərə, Şotlandiya, Almaniya, İtaliya, Rusiya, İran, Türkiyə, Hindistan, Belçika və İrlandiyadan olanlar var. Bu, son 10-12 ildə tendensiyanın tam tərsinə döndüyünü göstərir. Xəstə mobil bir məhfumdur, istədiyi yerə gedə bilər.

– Sizi Azərbaycana dəvət olunmusunuz? Harada işləyirdiniz? 
– Bəli, 2001-ci ildə Mərkəzi Klinik Xəstəxana açılanda, məni buraya dəvət ediblər. Bundan qabaq Türkiyənin İstanbul universitetində tibb fakültəsində təhsil almışam, ürək-damar cərrahiyəsi üzrə rezidentura keçmişəm. 2001-ci ildən dəvət olunmuşam və 2002-ci ildən burada çalışıram.

– Komandanız azərbaycanlı həkimlərdən ibarətdirmi? 
– Bəli, mən buraya gələndə, Mərkəzi Klinikada bütün ürək əməliyyatlarını türkiyəli həkimlərdən ibarət komanda həyata keçirirdi. Amma mən gələndən sonra bütün əməliyyatları azərbaycanlı həkimlərdən ibarət komanda reallaşdırmağa başladı. Bu gün ən mürəkkəb əməliyyatları azərbaycanlı kadrlar həyata keçirir.

– Belə görünür ki, təcrübəli həkimlər Bakıda toplaşıblar. Regionlarda bütün şəraiti olan tibbi müəssisələri təəssüf ki, boş qalıb. Rayon camaatı da müalicə üçün şəhərə axışır. 

– Bu həqiqətdir, amma biz tələsirik. Çünki tibbi kadrların hazırlanması ən azı 10-15 illik bir prosesdir. Məsələn, ürək-damar cərrahiyəsində diplom almaq üçün 6 il universiteti oxuduqdan sonra 5-6 il rezidentura keçmək lazımdır. Çox sevindirici haldır ki, bizdə də rezidenturaya qəbul başlayıb. Artıq azərbaycanlı tələbələr də universiteti bitirdikdən sonra mərkəzləşdirilmiş qaydada imtahana girirlər. 5-6 il sonra ixtisasa sahib ola bilirlər. Amma sovet dövründə 6 il universitet oxumalı idin, 1 il internatura keçdikdən sonra 7-ci ildə diplom verilirdi. Bu sistem özünü praktikada doğrultmadı. Ona görə də Azərbaycanda həm paytaxtda, həm də bölgələrdə tibb müəssisələrinin yeni savadlı personalla dolmasına zaman lazımdır. Gözləməliyik.

– İndi həkimlər mərkəzləşdirilmiş qaydada attestasiyadan keçirlər. İxtisas imtahanları verməli olurlar. Həmin həkimlərin arasında imtahan üçün kursa gedənləri də olub, imtahandan kəsilənləri də. Bəs bu vaxta qədər həmin həkimlər necə işləyiblər? 

– Attestasiyanın aparılmasına müsbət hal kimi baxıram. Bu işi təşkil etmək və aparmaq elə də asan iş deyil. Bu iş uğurla gedir. Təəssüf olsun ki, orada kəsilən və ya hazırlığa gedən həkimlər olub. Amma bu, müsbətə doğru atılan addımdır. Amma deyərdim ki, biz keçmişə deyil, gələcəyə baxmalıyıq.

– Hazırda tibb sahəsində ən aktual məsələlərdən biri də transplantasiyadır. Məsələn, böyrək transplantasiyası haqda Dövlət proqramı var, ancaq qaraciyər xəstələri ilə bağlı belə bir proqram hələ yoxdur. Ürək transplantasiyası sahəsində vəziyyət necədir? 

– Bəli, belə bir proqram mövcuddur və üzərində işlər gedir. Ümumiyytlə, transplantasiya olunması üçün cəmiyyətin ilk növbədə öndə gedən şəxsləri olmalıdır. İnsanların şüurunda inqilab etmək lazımdır. Bizim cəmiyyətin buna böyük ehtiyacı var. Məsələn, millət vəkili Qənirə Paşayevanın donor olması haqda vəsiyyətnaməsi bir çoxlarının gözlərini açdı. Hesab edirəm ki, üzdə olan insanlar, cəmiyyətdə statusu olan insanlar belə işlərin təbliğində öndə getməlidirlər.

– Mayın 17-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə III “Bakı ürək günləri” beynəlxalq konqresi keçirildi. Bunun davamı olacaqmı? 

– Həmin tədbirdə 38 ölkədən 100-dən çox kardioloq və kardiocərrah iştirak edirdi. Biz 4-cü tədbirimizi 2015-ci ilin may ayına planlaşdırmışıq. Bu dəfə daha çox xarici həkimlərin gəlməsini və irimiqyaslı tədbirin keçirilməsini düşünürük. Hətta ola bilər ki, canlı ürək əməliyyatı da keçirilsin.

ANS PRESS

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest