Cənubi Koreya səfəri haqqında təəssüratlarım

BLOQ, Manşet

2017-ci ilin 23-26 mart tarixlərində Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin növbəti konqresinə dəvət almışdım. Bu səbəblə Novruz həftəsini Cənubi Koreyanın paytaxtı Seulda keçirdim. Uşaqlıqdan şərq ölkələrinin hər zaman mənim üçün özünəməxsus cəlbediciliyi omuşdur. Əvvəllər Asiya ölkələrindən Yaponiyada olsam da Koreyanın yeri mənim üçün fərqli idi və  bu mənim Koreyaya ilk səfərim idi. Səfərimin əsas məqsədi Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin konqresində iştirak etmək, öz sahəmizdə son nailiyyətlərlə tanış olmaq, bir mənada özümü peşəkar olaraq həm də “update” etmək idi.  İkinci məqsədim isə öz klinikamızda həyata keçirdiyimiz əməliyyatların nəticələri ilə əlaqədar çıxış etmək idi. Uzun illərdir Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin Azərbaycandan olan yeganə üzvüyəm və bundan öncə dəfələrlə bu Cəmiyyətin müxtəlif ölkələrdə keçirdiyi konqreslərdə iştirak etmişəm.

Bu konqres hər zaman olduğu kimi həm təşkilatçılıq, həm də məzmun baxımından – tək kəlimə ilə – möhtəşəm oldu. Asiyanın Çin, Hindistan, Yaponiya kimi ölkələr də daxil olmaqla dünyanın bütün ölkələrinin aparıcı mütəxəssisləri konqresdə iştirak edirdilər. Belə ki, konqresin ilk günündə Amerika Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti ilə ortaq toplantı təşkil olunmuşdu. Bu toplantıda çıxış edənlər ABŞ-ın ən tanınmış ürək-damar cərrahları idi. Gün ərzində ürək cərrahiyyəsinin ən mübahisəli məsələlələrinə aktual yanaşma müzakirə edildi. Ürək cərrahiyyəsində gələcək trendləri ABŞ-lı mütəxəssislərdən dinləmək mənim üçün çox maraqlı oldu, çünki bu sahədə gələcək trendlər məhz Amerika Birləşmiş Ştatlarında müəyyən olunur.

Digər günlərdə isə Koreyanın özü başda olmaqla bütün ölkələrdən gələn cərrahlar öz nəticələrini nümayiş etdirdi. Bunu da qeyd edim ki, bu konqresin Prezidenti olan koreyalı dostumuz, professor doktor Hyug Ahn tərəfindən Koreyada üərk cərrahiyyəsi mövzusunda edilən çıxış mənə çox müsbət təsir etdi.

Koreya müharibəsindən sonra Cənubi Koreyada ürək cərrahiyyəsinin inkişafı bir mütəxəssis kimi məni valeh etdi. Və burada mən özüm və ölkəmiz üçün də müəyyən nəticələr çıxardım. Son 15 ildə ölkəmizin ürək-damar cərrahiyyəsindəki keçdiyi inkişaf yolu Koreyanın keçdiyi inkişaf yolu ilə bir parallellik təşkil edir və mən deyərdim ki, bizdə inkişaf daha sürətli gedir.

Mənim üçün əlamətdar olan hadisələrdən biri də məhz öz nəticələrim haqqında etdiyim təqdimat idi. Aortal qapağın təmiri ilə əlaqədar olan təqdimatım həm Asiyadan, həm də Avropa ölkələri və ABŞ-dan olan qonaqların diqqətini çəkdi və əcnəbi  həmkarlarımla bu barədə ciddi müzakirələrimiz oldu.

Sevindirici haldır ki, etdiyim təqdimat yüzlərlə təqdimat arasından seçilərək mükafata layiq görülənlərdən biri oldu. Təqdimatımızın mükafata layiq görülməsi ölkəmizin ürək-damar cərrahiyyəsi adına məni sevindirdi və qürurlandırdı.

Koreya haqqında ümumi təssüratlarım

Yuxarıda da qeyd etdiyim kimi, Uzaq Şərq ölkələri mənə daim maraqlı olub və mən konqres günləri xaricində də orada zaman keçirdim. Xaricə olan işgüzar səfərlərimə bəzən ailəmlə bərabər gedirəm ki, peşəmə zaman ayırmaqla bərabər  həm də ailəmlə zaman keçirim və bərabər istirahət edək.

Seulun tarixi məkanlarını, ibadət yerlərini ziyarət etdim, tarixi Seuldan qalmış kiçik məhəllələr mənə Bakımızın “İçəri Şəhər”-ini xatırlatdı.

Koreyalıların milli adət-ənənələrindən mənim ən çox diqqətimi çəkən onların təvazkarlığı oldu. Həm bir-birilərinə qarşı, həm şəhərin qonaqlarına qarşı təvazökar, qonaqpərvər və mehriban yanaşmaları vardı.

Koreya mətbəxi bizim mətbəxdən çox fərqlənsə də, dəniz məhsullarını çox sevdiyimə görə onların mətbəxini də sevdim.

Seulu gəzərkən mənim üçün ən maraqlı olan məqamlardan biri onların milli geyimlərini geyindiyimiz məkan oldu.

Bu məkanda koreyalılar Seulun qonaqlarına milli geyimlərini geyindirirlər və bu, bütün turistlər kimi bizim də marağımıza səbəb oldu. Məlum oldu ki, xüsusilə koreyalı gənclər bu milli formanı geyinib şəhərin gözəl yerlərində özləri də fotolarını çəkdirirlər.

Seulun bu qədər dərin adət-ənənələrini qorumaqla bərabər, həm də çox müasir sənaye şəhəri olduğu hiss olunur. Çox sayda göydələnlərin, ticarət və iş mərkəzlərinin olması Seulun inkişaf etmiş Qərb şəhərlərindən birinə çevrildiyinin göstəricisidir.

Koreya səfərim mənə bir daha sübut etdi ki, çox gəzən çox bilərmiş . Bu səyahətimdə peşəkar cəhətdən özümü karlı və “update” olunmuş hesab edirəm, çünki yeni və çox vacib mövzuları öyrənimiş olaraq geri döndüm. Eyni zamanda fərqli mədəniyyətlə tanış olmanın insanın vizyonuna və dünyagörüşünə müsbət təsirini hiss etdim.

 

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest