“Cərrahın təcrübəsi artdıqca həyəcanı azalır” – Gör-götür

Manşet, Müsahibələr

Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev: “Əgər xəstə həkimə inanırsa, arada qarşılıqlı duyğu körpüsü yaranırsa, ən ağır əməliyyatların nəticəsi də mükəmməl olur”

Onun ölkəmizə gəlişi ilə müasir ürək-damar cərrahiyyəsi respublikamızda inkişaf etməyə başladı və ürək-damar xəstəliklərindən əziyyət çəkən həmyerlilərimizin xarici ölkələrə axını kəskin şəkildə azaldı. Azərbaycanda fəaliyyət göstərdiyi 15 il ərzində 11 mindən çox ürək-damar cərrahi əməliyyatı həyata keçirib. Bunların 60-65 faizi aorta-koronar şuntlama əməliyyatı olub. Ölkəmizdə ilk dəfə süni ürək köçürülməsi əməliyyatı da onun adı ilə bağlıdır.

Müsahibimiz Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Amerika Birləşmiş Ştatları və Avropa Ürək-Damar Cərrahiyyəsi cəmiyyətlərinin aktiv üzvü, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri doktoru, əməkdar həkim Kamran Musayevdir.

– Orta məktəbi qızıl medalla bitirmisiniz, Azərbaycan Tibb Universitetində oxuyarkən müsabiqə yolu ilə seçilib Türkiyədə təhsilinizi davam etməyə göndərilmisiniz. Azərbaycanda insanların ürəklərini etibar etdiyi barmaqla sayılacaq həkimlərdənsiniz. Yaxşı mənada seçilmək necə bir hissdir?

– Açığı, orta məktəbdə oxuyarkən də hər zaman əlaçı uşaqlardan biri olmuşam. Uşaq vaxtı seçilmək xoşuma gəlirdi. Bakıda orta məktəbi qızıl medalla bitirdim. Bu, həm mənim, həm də ailəm üçün böyük qürur idi. O zamanlar orta məktəbi qızıl medalla bitirənlər ali məktəbə bir imthanla qəbul olurdu. Mən də 1990-cı ildə yalnız biologiyadan imtahan verməklə Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul oldum. O imtahan mənim üçün unudulmuz idi. Çünki günorta təxminən 12-də başlayan imtahan axşam saat 8-də bitdi. Biologiyadan “5” almalıydım ki, istədiyim universitetə qəbul olum. İsrarla “5” istədiyimi deyirdim. Axırda universitetin rektoru şəxsən özü gəldi və bir sual verdikdən sonra mənə “5” yazdılar. Beləliklə, Tibb Universitetinə qəbul oldum. Uşaqlıqdan arzum Türkiyədə təhsil almaq idi. Bu da reallaşdı. İkinci kursda oxuyanda Azərbaycan Tibb Universiteti ilə İstanbul Universiteti arasındakı müqaviləyə əsasən, 40-dan çox əlaçı tələbənin arasından seçilmiş 10 tələbə tibb təhsillərini davam etdirmək üçün İstanbul Universitetinə göndərildi. Mən də 10 nəfərin içərisindəydim.
Şübhəsiz, həmişə birinci olmaq istəmişəm. Bu, hər kəsin zövqünü oxşayan bir hissdir. Sadəcə, birinci olmaq xatirinə nə isə etmək doğru deyil. Xüsusilə bir az yaşa dolandan, həyat təcrübəsi artandan sonra başa düşürsən ki, həyatda seçilməkdən daha vacib ortaya özün, ətrafın, millətin, dövlətin və insanlıq üçün iş qoymaqdır. Məni ən çox bu, xoşbəxt edir.

– Həkim olmağınıza nə, yaxud kim səbəb oldu?

– Həkim olmağımın ən böyük səbəbkarı əmimdir. Müalicə etdiyi insanların əmimə necə hörmətlə yanaşdığını görmək mənə təsir edirdi, əmim mənim üçün ideal idi. Mən də onun kimi olmaq istəyirdim. 5-6-cı siniflərdə məndən kim olacağımı soruşanda, “cərrah”,- deyə cavab verirdim.

– 36 yaşınızda ölkənin ən sayılıb-seçilən klinikalarından birinə baş həkim təyin olunmusunuz. Vəzifə sizin üçün nə dərəcədə vacibdir?

– Türkiyədə təhsilimi bitirib, 2001-2002–ci illərdə Azərbaycana qayıdanda 28-29 yaşım var idi. O zaman ürək-damar cərrahiyyəsi üçün tələb olunan müasir avadanlıqlar, cihazlar, infrastruktur sadəcə, Mərkəzi Klinikada mövcud idi. Bu səbəbdən sözügedən klinikada işə başladım, özü də şöbə müdiri kimi. Açığı, bu, mənim üçün böyük məsuliyyət idi. Bir azərbaycanlı kimi mənim çiyinlərimdə bu şöbəni qurmaq, yaratmaq kimi bir məsuliyyət var idi və o dövrdə Mərkəzi Klinikada ürək-damar əməliyyatları üçün cərrahlar, tibb bacıları, texniki işçilər – böyük briqada Türkiyədən gəlir, əməliyyatları icra edib qayıdırdılar. Mən bura gələndən çox qısa müddət sonra bu kadrları yerli kadrlarla əvəzlədik. Məncə, bu bizim adımıza, ölkəmiz adına böyük uğurdur. Şöbə müdiri işlədikdən bir müddət sonra tibbi işlər üzrə direktor müavini, daha sonra baş həkim vəzifəsinə təyin edildim. Açığı, mən vəzifəyə xüsusi bir məna yükləmirəm, sadəcə, gündəlik işimin bir hissəsi kimi baxıram. Mənim üçün vacib, dəyərli olan cərrahlıq fəaliyyətimdir ki, onu heç nəyə dəyişmərəm.

– Həkim, indiyədək on bir mindən çox əməliyyata girmisiniz. Adam bir işi çox görəndə onun üçün adiləşir, vərdişə çevrilir. Sizin üçün əməliyyata girmək adiləşib, yoxsa yenə ilk vaxtlardakı kimi həyəcan keçirirsiniz?

– Bütün səmimiyyətimlə deyim ki, bu gün girdiyim əməliyyatda ilk əməliyyat zamanı keçirdiyim həyəcanı yaşamasam da, ilk əməliyyatdakı məsuliyyəti hiss edirəm. Cərrahın təcrübəsi artdıqca həyəcan azalır. Çünki artıq qarşılaşa biləcəyiniz problemləri necə həll edəcəyinizi bilirsiniz. Təcrübəniz sizdə özünə güvən yaradır. Təcrübə olmadan özünə güvənmək bir az təhlükəli məsələdir. Amma təcrübənin verdiyi özgüvən həyəcanı azaldır. Məsuliyyət isə eyni olaraq qalır. Təbii ki, nəticədə siz bir insanın həyatını qurtarmalısınız. Ürək əməliyyatlarında ən kiçik bir səhv xəstənin həyatının itirilməsinə gətirib çıxara bilər. Buna görə, ilk əməliyyata girdiyim zaman daşıdığım məsuliyyəti indi də daşıyıram. Əməliyyat otağına girəndə düşünürəm ki, əməliyyatxananın qapısında xəstənin ailəsi məni gözləyir. Əməliyyatı bitirdikdən sonra gülər üzlə çıxıb ailəyə əməliyyatın uğurla keçdiyini, hər şeyin qaydasında olduğunu demək istəyirəm. Bu məsuliyyət hər zaman insanı fərqli edir. Buna görə də mən əməliyyatxanada tamamilə fərqli biri oluram. Amma əməliyyat uğurla bitib, xəstənin ailəsinə məlumat verəndən sonra artıq o məsuliyyət çox gözəl bir zövq və yaxşı bir duyğuya çevrilir. Əməliyyatxana mənim üçün müqəddəs yerdir. Mən o qapıdan içəri girəndə həyatdakından tamamilə fərqli bir Kamran oluram.

– Ürək əməliyyatı riskli əməliyyatdır, incəlik tələb edir, kiçicik bir səhv ölüm deməkdir. 11 mindən çox əməliyyata girmisiniz, bunların da 60-65 faizi aorta koronar şuntlama əməliyyatıdır. Təbiidir ki, bu əməliyyatlar içərisində ölümlə nəticələnəni də olub. Bu zaman hansı hisslər keçirmisiniz?

– Bu gün dünyada ürək-damar cərrahiyyəsində risk 1-2 faizdir. Yəni, biz bu əməliyyatları 98-99 faiz uğurla icra edirik. Ən çox etdiyimiz əməliyyat koronar şuntlama əməliyyatıdır ki, bu əməliyyatlarda uğur faizimiz 2015-ci ildə 99.1 faiz olub. Bu rəqəm Amerika Birləşmiş Ştatlarının məşhur Klivlend Klinikasının nəticələri ilə eynidir. Sözügedən əməliyyatdan çıxan xəstələrimizn hamısı sağlam və gümrah şəkildə aktiv həyatlarına davam edirlər.

Ümumiyyətlə, beynəlxalq standartlara uyğun olaraq, əməliyyatdan öncə xəstənin ailəsinə, bəzən özünə də riskin olduğunu mütləq bildiririk. Bizim dediklərimizi qəbul edən xəstəni əməliyyat edirik. Buna görə belə hadisələrlə qarşılaşanda xəstələrin ailələri bizi anlayışla qarşılayırlar. Əvvəlcədən şifahi və yazılı olaraq, xəstəni, xəstənin yaxınlarını məlumatlandırırıq.

– Bir həkim müsahibim deyirdi ki, “xəstəni sevməsəm, onu müalicə edə bilmərəm”. Sizdə necədir, sevə bilmədiyiniz xəstəni əməliyyata götürürsünüz?

– Xəstə ilə həkim arasında sevgidən daha çox inam körpüsü yaranmalıdır. Xəstə həkimə, həkim də xəstəyə inanmalıdır. Xəstə mənim qarşımda oturanda içimdə belə bir hiss yaranır ki, mən bu xəstəni əməliyyat edib həyata qaytara bilərəm. Bu inam həkimdə olmalıdır. Həmçinin xəstə də həkimə inanmalıdır. Qeyd edim ki, bir neçə gün əvvəl xəstələrdən birini əməliyyat etməkdən imtina etdim. Bunu özünə dedim və bildirdim ki, “sizin həkimlərə qarşı inamsızlığınız var, mənə də inanmırsınız. Nə qədər subyektiv də olsa, öz müşahidələrimdən bilirəm ki, sizin kimi həkimə inanmayan, həkimi sevməyən xəstələrdə mütləq problem yaranır. Mində bir baş verə biləcək problemlər sizin kimi xəstələrdə rast gəlinir”. Öz müşahidələrimdə görmüşəm ki, əgər xəstə həkimə inanırsa, arada qarşılıqlı müsbət duyğu körpüsü yaranırsa, sizi əmin edirəm ki, ən ağır əməliyyatların nəticəsi də mükəmməl olur və xəstə sağlamlığına tam qovuşur.

– Minlərlə xəstəni əməliyyat etmisiniz. Yaddaşınızda xüsusi qalan xəstə varmı?

– Ürəyində nadir problemi olan xəstələr yadımda daha çox qalır. Ən çox yadda qalan xəstələrimdən biri ölkəmizdə ilk dəfə süni ürək köçürdüyümüz xəstədir. 3 il bundan əvvəl gerçəkləşən bu əməliyyatdan sonra sözügedən xəstəmiz ailəsi ilə birlikdə mütəmadi olaraq yoxlamaya gəlib-gedir. Onlarla qarşılaşanda 3 il bundan əvvəlki ağır günləri xoş xatirə kimi yada salırıq. Həmin xəstə deyir ki, “mən indi 3 yaşımdayam”. Mənim üçün xoşdur ki, onun övladları universitetə qəbul oldu və ataları onların yanındadır, yaşayır, işləyir. Bu, həkimliyin ən gözəl tərəfidir.
Əməliyyat etdiyim xarici ölkələrin vətəndaşları da yadımda qalır. Bunların arasında ABŞ, İngiltərə, Almaniya, Pakistan, Hindistan, Türkiyə, İran, MDB ölkələrində olan xəstələrimi yaxşı xatırlayıram.

– Həkim, doğrudanmı, hər şeyi ürəyinə salan adamın ürəyi əvvəl-axır ağrıyr? Bu deyimdə bir həqiqət yükü var?

– Bu deyim bu gün elmi mənada isbat olunmasa da, ürək xəstəliklərinin yaranmasında və inkişaf etməsində stress faktorunun rolu var. Xüsusilə şəhərləşmənin artdığı müasir dövrdə dünyanın bütün ölkələrində, həmçinin bizdə də stress faktoru olmadan həyatı təsəvvür etmək mümkün deyil. Bu baxımdan, hər şeyi ürəyə salmanın birbaşa olmasa da, ürək xəstəliklərinin yaranmasında dolayısıyla rolu var.

– Sizcə, niyə insan orqanları içərisində ürəklə bağlı el arasında yayılan ifadələr, deyimlər daha çoxdur. “Ürəkli ol”, “ürəksiz adam”, “bir işi ürəkdən gör”, “ürəkdən sev”, “ürəyimdən keçdi” və s. Bu, ürəyin çox vacib orqan olduğunu göstərir, yoxsa başqa bir səbəb var?

– İnsan oğlu yarandığı dövrdən etibarən sol tərəfində bir döyünən orqan olduğunu hiss edir. İnsanın anatomiyası öyrənilməyə başlayandan təsdiqlənib ki, insan ürəyi orqanizmin mərkəzi orqanıdır. Çünki insanın yaşaması və ölməsi birbaşa ürəklə bağlıdır. Ürəyiniz döyünürsə, demək yaşayırsınız, dayanırsa, demək ölmüsünüz. Bu dərəcədə həyati mahiyyətli mərkəzi bir orqan olduğuna görə bu deyimlər min illərdən bu günümüzə qədər gəlir və əsası da odur ki, ürək insan orqanizminin mərkəzi orqanıdır. Digər orqanlarınız olmadan siz ölü qəbul edilmirsiniz. Ürək dayananda xəstənin bioloji ölümü təsdiqlənir. Hesabatlarımızda da o şəkildə yazırıq. Amma ürək dayanmadığı müddətcə, biz tibbi sənədlərə “ölüm” yaza bilmirik.

– Ürək cərrahının özünün ürəklə bağlı hər hansı problemi olmayıb ki?

– Xeyr, olmayıb. Siz həkimsinizsə, ürək-damar cərrahısınızsa, bu işi dünya standartlarına uyğun görmək məcburiyyətindəsiniz. Daha vacib olan ikinci məqam isə etdiklərinizlə insanlara, ən başlıcası isə, öz xəstələrinizə nümunə olmalısınız. Xəyalınıza gətirin ki, əlində siqaret, yaxud stolunun üstündə dolu külqabı olan həkim xəstəyə siqaretin zərərlərindən danışır. Bu, nə dərəcədə inandırıcı olar? Biz xəstələrə deyirik ki, ürəyinizin sağlamlığını qorumaq üçün arıqlamalısınız. 2-3 il bundan əvvələ qədər mənim də çəkim az deyildi. Xəstələrimə arıqlamalarının vacib olması ilə bağlı məsləhətələrimi verəndə hiss edirdim ki, onlar mənim özümə baxırlar. Bir ara onlarla zarafat etməyə başladım ki, həkimlərin etdiklərini etməyin, onların dediklərini edin. Amma xəstələrin diqqətli baxışları mənə çox pis təsir edirdi. Biz həkimlər, həm özümüz üçün, həm də xəstələrimizə və cəmiyyətimizə nümunə olmaq üçün sağlam həyat tərzinə keçməliyik. Artıq çəkilərdən qurtuldum. Müntəzəm idmana başladım, hər gün minimum 7 saat yatıram, qidalanmamda da son 3-4 ildə ciddi, Azərbaycan mətbəxini çox sevən birisi üçün radikal dəyişikliklər etmişəm. Mal və qoyun ətini həftədə bir, maksimum iki dəfə yeyirəm. Çörəkdən demək olar, istifadə etmirəm. Yağlı qidalardan, xüsusilə heyvan mənşəli yağlardan hazırlanmış qidalardan mümkün olduğu qədər uzaq dururam. Kərə yağından həftədə 1 və ya 2 dəfə səhər yeməyi zamanı istifadə edirəm. 3-4 il bundan qabaq axşam yeməyini yemədən yaşaya biləcəyimi düşünə bilməzdim. İndi axşam yeməklərini ciddi şəkildə azaltmışam. Ən çox sevdiyim yeməkləri artıq həftədə bir dəfə, bəzilərini ayda bir dəfə yeyirəm. Bu şəkildə sağlam həyat tərzi sürməyə çalışıram – dediyim kimi, ən başda özüm üçün, sonra da xəstələrimə və cəmiyyətimizə nümunə olmaq üçün.

Lalə MUSAQIZI

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest