Cərrah olmaq uşaqlıq arzum idi…

Manşet, Müsahibələr

Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz ürəyini etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət  Azərbaycanın ilk ürək cərrahı, Azərbaycan  Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, əməkdar həkim, tibb elmləri namizədi Kamran Kazım oğlu Musayevdən gedir. İstedadlı olduğu qədər də sadə insan olan Kamran həkimlə söhbətimizi sizə təqdim edirik.

– Niyə məhz ürək, doktor? Həddən artıq məsuliyyətli deyilmi…

– Cərrah olmaq uşaqlıq arzum idi. Orta məktəbdə oxuduğum zamanlar gələcəkdə kim olmaq istədiyimi soruşanda həkim yox, məhz cərrah olmaq istədiyimi söyləyirdim.  Tibb İnstitutuna  qəbul olub sonradan təhsilimi Türkiyədə davam etdirərkən  cərrahiyyənin hansı sahəsini seçəcəyimi düşünəndə beyin və ürək cərrahiyyəsi arasında tərəddüd edirdim. Bu sahələrdən hansınınsa bir nailiyyətini eşidəndə qərarım bir qədər o tərəfə meyillənirdi. Nəhayət, tibb fakültəsinin 6-cı kursunda  tərəddüdümə son qoyuldu və mən ürək cərrahı olmağı seçdim. Və bu gün qərarımdan məmnunam.

– Siz Türkiyədə təhsil almısınız və ilk həkim fəaliyyətinə orada başlamısınız. Uğurlarınız da olub. Müəllimlərinizin dediyinə görə, Türkiyədə məşhur cərrah ola bilərdiniz. Nə gətirdi sizi Azərbaycana?

– Məni və o zamanlar mənim kimi Türkiyədə təhsil alan onlarca azərbaycanlını Azərbaycana elə Azərbaycanın özü gətirdi. Biz bu torpağın övladıyıq. Mən qardaş ölkədə oxuduğum zamanlarda da, İstanbulun ən böyük ürək mərkəzlərindən biri olan Florance Nightingale xəstəxanasında işləyərkən də mütləq bir gün Vətənə dönüb ona xidmət etmək arzusuyla yaşayırdım.  Və ona görə  də ilk fürsət düşən kimi mən Azərbaycana qayıtdım. Bildiyiniz kimi, o zaman Mərkəzi Klinika respublikamızda mənim müasir səviyyədə  ürək-damar cərrahiyyəsini icra edə biləcəyim  ilk tibb ocağı idi. O, 2001-ci ildə fəaliyyətə başladıqda   mən   acılışda  iştirak etdim və  2002-ci ildən də tamamilə buranın ştatlı işcisi olaraq calışıram.

– Gəldiniz və  Azərbaycan səhiyyəsində ürək-damar cərrahiyyəsi sahəsində yeni çığır açdınız. Başlamaq çətin olmadı ki?

– Əgər həyatda qarşısına  bir amal qoyub onun ugrunda calışa bilirsə,  məncə, insan üçün çətin heç nə  yoxdur. Yəni əsas odur ki, qarşına  bir hədəf qoyub  öz gücünə  inanaraq çalışasan. Bir gün mütləq qarşılığını alacaqsan. Təbii ki, ilk illərdə cətinliklər oldu. Bilirsiniz, o zamanlar ölkəmizdə  bu işlər yeni- yeni başlayırdı . Ən böyük   çətinliyimiz isə insanlarımızı  Azərbaycanda ürək-damar cərrahiyyəsinin mümkünlüyünə inandırmaq  oldu.

– Bu gün ürək-damar cərrahiyyəsi sahəsində ölkəmizdə böyük irəliləyiş olduğu danılmazdır. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin  rəhbəri kimi bu uğurlar sizi qane edirmi? Yoxsa hələ görüləçək işlər çoxdur?

– Əgər 10-12 il bundan əvvəllə bu günümüzü müqayisə etsək, aradakı fərqi sözlə ifadə etmək mümkün deyil.  O zamanlar Azərbaycanda ürək-damar cərrahiyyəsi, demək olar ki, icra olunmurdu. Amma bu gün 2013-cü ildə artıq Mərkəzi Klinika başda olmaq şərtilə respublikamızdakı bir sıra tibb müəssisələrində  bu əməliyyatlar  standartlaşmış bir iş kimi icra olunur.  Digər sevindirici tərəfi də budur ki, bu əməliyyatlar  azərbaycanlı kadrlar tərəfindən həyata keçirilir. Həm də yalnız həkimlər, cərrahlar deyil, onların yanında çalışan  digər personal, texniki heyət də  artıq ixtisaslaşmış azərbaycanlı  kadrlardır. Bu gün Azərbaycanda minlərlə ürək-damar əməliyyatı  həyata keçirilir. Bu isə  o deməkdir ki, bu əməliyyatların sayəsində minlərlə insan yaşamağa davam edir.

– İstərdim ki, bir qədər də Ürək və Damar Cərrahiyyəsi  Cəmiyyəti barədə oxucularımıza məlumat verəsiniz. Hansı zərurətdən yarandı bu cəmiyyət? 

– Azərbaycana gəlib bu işləri başlayanda biz üzərimizə götürdüyümüz missiyanın fərqindəydik və  işimizın sadəcə cərrahiyyədən  ibarət olmadığını bilirdik.  Bu işin ölkə səviyyəsində yayılması üçün mütləq ürək-damar cərrahlarının bir cəmiyyətinin olması gərəkdi. Çünki tibbin bu sahəsinin inkişaf etdiyi xarici ölkələrdə də bu ənənə var. Buna görə də 2004-cü ildə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətini qurduq və o bu günə kimi fəaliyyət göstərir.  Cəmiyyəti qurmaqda ən böyük məqsədlərimizdən biri də xalqımızın bu sahədə  maarifləndirilməsidir.  Maarifləndirmə nəticəsində  insanların özlərinin aparacağı  bəzi profilaktik tədbirlər sayəsində digər xəstəliklər kimi ürək-damar xəstəliklərinin də qarşısını  almaq, illərlə gecikdirmək mümkün olur və bizim cəmiyyətimizin də əsas fəaliyyət istiqamətlərindən biri budur. Bunun üçün cəmiyyətimiz çoxsaylı tədbirlər həyata keçirir.

– Tədbirdən söz düşmüşkən, bu günlərdə cəmiyyət “Bakı ürək günləri” 3-cü Beynəlxalq Konqresini keçirəcək. Nədir bu konqresin məqsədi, məramı? 

– Cəmiyyət yeni yaranan zamanlarda biz  tədbirlərimizi  Mərkəzi Klinikada daha kicik ölçülü toplantılarla, seminarlarla, konfranslarla başladıq.  2009-cu ilin may ayında isə ilk dəfə olaraq “Bakı ürək günləri” adlı geniş  beynəlxalq konqresi gerçəkləşdirməyə nail olduq. O zamandan etibarən hər iki ildə bir dəfə may ayında bu konqresi keçirməyi planlaşdırmışıq. Konqresin  may ayına təsadüf etməsinin səbəbi isə ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr edilməsidir.

Bu konqres  artıq beynəlxalq aləmdə də öz təsdiqini tapmış və qəbul edilmiş tədbirdir.  Ötən illərdə olduğu kimi, bu il də konqresdə bir çox mötəbər qonağın iştirakı gözlənilir. Builki  “Bakı ürək günləri”ndə  38 xarici ölkədən 100-dən artıq mütəxəssis iştirak edəcək. Bunların arasında   ABŞ, Çin, Kanada, Rusiya, Türkiyə, Hindistan, Cənubi Koreya kimi ölkələrin aparıcı mütəxəssisləri, professorları, urək-damar cərrahiyyəsi cəmiyyətlərinin rəhbərləri də var. Hesab edirəm ki, Azərbaycan kardiologiyasında da, kardiocərrahiyyəsində də  bu konqresin böyük rolu olacaq.  Bu insanların Azərbaycana gəlməsinin, azərbaycanlı həmkarlarımızla  görüşünün, bilik və təcrübə mübadilələrinin aparılmasının hamımız üçün cox faydalı olacağını düşünürəm.

– Bu ilin yanvar ayında daha bir ilkə imza atdınız və Azərbaycanda ilk dəfə süni ürək köçürmə əməliyyatı həyata keçirdiniz. Xəstəniz özünü necə hiss edir? Ümumiyyətlə, bu əməliyyat barədə danışsanız yəqin ki, oxucularımız üçün maraqlı olardı.

– Bəli, yanvar ayında biz respublikamızda ilk dəfə süni ürək köçürülməsi əməliyyatını həyata keçirdik. Əməliyyat 44 yaşlı Balakən sakini üzərində aparıldı və uğurlu oldu. Kəskin ürək çatışmazlığından əziyyət çəkən xəstənin vəziyyəti çox ağır idi, o, demək olar ki, həyatını itirmək üzrə idi. Biz uzun müddət apardığımız hazırlıq işləri  nəticəsində bu xəstəyə süni ürək koçürdük. Artıq 4 aya yaxındır ki, bu xəstəmiz süni ürəklə yaşayır.

– Ölkəmizdə süni ürəyə ehtiyaçı olan xəstələr çoxdurmu?

– Təəssüf ki, Azərbaycanda ürək çatışmazlığı çox  geniş yayılmış xəstəlikdir. Və bəla burasındadır ki, bu xəstələrin əksəriyyəti xəstəliyin ən ağır mərhələsində həkimə müraciət edirlər. Bu halda isə xəstələrə süni ürək köçürülməsi və ya donor ürək köçürülməsi yeganə alternativdir.

– Süni ürək koçürüldükdən sonra xəstə normal həyat tərzinə qayıda bilirmi, yoxsa məhdudlaşdırıcı nələrsə olur?

– Süni ürək köçürülən xəstələrin digər insanlardan yeganə fərqi onun ürəyinin funksiyalarını süni  cihazın yerinə yetirməsidir, qalan bütün fizioloji göstəricilər başqa insanlardakı kimidir. Bizim Balakən rayonundan olan  xəstəmiz artıq xeyli vaxtdır ki  öz normal həyatını yaşayır. Hətta bizdən xəbərsiz əmək fəaliyyətinə başladığını da eşitdik və həkimləri olaraq özümüz buna icazə verdik. Bu gün  süni ürək aparatlarının xüsusən də inkişaf etmiş ölkələrdə geniş yayılmasının səbəbi odur ki, bu işin texnologiyası çox inkişaf edib. Və artıq 300-400 qram ağırlığında bir nasos yerləşdirməklə  insanları üzün müddət yaşatmaq mümkündür. Bu  müddət  artıq 10 ilə yaxşınlaşıb. Bu isə  o deməkdir ki, donor ürəyi köçürülən xəstələrlə eyni nəticəyə yaxınlaşır.

– Müsahibələrinizin birində donor ürək transplantasiyasını həyata keçirmək üçün respublikamızda hüquqi baza olmadığını demişdiniz. Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən buna nail olmaq üçün hansı işlər görülüb?

– Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti, əlbəttə ki, bu yöndə müəyyən  işlər görür. Lakin bu, həm də ictimaiyyətin  məsələsidir və onun üzərinə müəyyən öhdəliklər qoyur.  Biz azərbaycanlılar olaraq  bu işə hazır olmalıyıq. Burada  əsas vəzifə isə media nümayəndələrinin üzərinə düşür.  Xəstəyə  orqan köcürülməsi üçün donora ehtiyac var. Bizim hələ ki, orqan istehsal edəcək laboratoriyamız yoxdur. Kimsə öz orqanlarını bağışlamalıdır ki, biz onu xəstəyə köçürə bilək.  Bildiyiniz kimi, bu yaxınlarda çox müsbət bir hadisə oldu. Hörmətli millət vəkilimiz Qənirə Paşayeva öz orqanlarını bağışladı. Cəmiyyətdə Qənirə xanımın bu hərəkəti cox müsbət qarşılandı. Mən ümid edirəm ki, millət vəkilinin bu təşəbbüsü hər kəsə örnək olacaq.

– Heç uğursuz əməliyyatınız olubmu? Məsələn, sizə “kaş ki, cərrah olmazdım” hissini yaşadan  bir əməliyyat.

– Xeyr, elə bir əməliyyatım olmayıb, çox şükür.

– İlk əməliyyatınızı necə xatırlayırsınız? Maraq üstün idi, yoxsa qorxu?

– Maraq. Ümumiyyətlə,  indiyədək apardığım 8 min əməliyyatın heç birində qorxu hissi yaşamamışam.  Bir qədər həyəcanlandığım əməliyyatlar olub, ancaq qorxu olmayıb.  Butün əməliyyatlarım mənim ücün cox maraqlı olub.

– Vikipediyanızda daim gənc mütəxəssislərə dəstək olduğunuz yazılıb. Coxdurmu dəstək olduğunuz gənclər? Ürəyinizi onlardan hansınasa etibar edərsinizmi?

– Həm Mərkəzi Klinikada, həm respublikamızdakı digər tibb oçaqlarında çalışan gənc mütəxəssislərə, həm də xaricdə təhsilini davam etdirmək istəyən tələbələrə əlimdən gəldiyi qədər yardım etməyə çalışıram. Təxminən 10 il bundan əvvəl Mərkəzi Klinikada ürək əməliyyatları aparılarkən Türkiyədən 10-15 nəfərlik tibbi briqada gəlirdi və əməliyyat onların iştirakı ilə gerçəkləşirdi. Amma  bu gün Mərkəzi Klinikada   yetişdirdiyimiz 4 nəfər gənc azərbaycanlı cərrahımız artıq mənimlə  çiyin -çiyinə əməliyyat aparırlar. Vüqar Qapaqov, Ramil Əliyev, Firuz Kazımov, Rafiq İbrahimov  bilavasitə Mərkəzi Klinikada yetişdirdiyimiz və artıq mənimlə birlikdə əməliyyat aparan həmkarlarımdır  və mən rahatlıqla ürəyimi onlara əmanət eləyə bilərəm.

– Son vaxtlar özəl klinikalar xarici mütəxəssisləri tez-tez ölkəmizə dəvət edirlər və nədənsə insanlarımız bu həkimlərə daha çox etimad göstərirlər. Eyni zamanda, xəstələrin  xarici ölkələrdəki klinikalara üz tutmaları da, demək olar ki, dəb halını alıb. Həqiqətənmi bizim həkimlər əcnəbilərdən geri qalırlar, yoxsa bu, daha çox psixoloji məqamlarla bağlıdır?

– Bəlkə bu məsələnin 10-15 il qabaq obyektiv səbəbindən danışmaq olardı. Amma bu gün 2013-cü ildə mən bütün səmimiyyətimlə deyə bilərəm ki, bunun əsasında daha çox psixoloji amillər durur. Mən bunu  öz təcrübəmizdən də bilirəm. Bizim Azərbayçanda ürək əməliyyatlarına başladığımız ilk zamanlarda həmvətənlərimiz  bir ürək əməliyyatının Azərbaycanda gerçəkləşə biləcəyinə, hələ gənc bir azərbaycanlı cərrah tərəfindən aparıla biləcəyinə  inanmırdılar. Amma artıq o dövr geridə qalıb və bu gün ürək-damar əməliyyatlarına ehtiyacı olan bütün  həmvətənlərimiz arxayınlıqla gəlib Mərkəzi Klinikada əməliyyat olunurlar. Nəinki həmvətənlərimiz,  xarici ölkələrdən, kecmiş sovet respublikalarından müraciət edənlər var.

– Həkimlərimizə olan etimadı bərpa etmək üçün sizcə nə etmək lazımdır?

– Biz özümüzün marketinqimizi istənilən səviyyədə apara bilmirik. Son illərdə kapitalizm ənənələri güclü olan xarici ölkələrdə səhiyyə turizmi deyilən bir arqument ortaya çıxıbdır. Qonşu ölkələrimiz də daxil olmaq şərtilə. Mediadan da görürük ki, artıq nəinki bura gələn əcnəbi həkimlərin, hətta xarici ölkələrdəki xəstəxanaların çox ciddi reklamı və marketinqi aparılır. Bu istər-istəməz insanlara  müəyyən təsirini göstərir.

– Doktor, qarşıdan isti yay fəsli gəlir. Səhv etmirəmsə, bu, ürək-damar xəstəlikləri baxımından  bir qədər təhlükəli dövrdür. Tövsiyələriniz nədir?

– Yay fəslində  temperaturun yuksəlməsi ilə birgə orqanizm ciddi şəkildə maye itirir. Bu da ürək-damar xəstələri üçün çox  arzuolunmaz haldır. Yay dövründə xəstələr daha çox infarktla xəstəxanaya müraciət edirlər. Bizim əməliyyat etdiyimiz və ya stend qoyduğumuz xəstələrdə də məhz yay fəslində  ağırlaşmalar olur. Buna  görə də həm belə xəstələrə, həm də sağlam insanlara məsləhət görərdim ki,  yay fəslində mümkün qədər Günəşdən, istidən qorunsunlar, bol maye qəbul etsinlər. Maye deyərkən də, daha çox qaynanmamış su nəzərdə tutulur. Qəhvəyə, şirəli içkilərə isə çox da aludə olmasınlar.

– Təşəkkür edirik, doktor, maraqlı müsahibə üçün.

 

Aida AYSA,

“Xalq qəzeti”

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest