“Bakı Ürək Günləri” – Konqresdən Konqresə

BLOQ, Manşet

26-28 may tarixlərində Gülüstan sarayında Azərbaycan Ürək və Damar Cərrahiyəsi Cəmiyyətinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi  keçirildi.

Konqresin rəsmi açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin konqres iştirakçılarına ünvanladığı məktub oxundu. Məktubda “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin ölkəmizdə kardiologiya və kardiocərrahiyyənin inkişafına, azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirməyə və tibb elminin inkişafına layiqli töhfəsi yüksək qiymətləndirilib. Dövlətimizin başçısının Konqresimizə verdiyi bu cür yüksək qiymət bizi daha da ruhlandırır, gələcək fəaliyyətimizi stimullaşdırır.

Ənənəvi olaraq iki ildən bir təşkil etdiyimiz Konqresin əsas məqsədi kardiologiya və kardiocərrahiyədə ən son yeniliklər və nailiyyətlərin yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müzakirə etməkdir. Bunun üçün tibbin bu sahəsində püxtələşmiş dünya ölkələrinin ən qabaqcıl mütəxəssisləri Konqresimizə dəvət edilir, onların ən müasir bilik və təcrübələrini paylaşmaları təmin edilir. Bu dəfəki Konqresimizdə yerli mütəxəssislərin sayı əvvəlki illərlə müqayisədə daha artıq oldu. Yerli mütəxəssislərimizin öz nailiyyətlərini həm yerli, həm də əcnəbi həmkarları ilə bölüşməsində pay sahibi olmaq bizim Cəmiyyət olaraq missiyalarımızdan biridir. Təcrübə göstərir ki, hər ötən gün yerli  mütəxəssislərimizin bu cür konqreslərdə çıxışlarının həm kəmiyyət, həm də keyfiyyət baxımından səviyyəsi yüksəlir. Bu da bizi sevindirir.

Konqresin proqramını hazırlayarkən kardiologiya və kardiocərrahiyyənin bütün sahələrini əhatə etməyə çalışdıq. “Anadangəlmə ürək qüsurları”, “Aorta cərrahiyyəsi”, “Koronar”, “Minimal invaziv müdaxilələr”, “Ürək çatışmazlığı”, “Qapaq”, “Yeni trendlər” mövzularında keçirilən elmi sessiyalarda yerli və əcnəbi mütəxəssislər çıxış etdi, aktual məsələlər ətrafında müzakirələr aparıldı və peşəkar mütəxəssislərin təcrübələri bölüşüldü.

Gənc həmkarlarımızın peşəkarlığının artırılmasına dəstk olmaq Cəmiyyətimizin əsas vəzifələrindən biridir. Bu məqsədlə Konqresin proqramına artıq bir neçə ildir ki, praktiki məşğələ də daxil edirik. Wet-Lab adlanan praktiki məşğələlərdə bu dəfə “Damar anastamozu” və “Mitral Qapaq Təmiri” mövzuları müzakirə edildi. Kursların gənc həmkarlarımızın praktik vərdişlərinin artırılmasında çox faydalı olduğunu deyə bilərik. Çünki cərrah kimi fəaliyyətə başladığım ilk illərdə özüm də bu cür kurslarda çox iştirak etmişəm və təcrübi biliklərimin artmasında bu kurslarda öyrəndiklərimin də rolu az olmayıb.

Kardiologiya və Kardiocərrahiyyədə çalışan tibb bacıları və perfuzionistlərə də Konqresimizdə xüsusi sessiyalar ayırılmışdı. Təşkil edilən elmi sessiyalarda “Kardiocərrahiyədə tibb bacısı qulluğu” və “Perfuziologiyanın ən son nailiyyətləri” mövzularında müzakirələr aparıldı. Bundan başqa, təşkil etdiyimiz “Ürək-ağ ciyər reanimasiyası ilk yardım” kursu tibb bacılarının praktik vərdişlərinin artırılmasına Konqresimizin töhfəsi oldu. Maraqlısı odur ki, tibb bacıları üçün təşkil edilən elmi və praktiki sessiyalarda 100-ə yaxın iştirakçı gözlədiyimiz halda, iştirakçı sayı 180 nəfər oldu. Bu rəqəm Konqresimizə tibb bacılarının artan marağının göstəricisidir.

Ümumilikdə, Konqresimizdə dünyanın 10-dan çox ölkəsindən dəvət etdiyimiz əcnəbi qonaqlar da daxil olmaqla 600-dən artıq iştirakçı qeydiyyatdan keçdi. Bu rəqəm gözlədiyimizdən qat-qat çox idi. Bir daha şahid olduq ki, “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinə maraq və diqqət hər ötən gün artır.

Təşkil etdiyimiz hər yeni Konqresdə təcrübəmizin artması ilə bərabər, konqresdə iştirak edən ölkələrin coğrafiyası genişlənir, eləcə də müzakirə edilən mövzular artır. Əminəm ki, dünyanın müxtəlif ölkələrində hər il keçirilən beynəlxalq konqreslərin sırasında öz layiqli yerini tutan bu tədbirimiz növbəti illərdə kardiologiya və kardiocərrahiyə üzrə aparıcı mütəxəssislərin ən vacib platformalarından biri olacaq.