Dr. Kamran Musayev Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik toplantısında iştirak edib

Manşet, Xəbərlər

1-4 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin 27-ci Beynəlxalq Konfransı keçirilib. Dünyanın bir çox ölkəsinin qabaqcıl mütəxəssislərinin iştirak etdiyi toplantıda ürək-damar cərrahiyyəsinin aktual problemləri müzakirə olunub, mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb.

Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev təmsil edib.

Konfransda “Aortal qapağın təmiri – Bakı təcrübəsi” (Isolated aortic valve repair- Baku experience) mövzusunda çıxış edən Dr.Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən qapaq əməliyyatlarında əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Dr. Kamran Musayevin bu əməliyyatların standartlaşdırılması üçün irəli sürdüyü təkliflər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xüsusilə ABŞ, Rusiya, Çin, İsveçrə və Türkiyədən olan mütəxəssislər mühazirəni yüksək qiymətləndirərək ölkəmizdə dünya standartlarında həyata keçirilən ürək əməliyyatlarının səviyyəsindən məmnun olduqlarını bildiriblər. Dünyanın qabaqcıl mərkəzlərində aparılan  “qapaqların təmir olunması əməliyyatlarının” Azərbaycanda belə uğurlu nəticələrlə tətbiq olunması  ölkəmizdəki ürək-damar cərrahiyyəsinin gəldiyi yüksək səviyyənin göstəricisi kimi qəbul edilib.

Dr. Kamran Musayev praktik fəaliyyətlərində daim dünya ürək cərrahiyyəsində əldə olunan nailiyyətləri tətbiq edə bilmək üçün bu kimi beynəlxalq konfranslarda iştirakın hər bir mütəxəssis üçün vacib olduğunu bildirib.

“Dünya Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak etmək kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradır. Dünyanın ən tanınmış kardioloq və kardio-cərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizə həm təcrübə mübadiləsi aparmağımıza, həm də ölkəmizdə ürək-damar cərrahiyyəsində əldə etdiyimiz nailiyyətlər barədə əcnəbi kolleqalarımızı məlumatlandırmağa imkan verdi.”

Konfrans zamanı Qazaxıstanın yerli televiziyasına müsahibə verən Dr.Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən ürək-damar əməliyyatları, ürək cərrahiyyəsində əldə edilən nailiyyətlər barədə geniş məlumat verib.

  • Qazaxstan (3)
  • Qazaxstan (2)
  • Qazaxstan (1)
  • Qazaxstan (1)
  • Qazaxstan (2)
  • Qazaxstan (3)
PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Share on VKPin on Pinterest