31 May Dünya Tütünlə Mübarizə Günüdür

BLOQ, Manşet

Dünya Səhiyyə Təşkilatı tərəfindən 1987-ci ildən etibarən hər il may ayının 31-i dünya tütünlə mübarizə günü kimi qeyd olunur. Dünya Səhiyyə Təşkilatı qeyd edir ki, hər il 5,4 milyon insan siqaretin səbəb olduğu xəstəliklərdən həyatını itirir.

Siqaret və zərərləri

Siqaretdən asılılıq ən öldürücü kütləvi zəhərlənmə yoludur.

Hər bir siqaretdə orqanizm üçün zəhərli, bir başa xərçəngə səbəb olan və ya xərçəngin yaranmasını sürətləndirən  4000-dən çox kimyəvi maddə aşkarlanmışdır. Bunlardan ən az 50-sinin bir başa xərçəng xəstəliyi yaratdığı elmi əsaslarla sübut olunmuşdur. Bir insanda siqaretdən asılılıq yaradan maddə nikotindir. Nikotin ürək döyüntülərini artırır, arterial təzyiqi yüksəldir, qanı qatılaşdırır. Siqaret tüstüsündəki karbonmonooksit qazı, qanda oksigenin qatılığını azaldır, toxumalara kifayət qədər oksigen çatdırılmasını əngəlləyir, bu səbəbdən siqaret çəkən insanlar əhəmiyyətsiz sayıla biləcək fiziki aktivliklər zamanı siqaret çəkməyənlərlə müqayisədə daha tez yorulur. Ümumdünya səhiyyə təşkilatının (WHO) apardığı çalışmalara görə bu il ərzində 4.8 milyon insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişəcəkdir. 2025-ci ildə bu rəqəmin 10 milyon olacağı təxmin edilir. Bunun 7 milyonu bizim kimi inkişaf etməkdə olan ölkələrdə olacağı gözlənilir. Siqaretdən asılı insanların  25-30%-i daha gənc yaşda dünyasını dəyişir.

Kişilərdə bütün xərçəng növlərinə bağlı ölümlərin 35%-i, qadınlarda isə 15%-i siqaretə bağlıdır. Ağciyər xərçənginə bağlı ölümlərin 90%-i siqaretin payına düşür. Ağciyər xərçəngi, xərçəng səbəbli ölümlərin siyahısında birinci yerdədir. Siqaret çəkənlərdə ağciyər xərçəngi riski, çəkməyənlərlə müqayisədə 20 dəfə çoxdur. Passiv siqaret çəkənlərdə isə risk, çəkməyənlərə görə 3 dəfə artıqdır. Siqaret çəkənlərdə ağciyər xərçəngindən başqa, ağız boşluğu, dil, dodaq, qırtlaq,  qida borusu, mədəaltı vəz, böyrək, prostat vəz, uşaqlıq boynu xərçəngi yaranma riski yüksəkdir. Passiv siqaret çəkən qadınlarda süd vəzi xərçəngi yaranma riski artır. Siqaret bronxit, emfizema kimi təngnəfəslik yaradan tənəffüs yolu xəstəliklərinin bir başa səbəbkarıdır. Bu xəstəliklər səbəbilə ölüm riski siqaret çəkməyənlərlə müqayisədə 40 dəfə artıqdır. Siqaret çəkənlərdə miokard infarktı  yaranma riski 3 dəfə çoxdur. Siqaret, qan dövranına və damarlara olan mənfi təsiri ilə əlaqədar olaraq, beyin qan dövranı pozulmalarına, iflic, aşağı ətraf qanqrenalarına səbəb olur. Siqaret çəkən qadınlarda spontan abort, vaxtından əvvəl doğuş, az çəkili uşaqlar, sonsuzluq,  oral kontraseptiv istifadəçilərində miokard infarktı keçirmək riski yüksəkdir. Siqaret kişilərdə sonsuzluq və impotensiyaya səbəb olur. Siqaret çəkənlərdə mədə xorası yaranma riski yüksək, sağalma prosesi daha gec başverir. Siqaret dəridə qurumaya səbəb olur, katarakta  yaranmasında rol oynayır.

Siqareti tərgitmək niyə çətindir?

Siqaretin tərkibindəki nikotin çox güclü asılılıq yaradan maddədir. Kokain, heroin və alkoqol ilə müqayisə olunduğunda təsadüfi bir dəfə istifadə olunmuş siqaretin daha çox asılılıq yaratdığı aşkarlanıb. Siqaret çəkərkən, hər aldığınız siqaret tüstüsündəki nikotin  7 saniyə ərzində beyinə çatır, insanda xoş hisslər və daha çox nikotin tələbatı yaradır. Siqaret çəkənlərdə, əl və ağız vərdişləri yaranır. Çəkilən siqaret sayına bağlı bu vərdişlər daha da arta bilər.

Unutmayın!!!

Asılılıq yaradan maddədən uzaqlaşmaq çətindir. Ancaq mümkünsüz deyil. Bir çox nikotindən asılı olan şəxslərdə siqaret çəkmədiyi müddətdə yaşadığı xoşagəlməz hisslər müvəqqətidir. Ən çətin müddət 2-3 həftədir. Bu müddət ərzində gözlənilməyən hadisələr sizdə siqaret çəkmək ehtiyacı yarada bilər. Siqaretin sadəcə bir adət etdiyiniz zərərli vərdiş olduğunu, bu asılılığın öhdəsindən gələ biləcəyinizi və ən əsası siqaretin, içində olduğunuz çətin vəziyyətdə sizə kömək etməyəcəyini unutmayın. Yenidən siqaretə başlamaq heç bir probleminizi həll etməməklə bərabər özünüzə olan güvəninizi itirəcəkdir.

Siqareti tərgitməyin sağlamlığınız üçün faydaları:

20-ci dəqiqədə:

Nəbz, təzyiq və bədən temperaturu normallaşır.

24-cü saatda:

Qanda karbonmonooksit qazı sürətlə azalır.

2 həftə-3 ay sonra:

Fiziki aktivliyiniz artır.

Öskürək azalır, 3 ay ərzində hətta yox olur.

Tənəffüs hərəkətləri daha da asanlaşır.

Qoxu və dad bilməniz güclənir.

İmmun sistemi güclənir. Özünüzü dah güclü və daha gümrah hiss edirsiz.

Diş və dərinizdəki sarı ləkələr itir.

1-ci ildə:

İnfarkt keçirmək riski siqareti tərgitdiyiniz gündən etibarən get-gedə azalır,  bir ilin sonunda bu risk 50%-ə qədər azalmış olur.

Beyin qanaması və aşağı ətraf damarlarındakı xəstəlik ( Burger) riski 30-50% azalır. XOAX( Xroniki obstruktiv ağciyər xəstəliyi) kimi tənəffüs çatışmazlığına səbəb olan ağciyər xəstəlikləri yaranmır, sonrakı illərdə tənəffüs funksiyaları yaxşılaşır.

5-ci ildə:

Ağız, qırtlaq, qidaborusu, sidik kisəsi xərçəngi yaranma riski 50%-ə  qədər azalır.

10-cu ildə:

İnsult keçirmə riski 5-10 ildə heç siqaret çəkməyən insanlardakı riskə bərabər olur.

15-ci ildə:

Ürək-damar xəstəlikləri riski siqaret çəkməyənlərlə eyni risk daşıyır.

Siqaretsiz sağlam günlər diləyi ilə….