Bakıda Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası açılmışdır

Xəbərlər

İyunun 25-də Bakıda Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının açılışı olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Bakı, 25 iyun (AzərTAc). İyunun 25-də Bakıda Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev binanın fasadına və ətrafdakı abadlaşdırılmış binalara baxdı.
Dövlətimizin başçısı ambulatoriyanın açılışını bildirən lenti kəsdi və səhiyyə ocağı ilə yaxından tanış oldu.
Prezident İlham Əliyev və xanımı əvvəlcə ambulatoriyanın yerləşdiyi binanın əvvəlki və indiki vəziyyətini, burada aparılmış təmir və yenidənqurma işlərinin gedişini əks etdirən videogörüntülərə baxdılar.
Məlumat verildi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin sifarişçisi olduğu ambulatoriyanın yenidən qurulması layihəsini Türkiyənin “Medikal Mimari Tasarım ve Danışmanlık Tic. Ltd” şirkəti hazırlamış, yenidənqurma işlərini “Seren İndustrial Construction Services Ltd” MMC həyata keçirmişdir.
Ambulatoriyanın yerləşdiyi bina 1895-ci ildə inşa olunmuşdur. Burada ötən ilin martında başlanmış yenidənqurma işləri ən müasir standartlara uyğun aparılmışdır. Tikintinin ümumi sahəsi 4200 kvadratmetrdir.
Əsaslı təmir işləri aparılarkən binanın əvvəlki memarlıq üslubu saxlanılmış, həyata keçirilən tədbirlər zamanı müasir memarlıq üslubuna da geniş yer verilmiş və hər iki üslub peşəkarlıqla uzlaşdırılmışdır. Üçmərtəbəli binanın yükdaşıyan divarları dəmir-beton konstruksiyalarla gücləndirilmişdir. İnşaat işlərində Türkiyə, ABŞ, Almaniya, İtaliya və digər ölkələrin tikinti materiallarından istifadə olunmuşdur. Binada Yaponiya istehsalı olan 2 müasir lift quraşdırılmışdır.
Ambulatoriyada quraşdırılmış tibbi avadanlıq da dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalıdır.
Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.
Prezident İlham Əliyev və xanımı ambulatoriyanın birinci mərtəbəsində əməliyyat bölməsinə baxdılar. Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi Cəmil Əliyev məlumat verdi ki, burada daha çox göz əməliyyatları aparılacaqdır və xəstələr ambulator şəraitdə 24 saat ərzində evə buraxılacaqdır. Əməliyyat olunmuş xəstələr evlərinə ambulatoriyanın avtomobilləri ilə yola salınacaq və onlar evdə də nəzarətdə saxlanılacaqlar. Əməliyyat bölməsində ən müasir avadanlıq, o cümlədən xəstəni tam monitorizə edə bilən anesteziya cihazı, Yaponiya istehsalı olan “Topcon” mikroskopu vardır. Əməliyyatdan sonra xəstələrin vəziyyəti gözləmə otağındakı monitorla müşahidə altında saxlanılır. Yığcam olmasına baxmayaraq əməliyyat bölməsində bütün normativlərə əməl olunmuş, sterilləşdirmə, anbar, həkim otaqları, xəstələrin gözləmə zalı vardır.
Uşaq mərkəzində ümumi pediatriya, endokrinologiya, qastroenterologiya, immunologiya, allerqologiya, hematologiya, nefrologiya, kardiologiya, neonatologiya və təcili yardım xidmətləri fəaliyyət göstərir. Burada peyvənd, yeni doğulmuş uşaqların müayinəsi otaqları vardır.
Ambulatoriyanın qadın mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, burada süni mayalanma, ginekologiya, mamalıq, prenotal diaqnostika, mammologiya, mammoqrafiya, endokrinologiya və urologiya xidmətləri təklif olunur. Mərkəzin 3 müayinə otağı lazımi avadanlıqla, o cümlədən ABŞ-ın “General Elektric” şirkətinin 4D proqramı yüklənmiş ultrasəs cihazı, ana bətnindəki uşağın ürək döyüntüsünü ölçmək üçün cihaz, rəqəmli mammoqrafiya cihazı ilə təchiz edilmişdir.
Ən müasir avadanlıqla təchiz edilmiş və tam avtomatlaşdırılmış laboratoriyada müxtəlif növ analizlərin aparılması mümkündür. Laboratoriyada yüksək həssaslığa, olduqca böyük test həcminə malik və tibbi heyətin müdaxiləsi olmadan təhlil apara bilən “Vitros 5” biokimya cihazı və digər avadanlıq vardır.
Burada, həmçinin qan bankı və qanalma məntəqəsi də fəaliyyət göstərir.
Təcili tibbi yardım şöbəsində xəstələrə monitorla nəzarət, əməliyyatdan çıxmış və xroniki xəstələrə evdə hər növ tibbi xidmət, ev şəraitində qanın götürülməsi, rentgen, ultrasəs müayinəsi, exokardioqrafiya, elektrokardioqrafiya xidmətləri təklif olunur. Nəzərdə tutulmuşdur ki, bir neçə avtomobillə təchiz edilmiş təcili tibbi yardım xidməti daha çox evdə xəstələrə xidmət göstərsin. Bunun üçün səyyar rentgen və ultrasəs cihazları vardır.
Ambulatoriyada tibbi görüntüləmə mərkəzi fəaliyyət göstərir ki, burada sümük densitometriyası, rəqəmli flüroskopiya və rentgenoqrafiya, maqnit-rezonans görüntüləmə cihazı, 32 kəsikli kompyuter tomoqrafiyası, ultrasəs müayinəsi aparılır.
Birinci mərtəbədə bunlardan əlavə, sterilləşdirmə, yardımçı və texniki xidmət otaqları vardır.
Səhiyyə ocağının ikinci mərtəbəsindəki ürək mərkəzində kardiologiya, elektrokardioqrafiya, exokardioqrafiya, transezofageal exokardioqrafiya, fetal exokardioqrafiya, stress-test xidmətləri göstərilir. “Holter” cihazının köməyi ilə xəstələrin davamlı olaraq 24 saat elektrokardioqramması çıxarılır. Bundan əlavə, xəstənin təzyiqini davamlı olaraq 24 saat ərzində ölçmək üçün cihazlar da vardır. Bu cihazlar 24 saat ərzində xəstənin bədənindəki dəyişiklikləri yaddaşında saxlayır.
Nevrologiya mərkəzində beyin qan dövranı pozulmalarının, nevroz və baş ağrılarının, osteoxondrozun müalicəsi, spinal əməliyyatlar aparılır, habelə elektroensefaloqrafiya, elektromioqrafiya, psixoterapiya xidmətləri göstərilir.
Ambulatoriyanın terapiya mərkəzi ilə tanışlıq zamanı qeyd olundu ki, burada hematologiya, endokrinologiya, allerqologiya, tibbi onkologiya, dermatologiya, nefrologiya üzrə xidmətlər təklif olunur, daxili xəstəliklərin və ağciyər xəstəliklərinin müayinə və müalicəsi aparılır.
Səhiyyə ocağının stomatologiya kabinetində müayinə zamanı xəstəni monitorla yoxlamaq imkanı olan avadanlıq, rəqəmli rentgen cihazı vardır. Burada hər xəstə üçün sterilləşdirilmiş ayrıca alətdən istifadə olunur.
Məlumat verildi ki, göz sağlamlığı və xəstəlikləri mərkəzində ultrasonoqrafiya, ultrasəs biometriya xidmətləri, görmə sahəsinin, göz dibinin, çəpgözlüyün kompyuterlə müayinəsi, göz təzyiqinin, kornea qalınlığının ölçülməsi xidmətləri, habelə kornea və qlaukoma xəstəliklərinin müalicəsi, katarakta, göz yaşı kanalları, göz qapağı və konyunktiva əməliyyatları aparılır. Mərkəzdə gözün təzyiqini kontaktsız ölçmək üçün xüsusi cihaz vardır.
Müayinələrin nəticələri və cavab otağında da xidmət ən müasir səviyyədə təşkil edilmişdir. Bildirildi ki, müayinədən keçən xəstələr haqqında məlumatlar xüsusi sistem vasitəsilə ambulatoriyanın əməkdaşlıq etdiyi dünyanın nüfuzlu tibb mərkəzlərinə, universitetlərinə göndərilir və oradan müvafiq rəy alınır.
Mədə-bağırsaq xəstəlikləri bölümündə monitorla təchiz edilmiş “Olimpys” videoqastroskop və sterilə cihazları quraşdırılmışdır.
Mobil “Otopront” endoskopik müayinə cihazı ilə təchiz edilmiş qulaq-burun-boğaz xəstəlikləri bölmələrində də ən yüksək səviyyədə müayinə və müalicə aparılır. Urologiya kabinetində ultrasəs cihazı, böyrəyin təzyiqini ölçmək üçün xüsusi avadanlıq vardır.
Müasir avadanlığın quraşdırıldığı fizioterapiya mərkəzi toxuma və oynaq xəstəlikləri, bel-boyun ağrıları olan, insult keçirən, zədə alan xəstələrin müalicəsi və reabilitasiyası üçün nəzərdə tutulmuşdur.
Ambulatoriyanın üçüncü mərtəbəsinin sahəsi 324 kvadratmetrdir. Katiblik, inzibati otaqlar, iclas zalı və arxiv bu mərtəbədə yerləşir.
Səhiyyə ocağında tibbi heyət üçün istirahət otaqları, kafe fəaliyyət göstərir.
Ambulatoriyanın ən müasir standartlara cavab verdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, respublikamızın bütün bölgələrində bu cür tibb ocaqları yaradılır, mövcud müalicə müəssisələri yenidən qurulur.
PREZİDENT İLHAM ƏLİYEV dedi: Bölgədə buna bənzər bir ambulatoriya tapmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, bu tibb müəssisəsi hansı vəziyyətdə idi, – bu barədə filmlərə aşağıda baxdıq, – dağılmış vəziyyətdə idi. Bu gün isə bu tibb müəssisəsi ən müasir standartlara cavab verir. Əsas odur ki, burada xidmət yüksək səviyyədə olsun. Əminəm ki, belə də olacaqdır.
Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran MUSAYEV səhiyyə sisteminin inkişafına göstərilən qayğıya görə təşəkkür edərək dedi: Cənab Prezident, icazənizlə bir məqamı da qeyd etmək istəyirəm ki, Mərkəzi Klinik Xəstəxananın kollektivi sizin açılışını etdiyiniz bu ambulatoriyada tam 24 saat ərzində xidmət göstərməyə hazır vəziyyətdədir. Bütün gördüyünüz bu şöbələrdə, bölmələrdə biz öz xidmətimizi göstərəcəyik.
PREZİDENT İLHAM ƏLİYEV: İndi bütövlükdə Azərbaycanda səhiyyə xidmətinin səviyyəsi qalxır. Nəinki Bakıda, bölgələrdə də yeni xəstəxanalar, tibb mərkəzləri açılır. Əlbəttə ki, bu ambulatoriya hazırda ən yüksək standartdır, tikilən, bərpa olunan başqa tibb ocaqları da həm xarici görünüşü, həm də ki, səviyyə baxımından buna uyğun olmalıdır.
Məhz müasir avadanlığın tətbiqi hesabına indi ölkəmizdə ən çətin cərrahi əməliyyatların aparılmasının mümkün olduğunu vurğulayan dövlətimizin başçısı dedi: Mən demişəm, bu avadanlıq, vaxtaşırı dəyişməlidir. Çünki dünya səhiyyə sənayesi elədir ki, hər il hansısa yenilik meydana çıxır. Bu gün burada quraşdırılan bütün diaqnostika avadanlığının hamısı ən son modellərdir. Amma iki-üç ildən sonra köhnələcək bu avadanlığı, misal üçün, başqa yerlərə təhvil vermək, bu ambulatoriya üçün yeni, ən müasir avadanlıq gətirmək olar.
KAMRAN MUSAYEV: Bəli, Cənab Prezident, köhnələcək avadanlığı sizin icazənizlə dəyişdirib yenisini quraşdırarıq. Sizin göstərişinizlə Mərkəzi Klinik Xəstəxananın da bütün avadanlığı yeniləndi. Həqiqətən doqquz ildir ki, fəaliyyət göstərən xəstəxanamızda avadanlığın təzələnməsinə çox böyük ehtiyac yaranmışdı. Cənab Prezident, ona görə də mən sizə öz kollektivimiz adından bir daha minnətdarlığımı bildirirəm.
PREZİDENT İLHAM ƏLİYEV: Azərbaycan vətəndaşları ən gözəl tibbi xidmət almalıdırlar. Çalışırıq ki, bunu etmək üçün bütün infrastruktur yaradılsın. O ki qaldı xidmətin səviyyəsinə, o artıq sizdən asılıdır. Bilirəm ki, bu sahədə böyük uğurlarınız var. İstəyirəm ki, Azərbaycanın bütün bölgələrində ən yüksək tibbi xidmət göstərilsin. Artıq bölgələrdə yaradılan tibb müəssisələrinin açılışından sonra görürük ki, Bakıya axın bir az azalıb. Eyni zamanda, biz tibbi yardıma ehtiyacı olan insanların sayını da müəyyən etdik. İndi bütün bölgələrdə dializ aparatları var. Əvvəllər Bakıya 300-400 kilometr yol gəlməli, getməli idilər. Bəziləri dözmürdü, həyatdan gedirdi. İndi demək olar ki, hər bir bölgədə dializ aparatları insanların ömrünü uzadır.
Prezident İlham Əliyev ambulatoriyada aparılan əsaslı təmir və yenidənqurma işlərinin yüksək səviyyədə olduğunu vurğuladı, əlavə tapşırıq və tövsiyələrini verdi, kollektivə uğurlar arzuladı.
Sonda dövlətimizin başçısı ambulatoriyanın təcili tibbi yardım maşınlarına baxdı.

  • MKX ambulatoriya (5)
  • MKX ambulatoriya (4)
  • MKX ambulatoriya (3)
  • MKX ambulatoriya (2)
  • MKX ambulatoriya (1)

Davamı

Kardioloji konqres Azərbaycanda kardiologiyanın daha da inkişafına kömək edəcək

Xəbərlər

Mayın 9-11-də Bakıda keçiriləcək “Bakı ürək günləri” adlı kardioloji konqres Azərbaycanda kardiologiyanın daha da inkişafına kömək edəcək.

Mayın 9-11-də Bakıda keçiriləcək “Bakı ürək günləri” adlı kardioloji konqres Azərbaycanda kardiologiyanın daha da inkişafına kömək edəcək. Bu barədə Azərbaycan Kardiovaskulyar Cərrahiyyə Cəmiyyətinin sədri Kamran Musayev cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin ofisində keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, konqresdə dünyanın 15 ölkəsindən (ABŞ, Rusiya, Böyük Britaniya, İran, İspaniya, Hollandiya, Orta Asiya regionu, Gürcüstan və s.) kardiologiya və ürək-damar xəstəlikləri sahəsində aparıcı mütəxəssislər iştirak edəcəklər.

«Konqresdə kardiologiya və kardiocərrahiyyənin ən mübahisəli problemləri müzakirə olunacaq. Hesab edirəm ki, bu tədbir Azərbaycanda kardiologiya sahəsinin daha da inkişafına kömək edəcək, eləcə də onun dünya birliyinə inteqrasiyasına dair öz tövsiyələrini verəcək», – deyə sədr vurğulayıb.

K.Musayevin sözlərinə görə, son illərdə Azərbaycanda uğurlu iqtisadi inkişafla yanaşı, səhiyyə sahəsinin, bu sahənin kardiologiya da daxil olmaqla bütün istiqamətlərinin fəal inkişafı müşahidə edilir.

«Bakıda və Azərbaycanın bölgələrində yeni kardioloji mərkəzlər açılır, burada ürək-damar xəstəliklərinin diqanostikasının və müalicəsinin yeni metodları tətbiq olunur. Bütün bunlar mərhum prezident Heydər Əliyevin uğurlu strategiyasının nəticəsidir», – deyə o bildirib.

Davamı

Dr. Kamran Musayev: “Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirmək mümkündür”

Müsahibələr

Bu gün Mərkəzi Klinik Xəstəxananın infrastrukturu və kadr potensialı Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirməyə imkan verir. Ancaq transplantasiya, sadəcə, tibbi və cərrahi məsələ deyil. Onun sosial, hüquqi tərəfləri də var.

“Bu gün Mərkəzi Klinik Xəstəxananın infrastrukturu və kadr potensialı Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirməyə imkan verir. Ancaq transplantasiya, sadəcə, tibbi və cərrahi məsələ deyil. Onun sosial, hüquqi tərəfləri də var. Donor kim olacaq, hansı hallarda biz donordan orqan ala bilərik, orqanın alınması və köçürülməsi üçün kimin icazəsi alınmalıdır – bütün bu məsələlər tam həll olunandan sonra inanıram ki, Azərbaycanda ürək transplantasiyası da həyata keçiriləcək.
Bu sözləri APA-ya eksklüziv müsahibəsində Mərkəzi Klinik Xəstəxananın (MKX) icraçı direktorunun müavini, ürək-damar cərrahı, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Dr. Kamran Musayev deyib. Ürək transplantasiyasının 1970-ci illərdən etibarən ABŞ basda olmaqla, dünyanın bir çox ölkəsində geniş tətbiq edildiyini deyən K. Musayev bildirib ki, adətən, transplantasiya zamanı ürək beyin ölümü keçirən xəstələrdən alınır. Bu metodla əldə edilən və 4 saat yaşaya bilən donor ürəyinin müddətinin 6 saatadək uzadılması üçün tədqiqatlar aparılır. Hazırda süni ürəyin yaradılması istiqamətində də işlər aparılır.
Dr. K. Musayevin sözlərinə görə, MKX fəaliyyətə başlayandan sonra ürək-damar əməliyyatlarının çox böyük əksəriyyəti Azərbaycanda aparılıb. 5 ilə yaxın müddətdə MKX-da müasir metodlarla 2000-ə yaxın ürək-damar cərrahiyyə əməliyyatı keçirilib. Onların 60-65%-i isə aorta-koronar şuntlama əməliyyatları olub: “Ürəyin işemik xəstəliyinin müalicəsində tətbiq olunan aorta-koronar şuntlama əməliyyatı zamanı ürəyin tutulan və ya daralan tac damarları yeniləri ilə əvəz olunur. Bu cür əməliyyatlarda, adətən, ürək dayandırılır, əməliyyat süni qan dövranı aparatına qoşularaq aparılır. Lakin son illərdə yeni metod əsasında ürək dayandırılmadan, yəni döyünən ürəkdə bu əməliyyatın aparılmasına başlanılıb. K. Musayev deyib ki, MKX-dakı aorta-koronar şuntlama əməliyyatlarının 70%-i döyünən ürəkdə aparılır. Bu metoddan istifadə edərkən döyünən ürəyin bütün damarlarını dəyişdirmək mümkün olur.
Dr. K. Musayev onu da bildirib ki, Azərbaycanda ürək-damar əməliyyatlarının son illərdə geniş vüsət alması bu məqsədlə qonşu ölkələrə gedənlərin sayını da azaldıb: “Mərkəzi Klinik Xəstəxana fəaliyyətə başlayana qədər ürək-damar cərrahiyyəsi üçün azərbaycanlılar qonşu ölkələrə üz tuturdularsa, indi bu axın tam tərsinə olub. Ürək-damar cərrahiyyəsinin edilməsi üçün xarici ölkələrdən, xüsusilə Rusiya, İran, Türkiyə, Gürcüstan, Orta Asiyadan bizə müraciət edilir. Azərbaycanda çalışan xarici ölkə vətəndaşları da artıq ürək-damar cərrahiyyəsi lazım olanda, daha öz ölkələrinə getmirlər. Buna nümunə kimi İngiltərə, Hindistan, Pakistan, Moldova və s. ölkələrin vətəndaşlarının xəstəxanamızda əməliyyat olunması göstərə bilərik.
Dr. K. Musayevin sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox rast gəlinən ürək xəstəliyi ürəyin işemik xəstəliyi, yəni ürək damarlarının tutulması, ürək infarktıdır: “Bütün dünyada ürəyin işemik xəstəliyinin yaşı gəncləşir. Sosial şərait, qidalanma, stress, siqaret çəkmə hallarının artması ilə əlaqədar indi daha gənc insanlar bu xəstəliyə görə həkimə müraciət edirlər. Ümumdünya Səhiyyə Təşkilatının 2006-cı il üçün hazırladığı hesabata görə, bütün dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlik ürəyin işemik xəstəliyidir, buna görə həmin xəstəlik hətta xərçəng xəstəliyini də qabaqlayır.
K.Musayev onu da əlavə edib ki, əgər ürək-damar xəstəliklərindən əziyyət çəkənlər həkimə vaxtında müraciət etsələr, müalicə metodlarından istifadə edərək, normal həyat sürə bilərlər. /APA/

Davamı

2000 – Outstanding Intellectuals of the 21st Century

Təltiflər və fəxri adlar

2005, July 2000 – Outstanding Intellectuals of the 21st Century (International Biographical Centre, Cambridge, England)

  • 2000 OUTSTANDING INTELLECTUALS OF THE 21st CENTURY

Davamı

Dr. Kamran K. Musayev: Azərbaycanın Mərkəzi Klinik Xəstəxanasının Cənubi Qafqazda analoqu yoxdur

Müsahibələr

“İnterfaks-Azərbaycan” agentliyinin suallarını Mərkəzi Klinik Xəstəxananın baş kardioloqu, MKX-nın direktor müavini, Azərbaycan Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin sədri Kamran Musayev cavablandırır.

Azərbaycanın Mərkəzi Klinik Xəstəxanasının Cənubi Qafqazda analoqu yoxdur

– Kamran müəllim, siz Mərkəzi Klinik Xəstəxananın bugünkü fəaliyyətini necə qiymətləndirirsiniz?

– Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün MKX nəinki Azərbaycanda, həm də bütün Cənubi Qafqaz ərazisində analoqu olmayan müasir tibbi mərkəzdir. Açıldığı gündən indiyə qədər xəstəxana tibbin bütün sahələrində: ürək-damar cərrahiyyəsi, ginekologiya – süni mayalanma, urologiya, göz xəstəlikləri, burun-boğaz xəstəlikləri, diaqnostika kimi sahələrdə əhaliyə beynəlxalq səviyyədə tibbi xidmətlər göstərir. Xüsusilə, kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində uğurlarımızı qeyd etmək istərdim. Əldə etdiyimiz nailiyyətlər sayəsində MKX respublikamızın qonaqlarına nümayiş etdirə biləcəyimiz tibb müəssisəsi, xalıqızın fəxri olub.

– Ürək-damar cərrahiyyəsi sahəsində nailiyyətlər barədə nə deyə bilərsiniz?

– Müasir tibbin ən çətin və məsuliyyətli sahələrindən biri olan ürək-damar cərrahiyyəsi tibb sahəsində yüksək ixtisaslı kadrlara və ciddi texniki dəstəyə ehtiyac duyur. MKX 2001-ci ildə kadrların və texnologiyanın bu vəhdətini yarada bilib və Azərbaycanda daha yeni və daha yüksək səviyyədə ürək-damar cərrahiyyəsi ənənəsini bərpa edib. Bu gün fəaliyyətimizin arxada qalmış 5 ilinə nəzər salaraq fəxrlə deyə bilərik ki, bugünə qədər biz ürək və damarlarda 2000-dən çox uğurlu əməliyyat aparmışıq. Aparığımız əməliyyatların müstəvisi damarlarda sadə əməliyyatlardan başlayaraq, ürəkdə ən mürəkkəb əməliyyatlara qədər çox genişdir. Maraqlısı isə odur ki, əməliyyat olunanlar arasında 5 kq çəkidə uşaq və 84 yaşlı qadın var.

– Daha çox hansı əməliyyatları aparırsınız?

– Dünyanın bütün iri kardiocərrahiyyə mərkəzlərində olduğu kimi bizim klinika da da aorta-tac şuntlaması əməliyyatı ürəkdə tez-tez aparılan əməliyyatdır. Ürəyin işemik xəstəliyinin cərrahiyyə yolu ilə müalicə üsulu olan aorta-tac şuntlaması əməliyyatı mərkəzimizdə aparılmış bütün əməliyyatların 60-65%-ni təşkil edir. Ürək qapaqlarına cərrahi müdaxilə apardığımız əməliyyatların 15-20%-ni, anadangəlmə ürək qüsurları ilə bağlı əməliyyatlar isə 15%-ni təşkil edir. Damarlarda aparılmış əməliyyatların (xüsusilə aortada aparılmış əməliyyatlarda əldə etdiyimiz nailiyyətləri vurğulamaq istəyirəm) payına bütün müdaxilələrin 10%-i düşür.

– Aorta-tac şuntlaması əməliyyatlarında əldə olunan nailiyyətlər hansılardır?

– Mərkəzimizdə aorta-tac şuntlaması əməliyyatı beynəlxalq tibbin ən müasir tələblərinə uyğun olaraq aparılır. Biz MKX-da ən yeni texnologiyalardan istifadə etməklə dünyanın ən yaxşı kardiocərrahiyyə mərkəzləri səviyyəsində əməliyyatlar aparırıq. Biz arteriyanın tam revaskulyarlaşdırması üsulundan geniş istifadə edirik. Bu, aorta-tac şuntlaması əməliyyatının yalnız arterial şuntlardan istifadə etməklə aparılan növüdür və əsasən gənc xəstələr üzərində aparılır.Qeyd etmək lazımdır ki, müasir kardiocərrahiyyənin ən böyük nailiyyəti döyünən ürəkdə aorta-tac şuntlaması əməliyyatının aparılmasıdır. Bu üsul MKX-da uğurla tətbiq olunur və fəxrlə qeyd etmək lazımdır ki, hazırda əməliyyatların əksəriyyəti bu üsuldan istifadə olunmaqla aparılır.

– Yəni siz ürəkdə əməliyyatı onun fəaliyyətini dayandırmadan aparırsınız?

– Bəli. Standart aorta-tac şuntlaması əməliyyatı xüsusi dərman vasitələrinin köməyi ilə müvəqqəti olaraq dayandırılmış ürəkdə aparılır. Xəstə isə süni qan dövranı aparatına qoşulur. Döyünən ürəkdə aorta-tac şuntlaması əməliyyatı işlək ürəkdə aparılır. Texniki cəhətdən icrası mürəkkəb olsa da bu üsul xəstə üçün bir sıra üstünlüklərə malikdir. Bu üsulla aparılan əməliyyat gözəl nəticələr verir və həm yaşlı, həm də bu patologiyalı xəstələr üçün əvəzolunmazdır. MKX-da aorta-tac şuntlaması əməliyyatlarının 65-70%-nin döyünən ürəkdə aparılması sevindirici haldır.

– Fikrinzcə, bu işin nəticələri beynəlxalq standartlara cavab verirmi?

– Əlbəttə! Mərkəz açıldığı gündən indiyə qədər biz fəaliyyətimizin nəticələrini ürək-damar cərrahiyyə problemləri ilə məşğul olan ən yaxşı xarici mərkəzlərlə müqayisə edirik. Biz gördüyümüz işin nəticələri ilə paylaşır və gündəlik fəaliyyətimizdə onların təcrübəsindən istifadə edirik. Onu da əlavə edim ki, biz Amerikanın torakal cərrahları Assosiasiyası, Avropa ürək-damar Cərrahiyyə Cəmiyyəti, Asiya ürək-damar cərrahları Cəmiyyətinin keçirdiyi konqreslərdə müntəzəm olaraq uğur və nailiyyətlərimiz haqqında hesabat veririk. Əminik ki, bizim dünyanın aparıcı ürək-damar cərrahlarını birləşdirən bu təşkilatlardakı çıxışlarımız respublikamıza böyük xeyir verir.

– Siz eyni zamanda Azərbaycan ürək-damar Cərrahiyyə Cəmiyyətinin təsisçisi və sədrisiniz. Zəhmət olmasa, bu təşkilat barədə bir qədər məlumat verin.

– 2002-ci ildə MKX-da fəaliyyətə başladıqdan sonra biz belə bir cəmiyyətin yaradılmasına zərurət duyduq. Ciddi hazırlıqdan sonra 2004-cü ildə kardioloqlardan və ürək-damar cərrahlarından ibarət böyük qrup Azərbaycan Ürək-Damar Cərrahiyyə Cəmiyyətində birləşdi. Bu əlamətdar hadisə Azərbaycanda tibbin inkişafında böyük rol oynayıb. Cəmiyyət durmadan böyüyür, inkişaf edir və Azərbaycanın tərəqqisi naminə tibb sahəsində yeni-yeni nailiyyətlər əldə edir.

Davamı

Dr. Kamran Musayev ABŞ Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin 88-ci konqresində iştirak edib

Xəbərlər

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev ABŞ Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kreyq Millerin dəvəti ilə təşkilatın 88-ci konqresində iştirak edib.

Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev ABŞ Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kreyq Millerin dəvəti ilə təşkilatın 88-ci konqresində iştirak edib. K. MusayevinAPA-ya verdiyi məlumata görə, mayın 11-dən 15-dək keçirilən konqresdə ürək-damar cərrahiyyəsi sahəsində son nailiyyətlər barədə məlumat verilib, dünyanın ən tanınmış cərrahları ilə tanışlıq olub. Mayın 8-dən 11-dək isə K. Musayev Nyu-York şəhərində aorta cərrahiyyəsinə həsr olunmuş simpoziumda iştirak edib.

 

Davamı

Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti

Üzvü olduğu tibb təşkilatları

2007 – Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti, üzv

By action of its Officers and Council certifies that Dr. Kamran Kazımoğlu Musayev is an active member of  The European Association for Cardio-Thoracic Surgery with Entitlement to All Rights and Privileges

September 18, 2007

  • Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvlük sertifikatı

Davamı

Dr.Kamran Musayev Birləşmiş Krallıqda işgüzar səfərdə olub

Xəbərlər

MKX–nın icraçı direktorunun müavini, Azərbaycan Ürək – Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Dr.Kamran Kazım oğlu Musayev 01 iyul – 07 avqust 2007-ci il tarixlərdə İngiltərənin London şəhərində ezamiyyətdə olmuşdur.

Dr.Kamran Musayevin bu dəfəki ezamiyyəti Birləşmiş Krallığın ən böyük ürək mərkəzi olan Royal Brompton və Harefield (RBH) xəstəxanasında baş tutmuşdur.6 həftəlik kurs şəklində planlaşdırılan ezamiyyət Dr.K.Musayevin bu xəstəxana ilə uzun illərdən bəri davam edən isti münasibətlərinin nəticəsində mümkün olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Royal Brompton və Harefield xəstəxanası eyni zamanda dünyadakı ən nüfuzlu ürək cərrahiyyəsi mərkəzlərindən biridir.

Dr.Kamran Musayev bu xəstəxanada ürək cərrahiyyəsinin ən son nailiyyətləri ilə yaxından tanış olmuş, ən mürəkkəb ürək əməliyyatlarında iştirak etmişdir. Eyni zamanda “süni ürək” yaradılması çalışmaları ilə maraqlanmış, bu sahədəki yeniliklərlə tanış olma fürsəti tapmışdır. RBH xəstəxanasının yüksək səviyyəli mütəxəssisləri ilə təcrübə mübadiləsi aparılmış, onlarla səmimi münasibətlər daha da inkişaf etdirilmişdir.

RBH xəstəxanasında ürək cərrahiyyəsinin qurucusu, dünyanın ən nüfuzlu ürək cərrahlarından olan Prof.Dr. Magdi Yacoub ilə fikir mübadiləsi aparılmış, onun elmi və praktik fəaliyyəti ilə yaxından tanış  olunmuşdur.

Dünyada ürək cərrahiyəsinə etdiyi xidmətlərdən ötrü İngiltərə Kraliçəsi tərəfindən “Sir” ünvanı ilə təltif olunan Prof.Dr. Magdi Yacoub hal-hazırda RBH xəstəxanasında özünün qurduğu “Ürək Elmi Mərkəzinə”(Heart Science Center) başçılıq edir. Dr.Kamran Musayev  bu elmi mərkəzin işi ilə də yaxından tanış olmuş, burada aparılan elmi araşdırmaların metodologiyası və nəticələri ilə maraqlanmışdır. Eyni zamanda Prof.Dr.Magdi Yacoub ilə ətraflı müzakirələrdən sonra Azərbaycanda da belə bir mərkəzin qurulması üçün dəstək sözü alınmışdır.

Prof.Dr.Magdi Yacoub başda olmaqla RBH xəstəxanasının aparıcı mütəxəssislərinin hamısına respublikamızda sürətlə inkişaf edən ürək cərrahiyyəsinin vəziyyəti barədə ətraflı məlumat verilmişdir. Azərbaycanda ürək – damar cərrahiyyəsini daha da inkişaf etdirmək üçün Mərkəzi Kilnik Xəstəxana və Royal Brompton-Harefield xəstəxanası arasında münasibətlərin davam etdirilməsi hamının ortaq fikri və arzusu olmuşdur.

  • Birləşmiş Krallıqda görüşlər
  • Birləşmiş Krallıqda görüşlər

Davamı

Tibb elmləri namizədi diplomu

Sertifikat və diplomlar

  • tibb elmləri namizədi diplomu

Davamı

Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti

Üzvü olduğu tibb təşkilatları

2005 – Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti, üzv

This is to certify that Kamran Kazımoğlu Musayev  has been elected an active Member of  The Asian Society for Cardiovascular Surgery.

September 21, 2005

  • Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvlük sertifikatı

Davamı