Azərbaycanda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Əsası Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial siyasət və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür. Azərbaycan səhiyyəsində uğurla aparılan islahatları, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işləri bu gün hər birimiz öz həyatımızda hiss edirik. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
Görülən tədbirlər nəticəsində son illərdə ölkəmizdə ölüm göstəricisi azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlibdir. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir. Eyni zamanda, Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır. Məhz bu artım əsasında 600-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşərək əhalinin istifadəsinə verilib. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə ən yüksək avadanlıqlarla təchiz edilmiş mərkəzlərdə ürək əməliyyatlarının aparılması adi hala çevrilib. Mərkəzi Klinikada xəstəliklərin müalicəsində tibbin ən son yenilikləri tətbiq edilir. Bir müddət əvvəl tərəfimizdən həyata keçirilən süni ürək köçürülməsi əməliyyatı buna bir nümunədir.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil etməkdə məqsədi ölkəmizdə həyata keçirilən dövlət səhiyyə siyasətinə, ölkəmizin bu sahədə əldə etdiyi uğurların təbliğinə, eləcə də yerli mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına dəstək olmaqdır.
Bütün bu nailiyyətlərin əldə olunmasının, bu qəbildən beynəlxalq konqreslərin Bakıda keçirilməsinin əsasında, heç şübhəsiz, Ulu Öndərin əsasını qoyduğu və formalaşdırdığı səhiyyə siyasəti dayanır.
Statistika
Artıq ənənəyə çevrilən və dünyada tanınmış beynəlxalq səviyyəli tədbir olan “Bakı Ürək Günləri” Beynəlxalq Konqresində hər il onlarla ölkənin aparıcı mütəxəssisləri ilə tibbin ən son yenilikləri və müasir texnologiyaları müzakirə edilir və təcrübə mübadiləsi aparılır.
9-11 may 2009-cu il tarixdə keçirilən “Bakı Ürək Günləri” 1-ci Beynəlxalq Konqresində 16 ölkədən nümayəndələr iştirak edib.
13-15 may 2011-ci il tarixdə keçirilən Bakı Ürək Günləri” 2-ci Beynəlxalq Konqresində 26 ölkədən nümayəndələr iştirak edib.
17-19 may 2013-cü il tarixdə baş tutan “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresində 39 ölkədən nümayəndə iştirak edib.
15-17 may 2015-ci il tarixdə keçirilən “Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresində 19 ölkədən mütəxəssis iştirak edib.
Əcnəbi qonaqlar
İki ildən bir təşkil olunan bu Beynəlxalq Konqresin hər birində dünyanın aparıcı kardioloq və kardiocərrahları dəvət olunub və iştirak edib.
Ümummilli Liderimiz Heydər Əliyevin kardioloqu Prof. MD Murat Tuzcu – Klivlend Klinikası Kardiovaskulyar Tibb Departamentinin sədr müavini, Klivlend, ABŞ
Akad. Renat Akçurin – A.L.Myasnikov adına Klinik Kardiologiya İnstitutunun ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, Moskva, Rusiya
Prof. MD Riçard Daly – Mayo Klinikanın ürək-damar cərrahiyyəsi şöbəsinin ürək və damar transplantasiyası üzrə cərrahi direktoru, Mayo Klinik, ABŞ
Prof. MD Vasiliy Lazorişinets – Ukrayna Səhiyyə nazirinin I müavini, M.M.Amosov adına Ürək-damar Cərrahiyyəsi İnstitutunun direktor müavini, Kiyev, Ukrayna
Prof. MD Stephan Jacobs – Tübingen Universitetinin Endokrinologiya, Metabolizm və Patobiokimya Departamentinin baş məsləhətçisi, Klinik şəraitdə kardiometabolik yardımın araşdırılma qrupunun rəhbəri, Münhen, Almaniya
Prof. MD Carlos-A. Mestres – Barselona Universiteti Klinik Xəstəxanasının Ürək-Damar Cərrahiyyəsi departamentinin baş məsləhətçisi, Barselona, İspaniya
Prof. MD Gijong Yi – Yonsey Tibb Universitetinin Qanqnam Klinikası Ürək-Damar Cərrahiyyəsi departamentinin rəhbəri, Seul, Koreya
Prof. Dr. Anıl Apaydın – Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, İzmir, Türkiyə
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 26-28 may 2017-ci il tarixdə Gülüstan sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresini keçirməyə hazırlaşır. Bu Konqresdə dünyanın 20-yə yaxın ölkəsindən kardioloq və kardiocərrahların iştirakı nəzərdə tutulur. Konqresin əsas qonağı isə Berlində Almaniya Ürək İnstitutunun banilərindən, Hetzer Ürək-Damar Akademiyasının qurucusu, Almaniyada ilk süni ürək əməliyyatını icra etmiş professor Ronald Hetzer olacaq.
Xaricdən gələn beynəlxalq dərəcəli peşəkarların çıxışları, paylaşdıqları təcrübələr və təqdim edilən son və müasir məlumatlar ölkədə fəaliyyət göstərən yüzlərlə həkim və cərrahlar tərəfindən maraqla izlənilir. Bütün bunlar yerli həkimlərin nəzəri biliklərinin, buna müvafiq olaraq isə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artmasına birbaşa təsir edir.