Haqqımda

Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olub.

1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirib.

1996-cı ildə İstanbul Universitetinin İstanbul Tibb Fakültəsində tibb təhsilini uğurla başa vurub və elə həmin il rezidentura (uzmanlıq) təhsilinə başlayıb. Dr. Kamran Musayev 2002-ci ildə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində və Florence Nightingale xəstəxanasında illərdir xəyalını qurduğu ürək-damar cərrahiyyəsi ixtisası üzrə rezidentura təhsilini başa vurur.

Nəhayət, tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyyəsi mütəxəssisi kimi vətənə qayıdır. 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı kimi fəaliyyət göstərir. 2006–2009-cu illərdə Mərkəzi Klinikanın icraçı direktorunun tibb işləri üzrə müavini, 2009-cu ildən indiyə qədər isə baş həkimidir. 

Eyni zamanda Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisidir. 2004-2023-cü illərdə Cəmiyyətin sədri vəzifəsini icra edib. Hazırda Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri kimi öz bilik və təcrübəsini gənc həmkarları ilə bölüşür. 

Dr. Kamran Musayev 2005-ci ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (İngiltərə, Kembric) tərəfindən "XXI əsrin görkəmli ziyalıları" (2000 - Outstanding Intellectuals of the 21st Century) siyahısına daxil edilib.

İngiltərə (Harefield Hospital, London) və Amerika Birləşmiş Ştatlarında (Mayo Clinic, Rochester, Minnesota) ixtisasartırma kurslarında iştirak edib. 

Harvard Tibb Məktəbinin (Boston, Massaçusets, ABŞ) “Cərrahlar üçün idarəçilik” proqramını uğurla başa vurub. 

Çox sayda tibbi məqalələri milli və beynəlxalq elmi jurnallarda yayımlanıb, dəfələrlə beynəlxalq konfranslarda çıxış edib. Əhalinin ürək-damar xəstəlikləri haqqında məlumatlandırılması və maarifləndirilməsi üçün mütəmadi olaraq mediada çıxış edir. 

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə ölkə başçısı cənab İlham Əliyevin 16 iyun 2011-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə 30 oktyabr 2023-cü ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktorudur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının sədridir.