Havalar soyumağa başlayandan facebookdan eyni mövzuda çoxlu suallar alıram. Ümumiləşdirərək deyə bilərəm ki, sual belədir:
Soyuq havanın sağlamlığımıza və xüsusilə, ürəyimizə mənfi təsirləri nələrdir? Bu təsirlərdən qorunmaq üçün nə etməliyik?
Qış aylarında insanların xəstələnmə risklərinin azalması məqsədi ilə bu mövzuda fikirlərimi sizinlə bölüşürəm.
SOYUQ HAVANIN ÜRƏYİMİZƏ VƏ SAĞLAMLIĞIMIZA MƏNFİ TƏSİRLƏRİ
Soyuq havanın, o cümlədən küləyin ürək sağlamlığımız üçün kifayət qədər mənfi təsirləri mövcuddur.
Soyuq hava ürək infarktı və insult (beyin infarktı) riskini artırır. Yəni qış mövsümündə biz həkimlər bu hallarla daha çox qarşılaşırıq. Onu da qeyd etməliyəm ki, qış aylarında keçirilən infarktlar daha ağır olur, ölüm və fəsadlaşma ehtimalları daha yüksəkdir.
Qış aylarında infarkt riskinin yüksək olmasının səbəbləri müxtəlifdir. Hər şeydən əvvəl soyuğun təsiri ilə ürək döyüntülərimizin sayı və qan təzyiqimiz yüksəlir. Dərimizdən başlayaraq bütün bədənimizdəki damarlar spazma (büzülməyə) məruz qalır. Eyni zamanda soyuğun provakasiya etdiyi mexanizmlərlə qanda laxtalanmaya meyllilik artır. Bütün bunların nəticəsində, xüsusilə daha əvvəldən risk faktorları (piylənmə, şəkərli diabet, siqaretdən istifadə, qan təzyiqinin yüksək olması, passiv həyat tərzi) olan insanların qış aylarında infarkt olma ehtimalı ciddi şəkildə artır.
Qış aylarında qrip və ağciyər infeksiyaları da artır. Bu hallar da ürəklə bağlı ağırlaşmalarla nəticələnə bilər.
Ayrıca bu mövsümdə yüksək kalorili qidalardan daha çox istifadə edirik. Qış aylarında xaş, xəngəl kimi ağır və yüksək kalorili yeməklərə üstünlyün verilməsi artıq ənənəvi hal alıb. Bununla bərabər aktivliyimiz və hərəkətliliyimiz isə azalıb. Bütün bunlar nəticə etibarilə ürək sağlamlığımıza mənfi təsir göstərir.
Sadaladıqlarımı toparlayıb deyə bilərəm ki, soyuq hava ürək xəstələri və risk faktorlarına sahib insanlar üçün kifayər qədər risklidir. Hətta, sadəcə bu insanlar üçün deyil, hamımız üçün risklidir, deyə bilərəm. Çünki daha əvvəl heç bir şikayəti olmayan, soyuq havada anidən ürək tutması olan xəstələrlə praktikamızda qarşılaşırıq. Professional idmançılarda baş verən ani ürək ölümlərinə də soyuq havada daha çox rast gəlinir.
Bunları qeyd etdikdən sonra məsələnin əsas sualına keçə bilərik. Rastlaşdığımız bu problemlərin qarşısını necə ala bilərik?
SOYUĞUN MƏNFİ TƏSİRLƏRİNDƏN QORUNMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?
Hər şeydən əvvəl, bədən temperaturumuzu sabit saxlamaq üçün geyimimizə diqqət etməliyik. Qalın çorablar, əlcəklər və şapkalardan geniş şəkildə istifadə etməliyik. Yaşadığımız evin (otağın) temperaturu 22-23 C olmalıdır. Qışda yun və kaşmir kimi sağlıqlı materiallardan hazırlanmış paltarlar seçilməlidir.
Qidalanmamızda – yüksək kalorili qidalardan uzaq durmalıyıq. Qış mövsümündə də sağlıqlı qidalanmaya (karbohidrat, yağ və protein balanslı) davam etməliyik. İsti qidalardan və içkilərdən daha çox istifadə etməyimiz məsləhətdir. Qış meyvələrinin istifadəsinə üstünlük verilməlidir. Əlavə olaraq vitamin preparatları, xüsusilə C və D vitamini qəbul edilə bilər. Bitkilərdən hazırlanmış dərman preparatlarını məsləhət görmürəm. Təsir mexanizmlərini tam bilmədiyimiz bu preparatlar fayda yerinə, zərərli olabilər. Spirtli içkilərin istifadəsi də azaldılmalıdır.
İdman – Soyuq havada idmanla məşğul olarkən diqqətli olmalıyıq. Daha əvvəl hiss etmədiyimiz şikayətlərimiz belə havalarda ortaya çıxa bilər.
Hər hansı şikayət və ya narahatçılıq yaranarsa mütləq həkimə müraciət edin. Hava çox soyuq isə, idman zallarında məşğul olmağı məsləhət görürəm. Əgər əvvəlcədən bilinən ürək xəstəliyiniz (keçirilmiş stentləmə, ürək əməliyyatları və s.) varsa, ümumiyyətlə qış mövsümündə açıq havada deyil, qapalı zallarda idmanla məşğul olmağınızı məsləhət görürəm.
Yaşlı insanların bu mövsümdə qrip əleyhinə peyvənd olunmasının ürək sağlamlığının qorunmasına müsbət təsiri var.
Unutmayaq ki, sağlamlığımız həyatımızın bünövrəsidir.
Yaşamaq üçün, sağlamlığımızı qorumalıyıq.
Hər birinizə bu soyuq qış mövsümündə də sağlam və güclü olmağı arzulayıram.