Məqsəd – Helsinkidə tibbi konfrans “Ürək damar cərrahiyyəsində istifadə edilən yeni dərman preparatları”
Nələr qazandım?
Ürək damar əməliyyatı olunan xəstələr üçün istifadə edilən yeni dərmanlarla tanış olduq və bunları klinikamızda istifadə etməyə başlayacağıq.
Helsinkiyə Stokholm üzərindən getdik. 2 gün Stokholmda qaldıq. Bu iki gündə isveçlilərin mədəniyyəti vəşəhərin tarixi turistik yerləri ilə tanış olduq. Mənim diqqətimi ən çox “Nobel Kraliyət İnstitutu” və Nobel muzeyi çəkdi. Bir gün azərbaycanlı bir alimin Nobel mükafatını alacağının xəyalı və inamı ilə dolaşdım bu məkanları.
Stokholmdan 17 saatlıq gəmi yolculuğu ilə Helsinkiyə keçdik. Bu mənim uzun gəmi yolculuğu ilə ilk səyahətim idi. Bir gecədə Baltik dənizin bir ucundan digər ucuna getmək mənim üçün kifayət qədər maraqlı və həyəcanlı oldu.
Helsinkidə 2 gün tibbi toplantılarda iştirak etdik. Çox faydalı və məhsuldar bir toplantı oldu. Belə ki, ürək əməliyyatlarından sonra erkən dövrdə yaranan problemlərin qarşısını almaq üçün istifadə olunan yeni dərmanlarla tanış olduq. Bizim də praktik fəaliyyətimizdə qarşılaşdığımız bəzi problemlərin müalicəsində yeni üfüqlər açan bu preparatları klinikamızda istifadə etməyə qərar verdik.Səfərimiz əsnasında xarici ölkələrdən olan bəzi həkim dostlarımızı gördük. Eyni zamanda yeni dostlar qazandıq. Bütün kolleqalarımıza ölkəmiz haqqında, mədəniyyətimiz və səhiyyəmiz haqqında məlumat verdik.
Helsinkini gəzdik – tarixi və turustik yerləri ilə tanış olduq. Bizdən fərqli olan mədəni xüsusiyyətləri ilə tanış olduq.
Helsinkinin bəzi xüsusiyyətləri digər Avropa şəhərlərindən fərqlənir və daha çox Sankt Peterburga oxşadığı söylənir. Şəhəri çox bəyəndiyimi deyə bilərəm.
Helsinkidə torpağın altı sal qayalıq olduğuna görə normal şərtlərdə ağac bitmir. Lakin buna baxmayaraq şəhər ciddi şəkildə ağaclarla yaşıllandırılıb. Hər ağacı basdırmaq üçün qayaları dərin qazırlar və ağac basdırırlar.
Mənim üçün digər bir maraqlı məqam o oldu ki, indiyə qədər heç olmadığım lüterian kilsəsində oldum. Lüterianların inanc sistemləri ilə tanış oldum. “Rock Church” (“Daş Kilsə”) xüsusilə diqqətimi çəkdi. Qayaların arasında quraşdırılmış bu kilsə, həqiqətən insanı valeh edir.
Şəhərdə ciddi parklaşma var. Bu parklarda köpəklər üçün xüsusi ayrılmış meydançalar da var (böyük və kiçik köpəklər üçün ayrı olmaq şərtilə).
Yeməklərini çox sevdim, xüsusilə də dəniz məhsullarını sevən biri olaraq. Mətbəxlərində balıq məhsullarından geniş istifadə edirlər.
Bu səfərimizdə də, hər zaman olduğu kimi, gözəl istirahətlə bərabər, yeni dostlar qazandım, ən müasir biliklərə yiyələndim. Yeni enerji və yeni həyəcanla vətənimizə geri döndüm.