Blog
Ürək xəstəliklərinin arasında mühüm yer tutan ürəyin qapaq xəstəliyidir ki, o 2 yerə bölünərək, anadangəlmə və qazanılmış olur. Ölkəmizdə qazanılmış qapaq xəstəliyi ən çox uşaq vaxtı keçirdilmiş (daha çox 5-15 yaş) revmatizmlə əlaqədar meydana çıxır. Əgər xəstəlik dərmanlarla müalicə olunmursa, onda cərrahi müalicəyə başlanılır. Cərrahi müalicə iki cür tətbiq edilir: qapağın bərpası (xəstənin öz qapağı qorunub saxlanılır) və qapağın protezləşdirilməsi (bərpanın mümkün olmadığı hallarda qapağı xüsusi olaraq hazırlanmış protezlərlə əvəz edilir).
Qapaq protezləşdirilməsi bioprotezlərlə (müxtəlif canlılardan götürülür) və ya mexaniki protezlərlə icra edilir. Mexaniki protezlərdən istifadə etdikdən sonra xəstələr ömrü boyu qan durulaşdırılan dərmandan (kumadin) istifadə etməlidirlər. Bioprotezlərdə isə onlardan istifadə olunmur, lakin bioprotezlərin ömrü mexaniki protezlərə nisbətən azdır. Ona görə də, xüsusi ilə cavan xəstələrdə mexaniki protezlərdən daha çox istifadə edilir. Beləliklə, qapaq xəstəliklərinin tam adekvat müalicəsi, onun vaxtında aşkarlanmasından çox asılıdır. Məhz bu səbəblə xəstələrin vaxtında həkimə müraciət etməsi xəstəliyin tam müalicəsinə kömək edir. Uzun müddət qapaq xəstəliyi olan xəstələrin ürək boşluqlarında böyümə və ya ürək əzələsində yığılma gücündə azalma olur ki, bu da əməliyyatın riskini artırır. Bu gün qapaq əməliyyatları ürək cərrahiyyəsinin standart proseduralarından biri kimi, dünyanın bir çox mərkəzində və Mərkəzi Klinikada Ürək-Damar Cərrahiyyəsi bölməsində aparılır.