Blog
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev: “Ölkəmizdə ölümə səbəb olan xəstəliklərin başında ürək xəstəlikləri gəlir. Lakin çoxları bilmir ki, sadə tədbirlər görməklə həm özümüzü, həm də yaxınlarımızı bu xəstəliklərdən qoruya bilərik”.
Hər il sentyabr ayının 29-u Dünya Ürək Günü kimi qeyd olunur. Dünən bu münasibətlə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev mətbuat konfransı keçirdi. K. Musayev dedi ki, dünyada tibb elminin, kardiologiyanın inkişaf etməsinə baxmayaraq, ürək xəstəlikləri insan sağlamlığı üçün bir nömrəli təhlükə, bir nömrəli düşmən olaraq qalır.
Onun sözlərinə görə, ölkəmizdə yaşı 30-dan az olan və ürəkdən əməliyyat edilən insanların sayı çox təəssüf ki, artmaqda davam edir.
Hazırda ölkəmizdə ürək əməliyyatlarının qiyməti sadə insanların büdcələri ilə heç cür uzlaşmır. Ürək əməliyyatlarının bahalığı səbəbindən imkansız təbəqədən olan insanların çoxu çıxılmaz vəziyyətdə qalır. Bununla bağlı sualımızı cavablandıran K. Musayev dedi: “Bu gün bütün dünyada, həmçinin Almaniyada, ABŞ-da, Rusiyada, Türkiyədə də belədir, yəni ürək əməliyyatları bir insan, bir ailə üçün ciddi maliyyə xərcləri tələb edir. Amma vaxtında tədbir görməklə özümüzü əməliyyatdan, deməli arzuolunmaz xərclərdən də mümkün qədər qoruya bilərik. Vəziyyətdən digər çıxış yolu, yəni xəstələrin xərclərinin qarşılanmasının həll yolu sığorta sisteminin tətbiqidir. Artıq ölkəmizdə bu proses başlayıb və bir çox idarələr, şirkətlər öz işçilərini sığortalayırlar. Prosesi davam etdirməklə vəziyyəti daha da yaxşılaşdırmaq olar. Bu işin başqa həll yolu yoxdur”.
Həkim bildirdi ki, hazırda dünyanın ən böyük problemlərindən biri hesab edilən ürək xəstəlikləri ilə bağlı müəyyən məqamları öyrənib sadə tədbirlər görməklə həm özümüzü, həm də yaxınlarımızı bu xəstəliklərdən qoruya bilərik: “Bunlar fəal olmaq, ürək üçün faydalı olan qidalar yemək, tütündən imtina etmək və bədən ölçülərini nəzarətdə saxlamaqdır”. “Hər il dünyada 15-17 milyon insan ürək-damar xəstəliklərindən vəfat edir və bu say getdikcə artır. 2023-cü ilə qədər 23 milyon insanın bu xəstəliklərdən öləcəyi proqnozlaşdırılır. Bu rəqəm hazırda Avstraliyanın real əhalisindən də çoxdur”. Dünən bu barədə “Dünya Ürək Günü”nə həsr olunmuş mətbuat konfransında Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev məlumat verdi. Onun sözlərinə görə, ürək və beyin xəstəliklərinin yalnız yaşlı insanları, kişiləri yaxalaması kimi fikirlər mifdən başqa bir şey deyil: “Bu xəstəliklər kişilər kimi qadınları da yaxalayır və doğurduğu risk doğrudan da, layiqincə qiymətləndirilməlidir”. Kamran həkim deyir ki, hazırda dünyanın ən böyük problemlərindən biri hesab edilən ürək xəstəlikləri ilə bağlı müəyyən məqamları öyrənib sadə tədbirlər görməklə həm özümüzü, həm də yaxınlarımızı bu xəstəliklərdən qoruya bilərik. Həkim sözügedən tədbirləri tam təfsilatı ilə açıqladı...
Birinci tədbir: fəal olun
Kamran Musayev deyir ki, fiziki hərəkətsizlik hazırda bütün dünyada baş verən ölüm hadisələrinin altı faizini təşkil edir: “Risk faktorları, məsələn, piylənmə, şəkər xəstəliyi və fiziki hərəkətsizlik böyüklərdə olduğu kimi, uşaqlarda da ürək xəstəliklərinə səbəb ola bilər”.
Onun sözlərinə görə, həftədə 5 dəfə olmaqla 30 dəqiqəlik nisbətən aktiv fəaliyyət ürək-damar xəstəlikləri riskini azaldır: “Fiziki fəaliyyət dedikdə təkcə aktiv idman etmək nəzərdə tutulmur. Digər fəaliyyətlər, məsələn, ev işləri ilə məşğul olmaq, odun doğramaq, gününü bağ-bağçada keçirmək, yaxud uşaqlara təmizlik işlərində yardım göstərmək də aktivlik hesab edilir. Bundan əlavə, piyada uzun məsafə qət etmək də vacib amillərdən biridir”.
İkinci tədbir: ürək üçün faydalı qidalar yeyin
Mərkəzi Klinik Xəstəxananın baş həkiminin sözlərinə görə, müasir dövrümüzdə insanlar getdikcə tərkibində daha çox şəkər, duz və yağ olan qidalara üz tuturlar: “Sağlam olmayan qidalar dünyada hamının bildiyi, lakin əhəmiyyət vermədiyi, əslində isə ölümlə nəticələnən 10 risk faktorunun ən təhlükəlilərindən biridir. Meyvə və tərəvəzlərlə zəngin olan qidalar insanları ürək-damar xəstəliklərindən qoruyur. Uşaqlar üçün də sağlam qidaların - kalorili ərzaqların seçilməsinə diqqət yetirmək lazımdır. Gün ərzində beş qramdan az (təqribən bir çay qaşığı) duz qəbul edilməlidir. Meyvə və tərəvəz isə mümkün qədər çox yeyilməlidir”.
Üçüncü tədbir: tütünə “yox” deyin
“Bu gün dünyada hər iki siqaret çəkəndən biri ürək xəstəliklərindən əziyyət çəkir. Bir çox hallarda bu ölümlə də nəticələnir. Təəssüf ki, getdikcə daha çox sayda uşaq və yeniyetmə siqaret çəkməyə meyllənir”,- deyən mütəxəssisin sözlərinə görə, siqaretin tərgidilməsi və siqaret çəkməyənlərin yanında siqaret çəkilməməsi ürək-damar xəstəlikləri riskini azaldır: “Evinizdə ailənizin gələcəyini qorumaq üçün siqaretə qadağa qoyulması vacib və həyati əhəmiyyət daşıyır. Uşaqlarınıza tütündən istifadənin təhlükəsi haqqında danışın, onlara siqaret çəkməyin ziyanlı olduğunu aşılayın. Siqareti tərgitmək sizin üçün çətindirsə, məsləhət üçün həkimə müraciət edin”.
Dördüncü tədbir: öz ölçülərinizi bilin
Kamran Musayevin sözlərinə görə, əgər ürək xəstəliklərindən qorunmaq istəyiriksə, ürəyimizin vəziyyətini və bizə aid olan bəzi ölçüləri müntəzəm olaraq nəzarətdə saxlamalıyıq, öyrənməliyik: “Peşəkar həkimin yanına gedib vaxtaşırı olaraq qan təzyiqinizi ölçdürün, xolesterol və şəkərin miqdarını bilin, çəkinizi və bədən kütlə indeksinizi öyrənin. Bununla siz ürək-damar xəstəlikləri riskinizi müəyyənləşdirəcəksiniz. Çoxumuz ayaqqabımızın, geyimimizin ölçüsünü bilirik, amma bədən çəkimizi bilmirik. Bədən çəkimizin ifrat artmasına imkan verməməklə də özümüzü real təhlükədən mümkün qədər qoruya bilərik”.