“Transplantasiya əməliyyatı texniki, cərrahi əməliyyat
olmaqla bərabər, həm də kompleks prosesdir. Dünyanın hər yerində bu, çox
bahalı, yüksək maliyyə tələb edən əməliyyatdır. Əməliyyatların vətəndaşlarımız
üçün əlçatan olması üçün, əlbəttə, sığorta sistemi tərəfindən bu məsələnin dəstəklənməsi
vacib şərtdir. Sevindirici haldır ki, artıq son illərdə ölkəmizdə dövlət rəhbərliyinin
sosial sahəyə diqqət və qayğısı nəticəsində icbari tibbi sığorta tətbiq olunur
və bu əməliyyatlar icbari tibbi sığorta hesabına icra olunur”.
Bu sözləri Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin
fəxri sədri, professor Kamran Musayev Bakıda keçirilən “Qafqazda ilk ürək
transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək
perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı bildirib.
O qeyd edib ki, Qafqazda ilk ürək transplantasiyası Azərbaycan
səhiyyəsinin tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin bu sahədə
regional liderliyini bir daha təsdiqləyir.
K. Musayev əlavə edib ki, ötən il Azərbaycan səhiyyə
tarixi üçün unudulmaz hadisələrlə yadda qalıb və uzun illər ərzində ölkəmizin səhiyyə
salnaməsində öz tarixi əhəmiyyətini qoruyub saxlayacaq: “2025-ci ildə ölkəmizdə
ilk dəfə beyin ölümü qeydə alınmış donordan orqan transplantasiyası həyata
keçirilib.
Sevindirici haldır ki, biz ürək cərrahları olaraq bu
tarixi prosesə qoşulduq və ötən ildə iki uğurlu ürək transplantasiyası icra
etdik. Bu əməliyyatlar Azərbaycanın Qafqaz regionunda donor orqandan ürək
transplantasiyası sahəsində lider mövqeyini təsdiqlədi və region üçün bir ilk
kimi tarixə düşdü”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman
Əmiraslanov isə çıxışında bildirib ki, ötən il Qafqazda və Azərbaycanda ilk dəfə
uğurla həyata keçirilən ürək transplantasiyası əməliyyatından sonra ölkədə
donor olmaq istəyənlərin sayı artıb:
“Bunların arasında Milli Məclisin deputatları da var. Həm
Kamran Musayevin rəhbərlik etdiyi komanda, həm də meyitdən orqan götürən
komanda öz işində çox peşəkardır. Bizim hər birimiz gərək insanların donor
olmasının təbliğatçısına çevrilək. Azərbaycanda ürək transplantasiyasına
ehtiyacı olan insan sayı çoxdur. Burada əsas məsələ donorun tapılmasıdır”, -
Ə.Əmiraslanov bildirib.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov da tədbirdə
çıxış edərək qeyd edib ki, meyitdən orqanların köçürülməsi üçün müəyyən ardıcıl
işlər görülüb: “Orqanların transplantasiyası ilə bağlı qanunun qəbul edilməsi
hüquqi bazanı gücləndirdi. Bizim həkimlər beyin ölümü diaqnozunu qoymaqda çətinlik
çəkirdilər. Bu istiqamətdə nazirlik tərəfindən böyük işlər görüldü. Artıq
2024-cü ildən etibarən beyin ölümü diaqnozu qoyulmağa başlanıb. İlk praktikamız
beyin ölümü olan ailələrlə danışmaq oldu. Həmin ailələrlə orqanların götürülməsi
üçün danışıqlar aparmaq istəyirdik ki, reaksiyalarını öyrənək. Bu istiqamətdə
müxtəlif maarifləndirmə işləri aparıldı. Maarifləndirmə işlərində qeyd olunurdu
ki, meyitdən orqan verməklə başqalarının həyatını xilas etmək mümkündür”.
N. Zeynalov əlavə edib ki, ilk meyitdən orqanın köçürülməsi
ilə ölkəmizdə donor orqanlarının transplantasiyası növbəti mərhələyə keçib: “Bu
proses icra olunanda biz düşündük ki, 2025-ci ildə yəqin ki, 1 transplantasiya
olar. Amma gördük ki, say çoxdur və transplantasiyalar var. Bu o deməkdir ki, həm
cəmiyyət düzgün maariflənib, həm də həkimlərimiz prosesi düzgün qavrayıblar. Ötən
ilin oktyabr ayında beyin ölümü baş verən pasiyentlər arasında meyitdən ürəyin
köçürülməsi məsələsi nəzərdən keçirildi”.
N.Zeynalov vurğulayıb ki, ürəyin köçürülməsində psixoloji
və tibbi risk var: “Ürəyin köçürülməsi insanın psixologiyası üçün möcüzəvi bir
hal kimi görünürdü, baryer təsiri bağışlayırdı. Həmçinin digər tibbi risklər
diqqətimizdə idi”.
Nazir müavini əlavə edib ki, müxtəlif orqanların köçürülməsini
gözləyən pasiyentlər mövcuddur: “Buna görə də transplantasiya əməliyyatlarının
sayının və əlçatanlığının artırılması qarşımızda duran məqsədlərdir. Çox güman
gələcəkdə transplantasiya əməliyyatlarına ehtiyac olmayacaq. Tibbin inkişafı
bunu deməyə imkan verir. Amma bu, çox uzaq gələcəkdir. Ona görə də qarşımızda
transplantasiya xidmətlərinin keyfiyyətini və sayını artırmaq istəyirik”.
Orqan Donorluğu va Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin
sədri Yeganə Abbasova qeyd edib ki, hazırda Azərbaycanda mindən çox şəxsin
orqana ehtiyacı var. Ümumilikdə 4642 şəxs dializdədir: “Həmin şəxslərin donor
ola biləcək insanlara ehtiyacı var. Azərbaycanda ilk meyit orqan transplantasiyasından
sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib”.
Tədbirdə ilk ürək transplantasiyası əməliyyatı keçirmiş
pasiyent Rəşad Məmmədəliyev də iştirak edib və əməliyyatdan sonrakı vəziyyəti
ilə bağlı danışıb: “Əməliyyatdan öncə təngnəfəsliyim var idi, indi hər şey çox
yaxşıdır. Əməliyyat etdirməyə qorxsam da, həkimimə inamım var idi”.
O qeyd edib ki, əvvəl hərəkət etməkdə çətinlik çəksə də,
indi rahat hərəkət edir: “Artıq əməliyyatdan dörd ay keçib. Bir neçə dərman qəbul
edirəm. Bəzisi ömürlük, bəziləri müddətlidir. Əməliyyat müddəti 5–6 saat olub.
Donor ailəsinə, üzərimdə əməyi olan hər kəsə təşəkkür edirəm.
Transplantasiyanın mənə hər hansı psixoloji təsiri olmadı”.
Dəyirmi masada aidiyyəti qurumların və səhiyyə mütəxəssislərinin
iştirakı ilə ilk transplantasiya əməliyyatının elmi-praktiki əhəmiyyəti və gələcək
perspektivləri müzakirə edilib.