Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinika Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı t.e.n. Dr. Kamran Musayev tərəfindən Azərbaycanda ilk dəfə minimal invaziv yolla uğurlu aortal qapaq cərrahiyyəsi əməliyyatı həyata keçirilmişdir.
Son illərdə tibbin və texnologiyanın inkişafı ürək cərrahiyyəsində minimal invaziv əməliyyatların geniş vüsət almasına şərait yaratmışdır. XX əsrin axırlarında təqdim olunan bu əməliyyatlar son illərdə dünyanın inkişaf etmiş ölkələrində geniş yayılmışdır. Minimal invaziv ürək cərrahiyyəsi kiçik kəsiklə həyata keçirilir. Kəsiyin ölçüsü əməliyyatın növündən asılı olaraq 3-4 sm-dən 7-8 sm arasında dəyişir. Müasir dövrdə minimal invaziv yolla qapaq, şuntlama əməliyyatları, anadangəlmə ürək qüsurlarının ləğvi və s. əməliyyatlar həyata keçirilir. Robotun köməyilə ürək cərrahiyyəsi minimal invaziv əməliyyat növü hesab olunur və xüsusu dizayn olunmuş robot vasitəsilə həyata keçirilir.Minimal invaziv cərrahiyyənin ənənəvi cərrahiyyədən bir çox üstünlükləri var. Əməliyyat kiçik kəsiklə icra olunduğundan estetik baxımdan daha üstün hesab olunur ki, bu da gələcəkdə kiçik çapıqla müşaiyət olunur. Bu üsulun üstünlükləri daha az ağrı və travma, reanimasiya müddətinin az olması, cərrahiyyədən sonra yatış müddətinin azalması, infeksiya və qanaxma riskinin aşağı olması və daha az qan transfuziyası, qısa müddətdə sağalma və xəstənin iş aktivliyinin tez bərpa olunmasıdır. Sevindirici haldır ki, Avropa və Amerikada son illərdə geniş şəkildə tətbiq olunan minimal invaziv metod artıq Azərbaycanda da tətbiq olunmaqdadır. Texnologiya baxımdan bu ölkələrdən geri qalmayan Azərbaycanda da bu üsul tətbiq olunmağa başlanmışdır və uğurlu nəticələr əldə edilməkdədir.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinika Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı t.e.n. Dr. Kamran Musayev tərəfindən Azərbaycanda ilk dəfə minimal invaziv yolla uğurlu aortal qapaq cərrahiyyəsi əməliyyatı həyata keçirilmişdir. “Mini aortal qapağın protezləşdirilməsi” adlanan bu əməliyyat 8 sm-lik kəsikdən icra olunmuşdur. Aortal qapağın çatışmazlığından əziyyət çəkən xəstə Ə.Ə. (56 yaş) əməliyyatdan 5 gün sonra şəfa ilə evinə yazılmışdır. Onu da qeyd etmək lazımdır ki, Dr. Kamran Musayevin rəhbərliyi altında Mərkəzi Klinikada son illərdə minimal invaziv metodla aorta-koronar şuntlama və anadangəlmə ürək qüsuru əməliyyatları icra olunmuşdur. Aortal qapağın minimal invaziv metodla protezləşdirilməsi əməliyyatı Mərkəzi Klinikada və respublikamızda bu yenilikçi metodun geniş yayılmasına təkan verəcəkdir.