T.e.n.Dr.Kamran Musayevin rəhbərliyi ilə ürək-damar cərrahiyyəsi komandası tərəfindən Mərkəzi Klinikada ilk dəfə olaraq qapalı metodla aorta anevrizmasının ləğvi (EVAR) əməliyyatı həyata keçirilmişdir.
Abdominal aort anevrizması qarın aortasının müxtəlif səviyyədə normadan artıq genişlənməsidir. Abdominal aort anevrizmasının (AAA) riski anevrizmanın böyüməsi və yırtılmasıdır. Son 30 ildə AAA’nın rastgəlmə tezliyi artmış və anevrizması müalicə edilməyən xəstələrin təqribən 50%-i 5 ildə yırtılma səbəbi ilə ölürlər. Açıq cərrahi təmir yırtılmanın qarşısını alan müalicə metodudur və 2-5% aşağı ölüm göstəricisi ilə səciyyələnir. Ancaq açıq cərrahi təmir xəstələrin 15-30%-də önəmli dərəcədə ağırlaşmalarla müşahidə edilir.
Planlı anevrizma təmiri ilə müqayisədə, AAA’nın endovaskular təmirinin ilk 30-gün içərisindəki ölüm faizini azaltdığı çap edilmişdir. Bir başqa çalışmada endovaskular abdominal aortik anevrizma təmirində (EVAR) ilk 30-günlük ölüm faizi 1.7 ikən açık cərrahi qrupunda 4.7%-dir.
İlk EVAR (qapalı metodla aorta anevrizmasının ləgvi) əməliyyatı Mərkəzi Klinika Xəstəxanada 22.11.2013 tarixində Xəstəxanın baş həkimi ürək-damar cərrahı T.e.n.Dr.Kamran Musayevin rəhbərliyi ilə ürək-damar cərrahiyyəsi heyəti tərəfindən aparılmışdır.
Üzərində damar daxili yolla açıq cərrahiyyəyə ehtiyac qalmadan əməliyyat aparılan xəstənin problemi isə AAA olub. Belə ki, qarın aortasının diametri normalda 2 sm olduğu halda, xəstədə bu genişlənərək 10 sm-ə yaxın olub. Bu halda aortanın yırtılma ehtimalı çox yüksəkdir.
Kişi xəstələrində daha çox rast gəlinən aorta anevrizması həyati təhlükəli bir problemdir. Xəstəlik təxminən 80 faiz hipertenziyaya bağlı olaraq özünü biruzə verir. Aorta anevrizması bir çox xəstələrdə yırtılana qədər özünü biruzə verməz. Bəzi xəstələrdə isə qarın ağrısı və ürəklə birlikdə döyünən şişlik şikayətləri ola bilər.
Bu əməliyyat xəstənin qarın boşluğunu açmadan bud nahiyəsinin qasıq hissəsindən balaca kəsiklə süni damar yerləşdirməklə həyata keçirilir. Bu cür əməliyyatın üstünlükləri də çoxdur. Açıq əməliyyatda risk və fəsad olduğu halda, qapalı əməliyyatda belə təhlükə olmur. Əməliyyat Ş.R. üzərində aparılıb və 2 saata yaxın davam edib. O, 3 il bu xəstəlikdən əziyyət çəkib. Əməliyyat uğurlu keçmiş və xəstə 4 gün sonra bu ağır xəstəlikdən sonra tam yaxşılaşmış vəziyyətdə evə yazılmışdır.