Blog
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən daha bir unikal əməliyyat gerçəkləşdirilib. Ağciyər damarlarının endarterektomiyası adlanan  bu əməliyyat ölkəmizdə ilk dəfə həyata keçirilib. Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində icra olunan bu əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərimiz tərəfindən uğurla həyata keçirilməsi Azərbaycan səhiyyəsinin son dövrlərdə əldə etdiyi nailiyyətlərdən biridir.
İnsan həyatı üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunan bu əməliyyatın mahiyyətini açıqlayan Dr. Kamran Musayev bildirdi ki, bu diaqnoz qoyulan xəstələr bu günə qədər dərmanla müalicə edilirdi və 5 il ərzində onların 90 %-i həyatını itirirdi.
“Əməliyyat etdiyimiz xəstə, 27 yaşlı yeni ana olmuş bir qadın idi. Hamiləlik zamanı baldırlarında şişmə ilə həkimə müraciət edib. Baldır damarlarının (venalarının) trombozu diaqnozu qoyularaq müalicəsi aparılıb. Doğuştan sonra isə qadında təngnəfəslik başlayıb. Bu dəfə ona “Ağciyər arteriyasının tromboemboliyası” diaqnozu qoyulub.  3 – 4 aylıq müalicədən fayda görməyən xəstədə ağcıyər arteriyasında təzyiq ciddi şəkildə yüksəlib. Xəstədə “xroniki tromboembolik ağcıyər hipertenziyası” diaqnozunu qoyduq.”
Xəstənin əməliyyata qədərki müalicə prosesi barədə məlumat verən Dr. Kamran Musayev bu gün dünya praktikasında xəstəliyin yeganə müalicə yolunun cərrahi müdaxilə olduğunu və bu zaman xəstənin qan dövranının tam dayandırılmalı olduğunu bildirdi.
“Açıq metodla ağciyər arteriyalarındakı tromboembolik tıxacları “Ağciyər arteriyasının tromboendarterektomiyası” adlanan əməliyyatda xüsusi cərrahi alətlər istifadə etməklə təmizlədik. Əməliyyat dərin hipotermiya şəraitində icra olunur və xəstə 18o C-yə qədər soyudulur. Bu mərhələdə qan dövranı tam dayandırılır və zamanla yarış başlayır. 20 dəqiqəlik iki zaman dilimində bu əməliyyatı bitirmək məcburiyyətində idik. Yoxsa xəstəyə və digər həyati orqanlara ciddi zərər vermiş olardıq. Biz əməliyyatın bu kritik mərhələsini 14 dəqiqə ərzində uğurla başa vurduq.  Əməliyyatdan 1 həftə sonra isə xəstəmizi tam sağalma ilə evə yazdıq.”
Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində icra olunan bu əməliyyatı uğurla həyata keçirməkdən qürur duyduqlarını bildirən Kamran Musayev venalarında tromblaşma olan xəstələrə daha diqqətli olmağı tövsiyyə etdi.
“Xüsusilə hamilələr, artıq çəkili insanlar, müəyyən qan xəstəliyi olan insanlar bu xəstəlik üçün risk qrupundadır. Ağciyər damarlarında tromb olan, ümumiyyətlə venalarında tromblaşma olan bütün xəstələr çox diqqətli olmalıdırlar. Bu xəstəlik hamiləlik zamanı sadə baldır venalarının tromblaşmasından sonra da əmələ gələ bilər. Damar tromblaşmasını müalicə edən həkimlər də bu diaqnozu unutmamalıdır. Artıq respublikamızda da icra olunan bu əməliyyat ehtiyacı olan bütün xəstələrə məsləhət görülməlidir.”

  • foto (1)
  • foto (2)
  • foto (3)