Blog

Mərkəzi Klinik Xəstəxanada Azərbaycanda ilk dəfə ürəkdə süni xorda köçürülməsi əməliyyatı həyata keçirilmişdir.

Bakı, 11 sentyabr (AzərTAc). Mərkəzi Klinik Xəstəxanada Azərbaycanda ilk dəfə ürəkdə süni xorda köçürülməsi əməliyyatı həyata keçirilmişdir.
Bu barədə məlumat verən klinikanın baş həkimi Kamran Musayev bildirmişdir ki, 53 yaşlı xəstənin üzərində aparılan cərrahi müdaxilə uğurla nəticələnmişdir.
Baş həkim bildirmişdir ki, uşaqlıqda keçirilmiş revmatizm nəticəsində ürəyin qapağında zədələnmələr əmələ gəlir. Əvvəllər ürək qapaqlarına cərrahi müdaxilə lazım gəldikdə qapaqlar protezləşdirilirdi. Bu əməliyyatların xəstələrə faydası olsa da, xəstələr ömür boyu qan durulducu dərmanlardan istifadə etmək məcburiyyətində qalırdılar. Bu isə xəstələrdə əməliyyatdan sonra qanaxma və ya trombların əmələ gəlməsinə səbəb olurdu. Artıq dünyada qapaqların bərpası əməliyyatları edilir. Bu əməliyyat vasitəsilə ürəyin təbii qapağı qorunub saxlanılır.
K.Musayev vurğulamışdır ki, Mərkəzi Klinik Xəstəxanada qapaqların bərpası əməliyyatları dünya praktikasına uyğun şəkildə aparılır. Dünyada bu əməliyyatlar yalnız inkişaf etmiş ürək cərrahiyyəsi mərkəzlərində icra edilir.