Blog
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub.
Konqresə dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahları iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu öndər, ümummilli lider Heydər Əliyevin Azərbaycanın tibb sahəsinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.
Sonra Azərbaycan Respublıkası Prezidentinin Administrasiysının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin konqres iştirakçılarına göndərdiyi təbrik məktubunu səsləndirib.
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov səhiyyənin mühüm qolu olan ürək-damar cərrahiyyəsinin ölkəmizdəki inkişafından danışıb, Azərbaycan həkimlərinin beynəlxalq əlaqələrinin və elmi fəaliyyətlərinin getdikcə genişləndiyini bildirib. Çıxış edənlər ənənəvi "Bakı Ürək Günləri" Beynəlxalq Konqresinin ölkə səhiyyəsinin inkişafına verdiyi töhfəni qeyd edib, Konqresin işinə uğurlar arzulayıb.
Konqresdə çıxış edən, vaxtilə Klivlend klinikasında Ulu Öndər Heydər Əliyevin həkimi olan məşhur kardioloq, professor Murat Tuzcu Ümummilli lider haqqında xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi: "Heydər Əliyevin duruşu ölkəsinin və xalqının qururunu xatırladırdı. Ulu Öndərin ətrafdakılara təsir edən aurası vardı. O, yeni şeyləri öyrənmək istəyini itirməyən 80 yaşlı cavan idi. O, xəstəxanaya hər gəlişində hər kəslə maraqlanardı. Ulu Öndər bütün dünya liderlərinin hörmətini qazanmışdı. Xəstəxanada olanda çox ölkələrin rəhbərləri H.Əliyevə zəng edib, şəfa diləyirdilər. Həmin dövrdə mən onun dünyadakı sülh üçün necə önəmli olduğunu anlamışdım. Dünya liderləri arasında Türkiyə Prezidenti Süleyman Dəmirəlin Heydər Əliyevlə münasibəti, qardaşlığı sözdə deyildi".
"Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi. O, xəstəxanada olanda da Vətəndən xəbər istəyirdi. Azərbaycan haqqında bizə danışmaqdan usanmazdı. O, göstərişdən uzaq, təvazükar insan kimi hər anını ölkəsinə həsr edib", o vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev "Bakı Ürək Günləri" 8-ci Beynəıxalq Konqresinin bu il Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu bildirib: "Biz hər il bu konqresi may ayında keçirərək Heydər Əliyevin əziz xatirəsinə həsr edirik. Biz əgər bu gün səhiyyəmizin və əsas da kardiologiya sahəsinin inkişafından danışa biliriksə, bu, ümumulli lider Heydər Əliyevin həyat fəaliyəti ilə əlaqədardır. Ulu Öndərin səhiyyə strategiyasını cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirməsi bizi bu günlərə gətirib çıxardı. Biz bu gün bu tədbirdə dünyanın 21 ölkəsindən gələn 60-dan çox moderatoru qonaq edirik. Mən bizləri yetişdirən professorlarımıza və əsas da Ümumulli liderimizin kardioloqu, yaxın həmdəmi olmuş Murad Tuzcuya dərin təşəkkürümü bildirirəm".
Sonda Murat Tuzcu Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafındakı xidmətlərinə görə təşəkkürnamə ilə təltif edilib.
Xatırladaq ki, konqres mayın 21-də də davam edəcək.