Blog
“Ürək Transplantasiyası Həftəsi” çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi jurnalistlər üçün orqan donorluğu və transplantasiya mövzusunda maarifləndirici seminar təşkil edib.
Seminarda çıxış edən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova orqan donorluğunun insan həyatının xilasındakı əhəmiyyətindən danışıb. O, qızı Məryəmin orqanlarını bağışlamaq qərarı ilə altı insana yaşamaq şansı verən Elxan Məmmədovun nümunəsini qeyd edib və vətəndaşları donor olmaqla bağlı qərarlarını sağlıqlarında ifadə etməyə çağırıb.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev bildirib ki, 2025-ci ilin oktyabrından ölkədə dörd ürək transplantasiyası əməliyyatı həyata keçirilib, 50-dən çox xəstə isə transplantasiya üçün gözləmə siyahısındadır. O, donor sayının artırılmasının vacibliyini vurğulayıb.
Məryəmin atası Elxan Məmmədov qızının orqanlarının altı insanın həyatına ümid verdiyini deyərək cəmiyyəti donorluğa dəstək olmağa çağırıb. “Bir insanı yaşatmaq insanlığı yaşatmaqdır”, – deyə o bildirib.
Seminarın interaktiv hissəsində jurnalistlər donorluğun hüquqi və etik tərəfləri, yaş həddi və transplantasiya ilə bağlı suallar ünvanlayıblar. Maarifləndirici seminar bu istiqamətdə ictimai dialoqun genişləndirilməsinə və medianın məlumatlandırıcı rolunun gücləndirilməsinə xidmət edib.