Bu gün Mərkəzi Klinik Xəstəxananın infrastrukturu və kadr potensialı Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirməyə imkan verir.
“Bu gün Mərkəzi Klinik Xəstəxananın infrastrukturu və kadr potensialı Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirməyə imkan verir. Ancaq transplantasiya, sadəcə, tibbi və cərrahi məsələ deyil. Onun sosial, hüquqi tərəfləri də var. Donor kim olacaq, hansı hallarda biz donordan orqan ala bilərik, orqanın alınması və köçürülməsi üçün kimin icazəsi alınmalıdır – bütün bu məsələlər tam həll olunandan sonra inanıram ki, Azərbaycanda ürək transplantasiyası da həyata keçiriləcək”.
Bu sözləri APA-ya eksklüziv müsahibəsində Mərkəzi Klinik Xəstəxananın (MKX) icraçı direktorunun müavini, ürək-damar cərrahı, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Dr. Kamran Musayev deyib. Ürək transplantasiyasının 1970-ci illərdən etibarən ABŞ basda olmaqla, dünyanın bir çox ölkəsində geniş tətbiq edildiyini deyən K. Musayev bildirib ki, adətən, transplantasiya zamanı ürək beyin ölümü keçirən xəstələrdən alınır. Bu metodla əldə edilən və 4 saat yaşaya bilən donor ürəyinin müddətinin 6 saatadək uzadılması üçün tədqiqatlar aparılır. Hazırda süni ürəyin yaradılması istiqamətində də işlər aparılır.
Dr. K. Musayevin sözlərinə görə, MKX fəaliyyətə başlayandan sonra ürək-damar əməliyyatlarının çox böyük əksəriyyəti Azərbaycanda aparılıb. 5 ilə yaxın müddətdə MKX-da müasir metodlarla 2000-ə yaxın ürək-damar cərrahiyyə əməliyyatı keçirilib. Onların 60-65%-i isə aorta-koronar şuntlama əməliyyatları olub: “Ürəyin işemik xəstəliyinin müalicəsində tətbiq olunan aorta-koronar şuntlama əməliyyatı zamanı ürəyin tutulan və ya daralan tac damarları yeniləri ilə əvəz olunur. Bu cür əməliyyatlarda, adətən, ürək dayandırılır, əməliyyat süni qan dövranı aparatına qoşularaq aparılır. Lakin son illərdə yeni metod əsasında ürək dayandırılmadan, yəni döyünən ürəkdə bu əməliyyatın aparılmasına başlanılıb”. K. Musayev deyib ki, MKX-dakı aorta-koronar şuntlama əməliyyatlarının 70%-i döyünən ürəkdə aparılır. Bu metoddan istifadə edərkən döyünən ürəyin bütün damarlarını dəyişdirmək mümkün olur.
Dr. K. Musayev onu da bildirib ki, Azərbaycanda ürək-damar əməliyyatlarının son illərdə geniş vüsət alması bu məqsədlə qonşu ölkələrə gedənlərin sayını da azaldıb: “Mərkəzi Klinik Xəstəxana fəaliyyətə başlayana qədər ürək-damar cərrahiyyəsi üçün azərbaycanlılar qonşu ölkələrə üz tuturdularsa, indi bu axın tam tərsinə olub. Ürək-damar cərrahiyyəsinin edilməsi üçün xarici ölkələrdən, xüsusilə Rusiya, İran, Türkiyə, Gürcüstan, Orta Asiyadan bizə müraciət edilir. Azərbaycanda çalışan xarici ölkə vətəndaşları da artıq ürək-damar cərrahiyyəsi lazım olanda, daha öz ölkələrinə getmirlər. Buna nümunə kimi İngiltərə, Hindistan, Pakistan, Moldova və s. ölkələrin vətəndaşlarının xəstəxanamızda əməliyyat olunması göstərə bilərik”.
Dr. K. Musayevin sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox rast gəlinən ürək xəstəliyi ürəyin işemik xəstəliyi, yəni ürək damarlarının tutulması, ürək infarktıdır: “Bütün dünyada ürəyin işemik xəstəliyinin yaşı gəncləşir. Sosial şərait, qidalanma, stress, siqaret çəkmə hallarının artması ilə əlaqədar indi daha gənc insanlar bu xəstəliyə görə həkimə müraciət edirlər. Ümumdünya Səhiyyə Təşkilatının 2006-cı il üçün hazırladığı hesabata görə, bütün dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlik ürəyin işemik xəstəliyidir, buna görə həmin xəstəlik hətta xərçəng xəstəliyini də qabaqlayır”.
K.Musayev onu da əlavə edib ki, əgər ürək-damar xəstəliklərindən əziyyət çəkənlər həkimə vaxtında müraciət etsələr, müalicə metodlarından istifadə edərək, normal həyat sürə bilərlər.