“İnterfaks-Azərbaycan” agentliyinin suallarını Mərkəzi Klinik Xəstəxananın baş kardioloqu, MKX-nın direktor müavini, Azərbaycan Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin sədri Kamran Musayev cavablandırır.
Azərbaycanın Mərkəzi Klinik Xəstəxanasının Cənubi Qafqazda analoqu yoxdur
– Kamran müəllim, siz Mərkəzi Klinik Xəstəxananın bugünkü fəaliyyətini necə qiymətləndirirsiniz?
– Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün MKX nəinki Azərbaycanda, həm də bütün Cənubi Qafqaz ərazisində analoqu olmayan müasir tibbi mərkəzdir. Açıldığı gündən indiyə qədər xəstəxana tibbin bütün sahələrində: ürək-damar cərrahiyyəsi, ginekologiya – süni mayalanma, urologiya, göz xəstəlikləri, burun-boğaz xəstəlikləri, diaqnostika kimi sahələrdə əhaliyə beynəlxalq səviyyədə tibbi xidmətlər göstərir. Xüsusilə, kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində uğurlarımızı qeyd etmək istərdim. Əldə etdiyimiz nailiyyətlər sayəsində MKX respublikamızın qonaqlarına nümayiş etdirə biləcəyimiz tibb müəssisəsi, xalıqızın fəxri olub.
– Ürək-damar cərrahiyyəsi sahəsində nailiyyətlər barədə nə deyə bilərsiniz?
– Müasir tibbin ən çətin və məsuliyyətli sahələrindən biri olan ürək-damar cərrahiyyəsi tibb sahəsində yüksək ixtisaslı kadrlara və ciddi texniki dəstəyə ehtiyac duyur. MKX 2001-ci ildə kadrların və texnologiyanın bu vəhdətini yarada bilib və Azərbaycanda daha yeni və daha yüksək səviyyədə ürək-damar cərrahiyyəsi ənənəsini bərpa edib. Bu gün fəaliyyətimizin arxada qalmış 5 ilinə nəzər salaraq fəxrlə deyə bilərik ki, bugünə qədər biz ürək və damarlarda 2000-dən çox uğurlu əməliyyat aparmışıq. Aparığımız əməliyyatların müstəvisi damarlarda sadə əməliyyatlardan başlayaraq, ürəkdə ən mürəkkəb əməliyyatlara qədər çox genişdir. Maraqlısı isə odur ki, əməliyyat olunanlar arasında 5 kq çəkidə uşaq və 84 yaşlı qadın var.
– Daha çox hansı əməliyyatları aparırsınız?
– Dünyanın bütün iri kardiocərrahiyyə mərkəzlərində olduğu kimi bizim klinika da da aorta-tac şuntlaması əməliyyatı ürəkdə tez-tez aparılan əməliyyatdır. Ürəyin işemik xəstəliyinin cərrahiyyə yolu ilə müalicə üsulu olan aorta-tac şuntlaması əməliyyatı mərkəzimizdə aparılmış bütün əməliyyatların 60-65%-ni təşkil edir. Ürək qapaqlarına cərrahi müdaxilə apardığımız əməliyyatların 15-20%-ni, anadangəlmə ürək qüsurları ilə bağlı əməliyyatlar isə 15%-ni təşkil edir. Damarlarda aparılmış əməliyyatların (xüsusilə aortada aparılmış əməliyyatlarda əldə etdiyimiz nailiyyətləri vurğulamaq istəyirəm) payına bütün müdaxilələrin 10%-i düşür.
– Aorta-tac şuntlaması əməliyyatlarında əldə olunan nailiyyətlər hansılardır?
– Mərkəzimizdə aorta-tac şuntlaması əməliyyatı beynəlxalq tibbin ən müasir tələblərinə uyğun olaraq aparılır. Biz MKX-da ən yeni texnologiyalardan istifadə etməklə dünyanın ən yaxşı kardiocərrahiyyə mərkəzləri səviyyəsində əməliyyatlar aparırıq. Biz arteriyanın tam revaskulyarlaşdırması üsulundan geniş istifadə edirik. Bu, aorta-tac şuntlaması əməliyyatının yalnız arterial şuntlardan istifadə etməklə aparılan növüdür və əsasən gənc xəstələr üzərində aparılır.Qeyd etmək lazımdır ki, müasir kardiocərrahiyyənin ən böyük nailiyyəti döyünən ürəkdə aorta-tac şuntlaması əməliyyatının aparılmasıdır. Bu üsul MKX-da uğurla tətbiq olunur və fəxrlə qeyd etmək lazımdır ki, hazırda əməliyyatların əksəriyyəti bu üsuldan istifadə olunmaqla aparılır.
– Yəni siz ürəkdə əməliyyatı onun fəaliyyətini dayandırmadan aparırsınız?
– Bəli. Standart aorta-tac şuntlaması əməliyyatı xüsusi dərman vasitələrinin köməyi ilə müvəqqəti olaraq dayandırılmış ürəkdə aparılır. Xəstə isə süni qan dövranı aparatına qoşulur. Döyünən ürəkdə aorta-tac şuntlaması əməliyyatı işlək ürəkdə aparılır. Texniki cəhətdən icrası mürəkkəb olsa da bu üsul xəstə üçün bir sıra üstünlüklərə malikdir. Bu üsulla aparılan əməliyyat gözəl nəticələr verir və həm yaşlı, həm də bu patologiyalı xəstələr üçün əvəzolunmazdır. MKX-da aorta-tac şuntlaması əməliyyatlarının 65-70%-nin döyünən ürəkdə aparılması sevindirici haldır.
– Fikrinzcə, bu işin nəticələri beynəlxalq standartlara cavab verirmi?
– Əlbəttə! Mərkəz açıldığı gündən indiyə qədər biz fəaliyyətimizin nəticələrini ürək-damar cərrahiyyə problemləri ilə məşğul olan ən yaxşı xarici mərkəzlərlə müqayisə edirik. Biz gördüyümüz işin nəticələri ilə paylaşır və gündəlik fəaliyyətimizdə onların təcrübəsindən istifadə edirik. Onu da əlavə edim ki, biz Amerikanın torakal cərrahları Assosiasiyası, Avropa ürək-damar Cərrahiyyə Cəmiyyəti, Asiya ürək-damar cərrahları Cəmiyyətinin keçirdiyi konqreslərdə müntəzəm olaraq uğur və nailiyyətlərimiz haqqında hesabat veririk. Əminik ki, bizim dünyanın aparıcı ürək-damar cərrahlarını birləşdirən bu təşkilatlardakı çıxışlarımız respublikamıza böyük xeyir verir.
– Siz eyni zamanda Azərbaycan ürək-damar Cərrahiyyə Cəmiyyətinin təsisçisi və sədrisiniz. Zəhmət olmasa, bu təşkilat barədə bir qədər məlumat verin.
– 2002-ci ildə MKX-da fəaliyyətə başladıqdan sonra biz belə bir cəmiyyətin yaradılmasına zərurət duyduq. Ciddi hazırlıqdan sonra 2004-cü ildə kardioloqlardan və ürək-damar cərrahlarından ibarət böyük qrup Azərbaycan Ürək-Damar Cərrahiyyə Cəmiyyətində birləşdi. Bu əlamətdar hadisə Azərbaycanda tibbin inkişafında böyük rol oynayıb. Cəmiyyət durmadan böyüyür, inkişaf edir və Azərbaycanın tərəqqisi naminə tibb sahəsində yeni-yeni nailiyyətlər əldə edir.