MKX–nın icraçı direktorunun müavini, Azərbaycan Ürək – Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Dr.Kamran Kazım oğlu Musayev 01 iyul – 07 avqust 2007-ci il tarixlərdə İngiltərənin London şəhərində ezamiyyətdə olmuşdur.
Dr.Kamran Musayevin bu dəfəki ezamiyyəti Birləşmiş Krallığın ən böyük ürək mərkəzi olan Royal Brompton və Harefield (RBH) xəstəxanasında baş tutmuşdur.6 həftəlik kurs şəklində planlaşdırılan ezamiyyət Dr.K.Musayevin bu xəstəxana ilə uzun illərdən bəri davam edən isti münasibətlərinin nəticəsində mümkün olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Royal Brompton və Harefield xəstəxanası eyni zamanda dünyadakı ən nüfuzlu ürək cərrahiyyəsi mərkəzlərindən biridir.
Dr.Kamran Musayev bu xəstəxanada ürək cərrahiyyəsinin ən son nailiyyətləri ilə yaxından tanış olmuş, ən mürəkkəb ürək əməliyyatlarında iştirak etmişdir. Eyni zamanda “süni ürək” yaradılması çalışmaları ilə maraqlanmış, bu sahədəki yeniliklərlə tanış olma fürsəti tapmışdır. RBH xəstəxanasının yüksək səviyyəli mütəxəssisləri ilə təcrübə mübadiləsi aparılmış, onlarla səmimi münasibətlər daha da inkişaf etdirilmişdir.
RBH xəstəxanasında ürək cərrahiyyəsinin qurucusu, dünyanın ən nüfuzlu ürək cərrahlarından olan Prof.Dr. Magdi Yacoub ilə fikir mübadiləsi aparılmış, onun elmi və praktik fəaliyyəti ilə yaxından tanış olunmuşdur.
Dünyada ürək cərrahiyəsinə etdiyi xidmətlərdən ötrü İngiltərə Kraliçəsi tərəfindən “Sir” ünvanı ilə təltif olunan Prof.Dr. Magdi Yacoub hal-hazırda RBH xəstəxanasında özünün qurduğu “Ürək Elmi Mərkəzinə”(Heart Science Center) başçılıq edir. Dr.Kamran Musayev bu elmi mərkəzin işi ilə də yaxından tanış olmuş, burada aparılan elmi araşdırmaların metodologiyası və nəticələri ilə maraqlanmışdır. Eyni zamanda Prof.Dr.Magdi Yacoub ilə ətraflı müzakirələrdən sonra Azərbaycanda da belə bir mərkəzin qurulması üçün dəstək sözü alınmışdır.
Prof.Dr.Magdi Yacoub başda olmaqla RBH xəstəxanasının aparıcı mütəxəssislərinin hamısına respublikamızda sürətlə inkişaf edən ürək cərrahiyyəsinin vəziyyəti barədə ətraflı məlumat verilmişdir. Azərbaycanda ürək – damar cərrahiyyəsini daha da inkişaf etdirmək üçün Mərkəzi Kilnik Xəstəxana və Royal Brompton-Harefield xəstəxanası arasında münasibətlərin davam etdirilməsi hamının ortaq fikri və arzusu olmuşdur.