29 sentyabr 2018-ci il tarixdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 1-ci Beynəlxalq Ürək Cərrahiyyəsi Konqresi keçirilib.
Konqresdə iştirak edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, t.e.d., professor Dr. Kamran Musayev “Aortal qapağın təmiri – Bakı təcrübəsi” mövzusunda mühazirə ilə çıxış edib.
Konqresin sonunda Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyəti İdarə Heyətinin qərarı ilə Dr. Kamran Musayev Cəmiyyətin fəxri üzvü (honorary member) seçilib. Fəxri üzv plaketini Dr. Kamran Musayevə Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin sədri Prof. Dr. Sulxan Lominadze təqdim edib.
“Qonşu ölkənin ürək-damar cərrahları ilə uzun müddətdir ki, əməkdaşlıq edirik. Mütəmadi olaraq onlarla müxtəlif beynəlxalq elmi tədbirlərdə görüşür, təcrübə mübadiləsi aparırıq. Bizim təşkil etdiyimiz “Bakı Ürək Günləri” beynəlxalq Konqresində gürcüstanlı həmkarlarımız aktiv iştirak ediblər. Biz də öz növbəmizdə onların keçirdiyi ilk beynəlxalq konqresdə iştirak edib, onlara uğurlar arzuladıq, dəstəyimizi göstərdik. Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin fəxri üzvü seçilməyimi əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün yeni bir addım kimi qiymətləndirirəm. İnanıram ki, təşkilatlarımız arasında əməkdaşlıq bundan sonra da sıx davam edəcək.” – deyə Dr. Kamran Musayev bildirib.