Blog
Yanvarın 23-də Rusiya Elmlər Akademiyasının akademiki, Moskvadakı A.L.Myasnikov adına Klinik Kardiologiya İnstitutunun Ürək-Damar Cərrahiyyəsi şöbəsinin müdiri, məşhur kardiocərrah Renat S. Akçurin Mərkəzi Klinik Xəstəxananı ziyarət etmişdir.
Qeyd edək ki, akademik Renat Akçurin hal-hazırda Rusiyanın və dünyanın ən tanınmış kardiocərrahlarından hesab olunur. Təsadüfi deyil ki, 1995-ci ildə Rusiyanın o zamankı  prezidenti B.N.Yeltsinin açıq ürək əməliyyatı da məhz onun rəhbərlik etdiyi cərrahi briqadaya etibar olunmuşdu.
Azərbaycan Respublikası Səhiyyə  Nazirinin müavini Abbas Vəlibəyovla birlikdə baş tutan bu ziyarət qonaqda müsbət təəsürat yaratmışdır. Akademik və nümayəndə heyəti klinikada Baş direktorun müavini Dr. Ceyhun Topçubaşovla və Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri t.e.n.Kamran Musayevlə görüşmüşdür. Xəstəxana ilə hərtərəfli tanış olan akademik Renat Akçurin xüsusilə, ürək-damar cərrahiyyəsi şöbəsilə maraqlanmışdır. Mərkəzi Klinikada həyata keçirilən ürək-damar əməliyyatları və bu əməliyyatların nəticələri akademik tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanda dünya standartları səviyyəsində belə bir klinikanın olmasından, yüksək texnologiya və yüksək ixtisaslı kadrlar tələb edən bu cür əməliyyatların icra oluna bilməsindən məmnuniyyət duyduğunu ifadə etmişdir.
Akademik Renat Akçurin və t.e.n. Kamran Musayev arasında ürək-damar cərrahiyyəsi sahəsində qarşılıqlı əməkdaşlıq barədə çox faydalı müzakirələr olmuşdur. Bu sahədə A.L.Myasnikov adına Klinik Kardilogoya İnstitutu ilə Mərkəzi Klinik Xəstəxana arasında sıx əlaqələrin yaradılması qərara alınmışdır.