Blog
Ürək-qan-damar xəstəlikləri Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklərdəndir. Təkcə ötən il ölkədə bu xəstəliklər səbəbindən 350 mindən çox insan həyatını itirib. Bu xəstəlikdən daha çox yaşlı nəsil əziyyət çəksə də, son illərdə cavanlaşma müşahidə olunur.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev CBC-yə bu faktı təsdiq edib: “Getdikcə daha çox gənc insanlarda biz bu xəstəliklərə rast gəlirik. Məsələn, mənim ürək-damar xəstəlikləri ilə əməliyyat edən xəstələrim arasında 40 yaşın altında olan xəstələrin sayı artır, hətta 30 yaşın altında olan xəstələri əməliyyat etmək məcburiyyətində qalmışam. Ölkəmizdə 15 ildir ki, bu əməliyyatları icra edirəm, ən gənc xəstəmin 28, ən yaşlı xəstəmin isə 90 yaşı olub.
Ürək-qan-qamar xəstəlikləri müxtəlif səbəblərdən meydana gələ bilər. Hipertoniya, yəni yüksək qan təzyiqi, şəkər xəstəliyi, qeyri-sağlam qidalanma, xüsusilə qanda xolesterinin miqdarının artmasına səbəb olan yağlı qidalar, piylənmə, siqaret və tütün məhsullarından istifadə bu xəstəlikləri yaradan əsas amillərdir. Mütəxəssislər bildirirlər ki, ürək-qan damar xəstəlikləri qarşısı alına bilən xəstəliklər qrupundadır. Vaxtında həyat tərzində çox sadə dəyişikliklər etməklə, tam sağlam ürəyə sahib olmaq mümkündür.
“Mümkün qədər yağlı qidalardan uzaq durmalıyıq, heyvan mənşəli yağlardan, qırmızı ətdən uzaq durmalıyıq, mümkün qədər quş və balıq ətindən daha çox istifadə etməliyik. Qızardılmış qidalardan, un və un məmulatlarından, şəkərli qidalardan uzaq durmalıyıq. Amma sadəcə ürək sağlamlığı cəhətdən doğru qidalanmaqla iş bitmir. Biz aktiv həyat tərzinə keçməliyik. İllah da aktiv hərəkət idman zalında idman olmaya bilər. Qaçmaq, yürüş etmək, rəqs etmək, oynamaq bunlar hamısı ürək sağlamlığı cəhətdən eyni nəticəyə gətirib çıxarır” – deyə, həkim bildirib.
Qeyd edək ki, ürək-qan-damar xəstəlikləri Azərbaycanda olduğu kimi, dünya əhalisi arasında ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklərdəndir. 2015-ci ildə dünyada 17,5 milyon insan ürək-damar xəstəlikləri səbəbindən dünyasının dəyişib. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, bu rəqəm 2030-cu ildə 23 milyona çatacaq.
K.A Xəstəliyin daha da qloballaşması səbəbindən 2000-ci ildən etibarən Dünya Ürək Federasiyasının təşəbbüsü ilə sentyabrın 29-u “Dünya Ürək Günü” kimi qeyd olunur. “Dünya Ürək Günü” hər il fərqli şüarla qeyd edilir. “Həyatına enerji qat!” “Dünya Ürək Günü”nün bu ilki şüarıdır. 2010-cu ildən etibarən, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti də “Dünya Ürək Günü” ilə bağlı tədbirlər həyata keçirir. Bu günlə bağlı paytaxt Bakıda və regionlarda silsilə tədbirlər, beynəlxalq konfranslar və alış-veriş mərkəzlərində aksiyalar keçirilir. Cəmiyyətin qərarı ilə bu il sentyabrın son həftəsi “Sağlam Ürək Həftəsi” elan edilib. Bu həftə çərçivəsində sentyabrın 28-dən 30-dək paytaxtda yerləşən alış-veriş mərkəzlərində “Həyatına enerji qat!” şüarı altında aksiyalar keçiriləcək. Əhali arasında ilkin tibbi müayinə aparılacaq, ürək sağlamlığı ilə bağlı maarifləndirici məlumat kitabçaları paylanacaq. Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə yerli və əcnəbi kardioloq və kardiocərrahların iştirakı ilə beynəlxalq elmi konfrans keçirəcək.