Blog
27-30 oktyabr tarixində Türkiyənin Antalya şəhərində Avropa Damar Cərrahiyyəsi Cəmiyyəti və Türkiyə Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkil etdiyi XV Damar Cərrahiyyəsi Konqresi keçirilmişdir.

Dünyanın ən qabaqcıl cərrahlarının iştirakı ilə damar cərrahiyyəsinin aktual problemlərinin müzakirə edildiyi Konqresdə Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Prof. Dr. Gustav Fredrix başda olmaqla, Türkiyə, ABŞ, İngiltərə, Hollandiya, Fransa, Avstriya, İspaniya, Almaniya və digər ölkələrin aparıcı mütəxəssisləri iştirak etmişdir. Bu mötəbər tədbirdə ölkəmizi AÜDCC sədri, MKX-nın baş həkimi, tibb elmləri namizədi Dr. Kamran Musayev təmsil etmişdir.

Dr. Kamran Musayev damar cərrahiyyəsinin ən aktual problemlərindən biri olan AAA-nın (Abdominal Aort Anevrizması) – qarın aortasının anevrizmasının müalicəsinə həsr olunmuş “AAA-nın müalicəsində klassik cərrahi metodu, yoxsa yeni endovaskulyar metodmu?” mövzusunda mühazirə oxumuşdur. Həmyerlimizin çıxışı Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Prof. Dr. Gustav Fredrixin mühazirə oxuduğu sessiyada baş tutmuşdur. Dr. Kamran Musayevin mühazirəsi böyük marağa və geniş müzakirəyə səbəb olmuşdur. Çıxışı zamanı qarın aortasının anevrizmasının müalicəsinə yanaşması Prof. Dr. Gustav Fredrix və digər iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

Bu cür Konqreslərin ürək-damar cərrahiyyəsinin inkişafında mühüm əhəmiyyəti olduğunu vurğulayan Dr. Kamran Musayev paytaxtımızda da analoji konqreslərin keçirildiyini bildirdi:

“Qeyd edim ki, damar cərrahiyyəsi tibbdə sürətlə inkişaf edən və dəyişən sahələrdən biridir. Biz ürək-damar cərrahları bütün müayinə metodlarını, cərrahi müdaxiləyə ehtiyacı olmayan damar xəstəlikləri və onların müalicəsini, endovaskulyar müalicəni və klassik açıq cərrahi metodları yaxşı bilməli və bu dörd əsas mövzuda yenilikləri yaxından izləməliyik. İştirak etdiyimiz bu Konqres bu baxımdan çox əhəmiyyətli oldu. Konqresdə iştirak edən əcnəbi həmkarlarımızla ürək-damar cərrahiyyəsində tətbiq olunan yeniliklər barədə müzakirələr apardıq. Onlara ölkəmizdə səhiyyənin, o cümlədən ürək-damar cərrahiyyəsinin sürətli inkişafı barədə ətraflı məlumat verdik. Həmçinin, dünyanın aparıcı ürək-damar cərrahlarının gələcəkdə Bakıda keçirəcəyimiz tədbirlərdə iştirakı barədə razılıq da əldə etdik”.