Blog
Layihə: Günel Mövludla “Travelers Coffee”də səhər yeməyi
Qonaq: Kamran Musayev
Qarşılayan: Günel Mövlud

İndiyə kimi səhər yeməyində səfir, millət vəkili, yazıçı, şoumen, hüquqşünas və daha nə kimi peşələri olan insanlar qonaq olsa da, heç vaxt həkim qonağım olmamışdı. Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevi qonaq çağırmağımın üç səbəbi vardı: birincisi, heç vaxt həkimlə səhər yeməyi yeməmişdim, ikincisi, yaşı qırxa çatmamış bir insanın bu yaşda baş həkim olmağı maraqlı idi, üçüncü və ən başlıca səbəb isə gələcək qonağımın ixtisaslaşdığı sahə idi: Ürək!

Beləliklə, qonağım Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı Kamran Musayevdir.

Doktorla görüşümüz bazar gününə düşmüşdü. Görüşə sərbəst paltarda gəlmişdi – əsl bazar günü qiyafəsində. Etiraf eləyim ki, bir həkimi bu paltarda qəbul eləmək nəsə qəribə hiss idi – həmişə ağ xalatda gördüyün adamı qəfildən sıradan insanlar kimi mülki paltarda görürsən. 

Söhbətimiz elə ilk həmlədən alındı – zahiri görünüşü, səsi, danışıq tərzi, hərəkətləri rahat və xoş təsir bağışlayırdı. Yəni sıxıla biləcəyim heç bir səbəb olmadı. Üzünü ilk dəfə gördüyüm həkimlə min ilin tanışı kimi rahat söhbətə başladıq. 

Qonağım əyləşər-əyləşməz ofisiant başımızın üstünü kəsdirdi. Qısa məsləhətləşmədən sonra menyumuzu seçdik: o holland pendirli tost və qızıl balıq salatı, mənsə tomat şorbası və vetçinalı tortilyalar. Bu arada qonağım belə rahat və bol yemək seçməyimə də bir az ironiya ilə yanaşdı:

- Siz deyəsən, dieta saxlamırsız?

Bəxtim onda gətirdi ki, bu aralar çəkim nə özümün, nə də başqalarının gözünə qətiyyən artıq görünmürdü. Odur ki, ürəklə:

- Ehtiyacım yoxdur... – dedim. 

Və söhbətimiz başladı:

- Sizə necə müraciət eləyəndə xoşunuz gəlir: «Bəy», «müəllim», yoxsa «doktor»?

- Əslində, sadəcə adımla müraciət eləyəndə xoşum gəlir. «Müəllim» müraciətini heç sevmirəm, «Bəy» bir müraciət şəklindən daha çox sinfi ayrı-seçkiliyə işarədir, odur ki, hələ ki, «doktor» müraciətinə alışmışam. Məncə, bu müraciət məsələsində yük siz yazarların üstünə düşür, fikirləşib, bizə bir uyğun müraciət şəkli tapmalısınız…

- Doktor, uşaq vaxtı bircə dəfə həkimə getmişəm – dişimi çəkdirməyə. Və aradan iki onillik keçəndən sonra ikinci dəfə həkim üzü görmüşəm. Səbəbi sağlam uşaq olmağım deyildi – bircə dəfə gördüyüm həkim mənim yaddaşımda ağrı ilə qalmışdı. Və açığı, bütün uşaqlığım boyu həkimlərdən zəhləm gedib. Maraqlıdı, siz də uşaq vaxtı həkimlərdən xoşlanmırdız? 

- Mənim dayım həkim idi. Mən gözümü açandan görürdüm ki, onun qohum-əqrəba, el-oba arasında necə hörməti var. Hamı hörmətini saxlayırdı, hamı xəstəsini sağaltdığı üçün ona alqış eləyirdi. Məni həkim olmağa həvəsləndirən əsas səbəblərdən biri dayımın həkim olmağı idi. Əgər niyə məhz ürək-damar cərrahiyyəsi üzrə ixtisaslaşmağımı soruşsanız… mən uzun illər beyin cərrahiyyəsi, yoxsa ürək-damar cərrahiyyəsi arasında qaldım. Hər dəfə xaricdə bu sahədə hansısa uğurları eşidəndə, həvəslənirdim. Axırda bu qənaətə gəldim ki, ürək-damar cərrahiyyəsində daha çox uğur qazana və daha faydalı ola bilərəm...

- Amma mən elə düşündüm ki, siz «beyin yoxsa ürək?» arasında ürəyi seçmisinizsə, bu, bir az romantik olduğunuzdan xəbər verir... 

- Yox, qətiyyən, mən indi, yəni yaş keçdikcə romantikləşirəm, amma cavan vaxtlarımda elə də romantik deyildim...

- Ürək-damar cərrahı olduğunuz bu uzun illər ərzində belə bir müşahidə aparmısınızmı ki, hansı ixtisas sahiblərində ürək xəstəliyi daha çox olur? 

- İxtisas deməzdim, amma şəhər insanında ürək xəstəlikləri daha çox olur. Ürək xəstəlikləri stresslə çox əlaqəli olduğu üçün, kənddə yaşayan insanlarda az rast gəlinir: orada həyat sakit, səs-küydən uzaq, stressiz keçir. Buna görə də kənd adamında ürək xəstəliyi riski daha azdır.

- Təcrübənizdə daha çox kimlər olub? 

- Demək olar ki, elə bir peşə sahibi yoxdu ki, ürəyini əməliyyat eləməyim...

- Yazıçı ürəyini əməliyyat eləmisiniz? 

- Kimliyini deyə bilməyəcəm, amma yazıçı ürəyini də əməliyyat eləmişəm.

- Yazıçı ürəyinin başqa ürəklərdən bir fərqi varmı? 

- Vallah, tibbi nöqteyi-nəzərdən yazıçının ürəyi ilə oliqarxın ürəyi arasında heç bir fərq yoxdu. Uzaqbaşı, oliqarxın ürəyi daha yağlı ola bilər...

- Yəni doğrudan yazıçı ürəyi ilə oliqarx ürəyi arasında heç bir fərq yoxdu?! 

- Tibbi nöqteyi-nəzərdən baxanda, yoxdu.

- Bəs qadın ürəyi ilə kişi ürəyi arasında fərq var? 

- Qadınların ürəyi daha balaca, damarları da daha incə olur. Başqa fərq yoxdu...

- Doktor, cərrahiyyə əməliyyatı ilə bağlı müxtəlif lətifələr, zarafatlar olur. Bu doğrudurmu ki, həkimlər əməliyyat əsnasında bir-bir ilə zarafat eləyirlər, deyib-gülürlər? 

- Düzdü, olur. Bilirsiz, ürək əməliyyatı elə bir şeydir ki, burada həmişə ölüm riski var. Bunu mən də bilirəm, xəstə də, onun yaxınları da, mənimlə birlikdə əməliyyata girən başqa həkim və tibb bacıları da. Bu gərginliyin öhdəsindən gəlmək üçün məcbursan ki, ortamı bir az yumşaldasan, nəsə bir zarafat eləyəsən. Yəni bizdə də əməliyyat vaxtı olur belə şeylər. 

- Maraqlıdı, o zarafatlar kiminə bağlı olur – xəstənin vəziyyəti ilə? 

- Yox, qətiyyən. Əməliyyat elədiyimiz xəstə istər qadın olsun, istər kişi – təkcə sağlamlığını deyil, həm də məhrəmini bizə etibar edən adamdır. Onun həmin vəziyyəti ilə bağlı nəsə zarafat eləmək qeyri-etik hərəkətdir və mən bunu nə özümə nə də yanımda olan həkimlərə icazə vermərəm. 

- Doktor, «məhrəm» demişkən, belə bir fikir var ki, həkim məhrəm adamdır, yəni heç bir məsələdə ondan utanmaq olmaz. Yaxşı, deyək ki, biz bu fikirlə razılaşdıq və utanmağı buraxdıq. Bəs, həkimlərin özləri necə, yəni doğrudan onlar da heç bir durumda ya utanma, ya bir narahatlıq hiss etmirlər? 

- Universitetin ilk illərindən, insan anatomiyası ilə bağlı dərslərdə iştirak edən, kitablar oxuyan, söhbətlər aparan insanlar bu mərhələni keçmiş olurlar. Mən hələ bir nəfər də olsun kolleqamı tanımıram ki, təhsil illəri ərzində bu utanma, çəkinmə hissinin öhdəsindən gəlməsin.

- Bəs, bu hiss həkimlərə gündəlik həyatında mane olmur? 

- Biz o xalatı soyunub, xəstəxanadan çıxanda artıq bəzi həkimlik vərdişlərini işdə buraxmış oluruq. Küçədə yeriyən hər bir insana onun ya bədənini ya da daxili orqanlarını görürmüş kimi baxmırıq. Belə olsa, bu, manyaklığa aparıb çıxara bilər.

- Bu yaxınlarda atam xəstələnmişdi. Uzun illər içki içən, siqaret çəkən adamdı. Onu müayinə eləyən həkimlərdən xahiş elədim ki, bu şeylərlə bağlı atama xəbərdarlıq eləsinlər. Amma ürək həkimi dedi ki, mən özüm də içki içirəm, ona necə qadağan eləyim? Sizcə, həkimlərin özlərinin sağlamlığa zərərli şeylərdən istifadə etməsi doğrudurmu? 

- İndi sizə bir atalar sözü deyəcəm, bir ateist olaraq çox xoşunuza gələcək. Deyir, bir həkimlərin, bir də mollaların dediklərini eləyin, elədiklərini eləməyin. Amma istənilən halda düşünürəm ki, həkim xəstəyə nümunə olmalıdır. Xəstənin sağalmağı həkimə inanmağından başlayır. Bizim klinikaya elə ağır xəstələr gəlir ki, baxırsan xəstəliyi ağırdı, amma içində sənə inam var. Elə xəstələrin adətən əməliyyatı da uğurla keçir, özləri də tez sağalır. Amma elələri var ki, heç xəstəliyi o qədər də ağır deyil, amma içində inam yoxdu. Gedir-gəlir, onunla məsləhətləşir, bununla məsləhətləşir, axırda xəstəliyi ən kritik məqama çatır və ağır əməliyyat keçirəsi olur. Hətta öləni də olur. Onu demək istəyirəm ki, xəstə həkimə inanmalıdır. Buna görə də həkimin özünün siqaret çəkə-çəkə xəstəyə siqaretin zərərindən danışması həm gülməli, həm də qeyri-etikdir. Sən o siqaretin lap min zərərini izah elə, sənin özünün də ondan istifadə etdiyini görən xəstəni necə inandıra bilərsən ki, o siqareti atmalıdı?

- Doktor, sizə bir sual verim. Məsələn, mən insanın Allah tərəfindən deyil, atomlardan yarandığına inanıram. Bəs, insan bədəninin yapısını, coğrafiyasını, yəni insan adlı o mexanizmi bilən bir həkim kimi, siz necə düşünürsünüz – insanın yaradılışında Tanrı əli varmı? 

- İnsan doğrudan da mükəmməl varlıqdır. Siz insanın bədən üzvlərinin, daxili orqanlarının necə mürəkkəb və eyni zamanda gözəl bir mexanizm olduğunu görsəniz, heyran olarsınız. Baxın, indi biz sizinlə yemək yeyir, söhbət eləyirik. Amma bizim içimizdə bu dəqiqə bilsəniz nə qədər proseslər gedir?! Bu mexanizmi tam öyrənəndən sonra bu qərara gəlirsən ki, bu qədər mükəmməl bir varlıq təsadüf nəticəsində yarana bilməzdi - bunun yaradılışında mütləq Tanrı əli var.

- Yəni siz Allaha inanırsınız. 

- Təbii. Bəzən iki xəstənin ürəyini əməliyyat eləyirəm. Xəstəlik eyni, əməliyyat eyni, laboratoriya, həkimlər, tibb bacıları, üsul eyni. Hər şey eyni olur, amma nəticə başqa alınır. Biri iki günə ayağa qalxır, o biri on beş, iyirmi gün xəstəxanadan çıxa bilmir. Deməli, bu bizim iradəmizdən deyil, Allahın istəyindən asılıdır.

- Onda sizcə, ağır xəstəni Allahın, yoxsa həkimin ümidinə buraxmaq lazımdır? 

- (gülür) Ağır xəstəni həkimin əlinə, Allahın ümidinə buraxmaq lazımdır. 

- Doktor, əlinizdə xəstə ölübmü? 

- Belə hallar da olub.

- Nə hiss eləyirsiniz həmin vaxt? 

- Mən həkim olaraq bilirəm ki, əlimdən gələni elədim. Bilirəm ki, onun ölümündə mənim heç bir günahım yoxdu. Amma istənilən halda istər insan, istər həkim kimi, çox ağrıyıram. 

- Neçə ölüm hadisəniz olub? 

- Statistika belədir ki, əməliyyat olunan hər yüz nəfərdən ikisi, ya üçünü xilas eləmək olmur. 

- Solçular deyir ki, ürək solda olduğuna görə, bütün yaxşı adamlar solçu olur. Ürək həkimi bu barədə nə deyə bilər? 

- Vallah, türklərin bir sözü var: mən nə sağçıyam, nə solçuyam – mən futbolçuyam. Açığı, ideoloji məsələlər barədə düşünmürəm. Mənim fikrimcə, insan yaxşı adam olmalıdı, sinfi ayrı-seçkilik olmamalıdı. 

- Onda sizi solçu hesab eləmək olar... 

- Bəlkə də...

- Ürəklə bağlı bizim folklorda çoxlu deyim var. İnsan xasiyyəti, cəsarəti, davranışı barədə müxtəlif deyimlər məhz ürəklə bağlıdı. «Ürəkli ol», «ürəyim gəlmədi», «ürəyinə salma», «ürəyini yemə»... Sizcə, sadə insanların hər şeyi ürəklə bağlamasının səbəbi nə olub? 

- Ürək – «insan» adlı mexanizmin ən vacib hissəsidi. İnsanın bütün bədən üzvləri, orqanları sıradan çıxa, ölə bilər. İnsanın hər iki böyrəyini, ciyərlərini çıxara bilərlər, əllərini-ayağını kəsə bilərlər, hətta beyni də dayana bilər. Amma bu, hələ ölüm deyil. Nə qədər ürək dayanmayıb, deməli, insan hələ sağdı. Ölüm deyilən şey ancaq ürək dayananda gerçəkləşir. Yəqin ki, insan özünün hələ ibtidai vaxtlarından bunu bilib. Bilib ki, insanın həyatı ürəkdən asılıdı, insanın sağ olduğunu sübut edən tək şey onun ürəyinin işləməsidi. Buna görə də, sadə insan bütün deyimlərini ürəyə bağlayıb...

- Doktor, sizə ürəkdən təşəkkür eləyirəm...

http://lent.az/xeber_92336_Kamran_Musayev-_%E2%80%9C%C6%8Fm%C9%99liyyat_vaxt%C4%B1_zarafat_etdiyimiz_d%C9%99_olur...%E2%80%9D_-_S%C3%96HB%C6%8FT_-_FOTOLENT