Blog
“APA” informasiya agentliyinin suallarını Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin sədri Kamran Musayev cavablandırır.
Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevin APA-ya müsahibəsi
– “Bakı ürək günləri” adı altında keçirilən konqresin Azərbaycan üçün hansı əhəmiyyəti oldu?
– Heydər Əliyevin ad gününə həsr olunmuş bu konqres Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən təşkil olunmuşdu. İlk dəfə təşkil olunmuş konqresdə 15 ölkədən 70-dən artıq nümayəndə iştirak edirdi. Konqresin Azərbaycan üçün ilk əhəmiyyəti odur ki, biz dünyaya belə bir tədbir təşkil edə bildiyimizi sübut etdik. Digər tərəfdən, bu konqres kardiologiya və kordiocərrahiyyənin ən aktual məsələlərinə həsr olunmuşdu. Kardiologiya sahəsindəki problemlərin xarici mütəxəssislərlə birgə müzakirə olunmasına imkan yaradıldı. Bu isə yerli mütəxəssislərin səviyyəsinin yüksəlməsinə şərait yaradır. Bütün bunlar sonda Azərbaycanda kardiologiya və kordiocərrahiyyənin inkişafına təkan verəcək.
– Azərbaycanda ürək xəstəlikləri ilə bağlı vəziyyət necədir? Son vaxtlar hansı xəstəliklərlə bağlı müraciətlər daha çox artıb? 
– Kardiologiya və kordiocərrahiyyədəki nailiyyətlərə baxmayaraq, bütün dünyada ürək xəstəlikləri ölümə, əliliyə səbəb olan xəstəliklər sırasında ilk yeri tutur. Bunu Ümumdünya Səhiyyə Təşkilatının son statistik məlumatları da təsdiq edir. Bakıda keçirilən konqresdə bu məsələ bir daha müzakirə olundu. ABŞ və İtaliyadan olan qonaqlar təəssüflə qeyd etdilər ki, ürək-damar xəstəlikləri, xüsusilə ürəyin işemik xəstəliyi üzrə göstəricilərdə azalma baş verməyib. Düzdür, bu xəstəliklərin müalicəsində güclü nailiyyətlər əldə olunub. Bu gün bütün dünyada ürəyin işemik xəstəliyi ilə bağlı müraciət edənlərin sayı çoxdur.
– Azərbaycanda ürəyin transplantasiyası üzrə yenilik gözlənilirmi?
– Biz konqresin bir bölməsini buna həsr etmişdik. Tədbirə ürəyinin transplantasiyası üzrə ən yaxşı həkimləri dəvət etmişdik. Konqresdə ürəyin transplantasiyası üzrə nailiyyətlər müzakirə olundu. Mən inanıram ki, bu nailiyyətlərin işığında Azərbaycanda da ürəyin transplantasiyasını keçirə biləcəyik.
– Azərbaycanda ürək transplantasiyasının keçirilməsinə imkan verməyən səbəblər hansılardır? 
– Ürəyin transplantasiyasına yalnız cərrahi müdaxilə kimi yanaşmaq olmaz. Bu gün Azərbaycanda ürək transplantasiyasını həyata keçirə biləcək kadr və xəstəxanalar var. Amma ürək, ümumiyyətlə, orqan transplantasiyası kompleks məsələdir. Burada məsələnin sosial və hüquqi tərəfləri də var. Məsələnin hüquqi və sosial tərəflərini həll etmədən ürəyin transplantasiyasına başlamaq düzgün deyil. Məsələnin hüquqi və sosial tərəfləri həll olunmadan işə başlasaq, sonradan biz cərrahlar üçün problemlər yaranar. Ona görə də həm orqanı verən, həm də orqan köçürülən tərəfin müvafiq hüquqi problemləri həll edilməlidir.
– Hüquq və sosial problemlərin həll üçün hansı məsələləri tənzimləmək lazımdır?
– Bunun üçün hər şeydən əvvəl donorun, yəni orqanını aldığımız xəstənin beyin ölümü təsdiqlənməli və yaxınları buna yazılı razılıq verməlidirlər.
– Ürək transplantasiyasının neçəyə başa gələcəyi gözlənir?
– Bütün bunlar zamanın həll edəcəyi problemlərdir. Belə əməliyyat yaxın zamanlarda gözlənilir və bunu etməməyimiz üçün heç bir səbəb yoxdur.
– Mərkəzi Kilinik Xəstəxana Azərbaycanda tibbi yenilikləri ilk tətbiq edən müəssisədir. Yaxın zamanlarda klinikanın daha hansı yenilikləri gözlənilir?
– Hər il ürək-damar cərrahiyyəsi sahəsinə yeniliklər gətirilir. Bu il isə aritmiya sahəsindəki əməliyyatları nümunə göstərə bilərəm. Mərkəzi Klinik Xəstəxanada aritmioloji xidməti tam qurmuşuq. Bu, Azərbaycan üçün yenilikdir. Hazırda dünyada aritmiya sahəsində hansı əməliyyatlar keçirilirsə, bizdə də o əməliyyatlar keçirilir. Bundan başqa, yaxın zamanlarda Azərbaycanda və Mərkəzi Klinik Xəstəxanada süni ürək cihazlarından istifadə olunmasına başlanacaq. Bu, ürək cərrahiyyəsində ən son yeniliklərdəndir. Süni cihazlar süni ürək çatışmazlığı olan xəstələrdə son çarə kimi istifadə olunur. Süni ürək cihazları ürək çatışmazlığının son mərhələsində istifadə edilir. Ola bilər ki, əməliyyatdan sonra bu aparata ehtiyac duyulsun. Yaxud, ola bilər ki, əməliyyat olunmamış, müxtəlif səbəblərdən ürək çatışmazlığı yaranmış xəstələrə də süni ürək cihazlarını implantasiya edərək həmin xəstələrin bir hissəsinə çox ciddi kömək edək.