Blog
““Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresində iştirak etməklə bu sahədə çalışan həkimlərimiz özlərini bir pillə daha inkişaf etmiş hesab edəcəklər”
Bakı. Ramiz Mikayıloğlu – APA. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayevin APA-ya müsahibəsi
 
– Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı vəziyyət necədir, bu sahədə artan, yoxsa azalan tendensiya müşahidə olunur?
 
– Azərbaycanda ürək-damar xəstəlikləri getdikcə artır və təəssüf ki, biz də gündəlik praktikamızda bu cür xəstələrlə daha çox qarşılaşırıq. Bu, tək bizim ölkəmizə məxsus tendensiya deyil, bütövlükdə bütün dünyada ürək-damar xəstəliklərinin artması müşahidə olunur. Xüsusilə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər məhz ürək-damar xəstəlikləridir. Azərbaycanda bu xəstəliklərin həm diaqnostikasında, həm müalicəsində ciddi irəliləyişlər var. 10-15 il əvvəl biz diaqnozunu qoya bilmədiyimiz xəstəliklər və xəstələr vardı. Ancaq Azərbaycan səhiyyəsinin bugünkü inkişaf səviyyəsi qarşılaşdığımız bütün xəstəliklərin diaqnozunu qoymağa və müalicə aparmağa imkan verir. Nisbi mənada cəmiyyətimizdə belə bir fikir yaranır ki, bu xəstəliklər artır.
 
– Dünyada ürək-damar xəstəliklərində artan tendensiyanın müşahidə olunmasının səbəbi nədir? Azərbaycanda bunu şərtləndirən spesifik səbəblər varmı?
 
– Ürək-damar xəstəliklərinin səbəbləri arasında qan təzyiqinin qeyri-stabilliyi, şəkər xəstəliyi, siqaret və digər tütün məmulatlarından istifadə kimi klassik səbəblər var. Şübhəsiz ki, genetik amillər, irsiyyətimiz burada ciddi rol oynayır. Amma bununla bağlı Azərbaycana məxsus iki məqamı qeyd etmək istəyirəm. Çox təəssüf ki, Azərbaycanda tütün məmulatlarından, siqaretdən istifadə son illərdə xüsusən gənclərimiz və qadınlarımız arasında getdikcə artır.  İkinci məqam isə, hamımızın çox sevdiyimiz, zövq aldığımız Azərbaycan mətbəxi ilə bağlıdır. Çox təəssüf ki, mətbəximiz bir çox hallarda insanların ürək-damar sağlamlığı üçün biz həkimlərin məsləhət gördüyü komponentləri əhatə etmir. Mətbəximizdə yer alan yağlı, qırmızı ət mənşəli qidalardan çox istifadə edirik. Bu qidalardan həddindən artıq istifadə olunması da son nəticədə ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır.  Bunlar Azərbaycanda ürək-damar xəstəliklərinin artmasını şərtləndirən spesifik səbəblərdir.
 
– Ölkəmizdə ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsi hansı səviyyədədir?
 
– Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri kimi bütün səmimiyyətimlə deyə bilərəm ki, bu gün dünyada ürək-damar xəstəliklərinin diaqnostikasında istifadə olunan bütün metodlar Azərbaycanda da tətbiq olunur. Lazımi bütün texniki avadanlıqlar da respublikamızda mövcuddur. Tək Mərkəzi Klinik Xəstəxanada deyil, respublikamızda bir çox klinikada, tibbi mərkəzdə artıq bu texniki avadanlıqlardan istifadə olunur. Ondan daha vacib olan bu texniki avadanlıqlardan istifadə edə bilən yetişmiş kadrlarımız da kifayət qədərdir. Son 15 ildə Azərbaycan bu sahədə həm infrastruktur hazırlıqlarını tamamlayıb, həm də kadr hazırlıqları yüksək səviyyədədir. Müalicəyə gəlincə, bu gün Azərbaycanda ürək-damar xəstəliklərinin ən sadə müalicəsindən tutmuş süni ürək cihazının köçürülməsinə qədər bütün müalicə metodları respublikamızda tətbiq olunur. Bu da son illərdə ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də müşahidə etdiyimiz inkişafın nəticəsidir. Bu gün vətəndaşlarımızın ürək-damar xəstəliklərinin istər diaqnostikası, istərsə də müalicəsi üçün hər hansı xarici ölkəyə üz tutmasına qətiyyən ehtiyac yoxdur.
 
– Ölkəmizdə müxtəlif sahələr üzrə kadr hazırlığı, çatışmazlığı sahəsində barədə müxtəlif səviyyədə  şikayətlərə tez-tez rast gəlirik. Kadr məsələsinə görə xəstələrimizin müalicə üçün xarici ölkələrə getməsi faktlarına da rast gəlirik. Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı kadrların yetişdirilməsi sahəsində vəziyyət necədir, çatışmazlıqlar varmı? 
 
– Mən səhiyyə işçisi olaraq şübhəsiz ki, səhiyyədən danışa bilərəm. Səmimi olaraq deyim ki, kadr hazırlığının ən çətin və uzun müddətli olduğu sahə səhiyyədir. Bu gün dünya standartı belədir ki, ürək-damar cərrahı olmaq üçün 12 il oxumaq lazımdır. Yəni ürək-damar cərrahı diplomu ala bilmək üçün 6 il Tibb Universiteti, yaxud Tibb İnstitutunda oxumaq, daha sonra 6 ilə yaxın da rezidentura keçmək şərtdir. Yalnız bundan sonra diplom alıb gənc ürək-damar cərrahı adını almaq mümkündür. Şübhəsiz ki, bunun üzərinə müəyyən nəzəri, praktik təcrübə də əlavə olunmalıdır ki, yetişmiş ürək-damar cərrahı olaraq fəaliyyət göstərmək mümkün olsun. Məsələn, mən və mənim tələbə yoldaşlarım ürək-damar cərrahı diplomunu almaq üçün Türkiyədə 12 il təhsil aldıq. 6 il tibb fakültəsində oxuduqdan sonra 6 ilə yaxın da rezidentura müddəti keçdik. Mənə elə gəlir ki, biz bəzi məsələlərdə tələsirik. Dövlətimizin özü də çox gənc dövlətdir. Bəzən biz istəyirik ki, hər şey birdən-birə olsun. Amma həyatda çox nadir hallarda nə isə birdən-birə baş verir. Kadr hazırlığı isə, xüsusən səhiyyədə çox uzun müddət tələb edir. Xarici ölkələrdə, xüsusən Türkiyədə təhsil alıb gəlmiş kadrlarımız bu gün ciddi şəkildə ölkəmizin səhiyyəsində xidmətlərini göstərirlər. Artıq bir neçə ildir ki, Azərbaycanda da rezidentura təhsil sistemi fəaliyyətə başlayıb. Yəni artıq sovet dövrü təhsil sistemindən fərqli olaraq Tibb Universitetini bitirən gənc kolleqalarımız ixtisas sahibi ola bilmək üçün yenidən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi rezidentura imtahanı verir və rezidentura müddətini bitirdikdən sonra ixtisas diplomuna sahib olurlar. Mənə elə gəlir ki, bu, səhiyyə sisteminin kadr hazırlığında inqilabi bir dəyişiklikdir. Amma bunun nəticəsini görmək üçün bizim hələ bir neçə ilə ehtiyacımız var. Bizim rezidentura sistemimizdə yetişmiş, müasir biliklərə malik həkimlərimizin fəaliyyətə başlaması üçün də zamana ehtiyac var.
 
– Azərbaycanda tələbələrin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması ilə bağlı Dövlət Proqramı həyata keçirilir. Necə hesab edirsiniz, bu Dövlət Proqramı çərçivəsində ürək-damar cərrahiyyəsi üzrə tələbələrimizin hansı ölkələrə təhsil almağa göndərilməsi daha məqsədəuyğun olardı?
 
– Ürək-damar xəstəlikləri üzrə mütəxəssislərin yetişdirilməsindən söhbət gedəcəksə, deyə bilərəm ki, həm kadr hazırlığı, həm də təcrübə baxımdan ən yüksək imkanlara sahib klinika və xəstəxanalar ABŞ-da mövcuddur. Mən özüm də ABŞ-ın Mayo Klinikasında təkmilləşdirmə kursunda olmuşam və onların bugünkü inkişaf səviyyəsinin şahidiyəm. ABŞ və Qərbi Avropa ölkələri bu sahədə də dünya lideridir.
 
– Azərbaycanda hansı xəstəxanalar, tibb mərkəzləri bu sahə üzrə ixtisaslaşıb?
 
– Şübhəsiz ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da xəstəxanaların bütün sahələr üzrə eyni dərəcədə ixtisaslaşması qeyri-mümkündür. Çünki tibb bütün insan orqanizmi ilə məşğul olduğu üçün geniş sahəni əhatə edir və bu sahələrin hamısı üzrə eyni klinikanın eyni dərəcədə ixtisaslaşması mümkünsüzdür. Mərkəzi Klinik Xəstəxana kimi böyük klinikalar daha çox bir və bir neçə sahə üzrə ixtisaslaşmış olurlar. Artıq sevinərək qeyd edim ki, Azərbaycanda Mərkəzi Klinik Xəstəxana başda olmaqla ürək-damar xəstəlikləri üzrə ixtisaslaşmış 10-a yaxın tibb mərkəzi mövcuddur. Bu tibb mərkəzlərində ürək-damar xəstəliklərinin dünya standartlarına uyğun olaraq həm diaqnostikası, həm də müalicəsi aparılır. Artıq regionlarda da bu sahədə inkişaf var. Məsələn, bizim də dəstəyimizlə Gəncədə fəaliyyət göstərən Müalicə-Diaqnostika Mərkəzində artıq 7 gün, 24 saat ərzində ürək damar-xəstəliklərinin istər diaqnostikası, istərsə də müalicəsi yüksək səviyyədə aparılmaqdadır.
 
– Ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsi sahəsində dünyada hansı son yeniliklər var?
 
– Həm mən özüm, həm də yetişdirdiyimiz gənc həkimlərimiz ürək-damar cərrahiyyəsi sahəsində dünyada olan yenilikləri yaxından təqib edirik. İldə ən azı 2-3 beynəlxalq tədbirdə iştirak edir, həm öz nəticələrimizlə çıxış edir, həm də dünyadakı ən son yenilikləri yaxından görüb, onun respublikamızda tətbiqi üçün çalışırıq. Biz bu gün Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahiyyəsində ən müasir tendensiyaları tətbiq edirik. Bunlardan biri minimal invaziv cərrahiyyə dediyimiz, yəni daha az invaziv, daha kiçik kəsiklərlə, xəstəyə daha az zərər verərək əməliyyatların icra metodudur. Artıq neçə ildir ki, Azərbaycanda bu metodla əməliyyatlarımızı icra edirik. Konorar-şuntlama əməliyyatlarının bir çoxunu, yəni ürək damarlarının dəyişdirilməsi əməliyyatlarının çoxunu döyünən ürəkdə icra edirik. Yəni ürəyi dayandırmadan, qan dövranını süni ürək qan dövranı aparatına qoşmadan bu əməliyyatları icra edirik.
 
Ürək qapaq əməliyyatları ilə bağlı dünyadakı ən son yenilik odur ki, bu qapaqlar təmir olunur. Son vaxtlara qədər bu əməliyyatlar qapaqların protezləşdirilməsi ilə icra olunurdu. Yəni biz ora süni, protez qapaq implantasiya edirdik. Amma son illər ürək cərrahiyyəsindəki inkişafın nəticəsində biz də bu qapaqları təmir edirik. Son illərdə Mərkəzi Klinik Xəstəxanada bu əməliyyatları böyük uğurla icra edirik.
 
Digər yeniliklərdən biri süni ürək cihazlarının tətbiq olunmasıdır. İki il əvvəl biz Azərbaycanda bu əməliyyatları da icra etməyə başlamışıq. Bu da tibbin və ürək-damar cərrahiyyəsinin ən son inkişaf edən sahələrindən biridir. Bu, gələcəyi perspektivli, eyni zamanda ürək köçürməsinə alternativ olan bir metoddur. Bu gün biz Mərkəzi Klinik Xəstəxanada süni ürək cihazları ilə bağlı bütün modifikasiyaları tətbiq edirik.
Yeri gəlmişkən deyim ki, biz Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatını 2013-cü ilin yanvarında icra etdik. Bu, Azərbaycanda səhiyyə və ürək-damar cərrahiyyəsi üzrə ciddi yeniliklərdən biri idi. Keçən ilin sentyabr ayında isə Azərbaycanda ilk dəfə kateter vasitəsilə ürək qapağının qapalı yolla protezləşdirilməsi əməliyyatını icra etdik. Bu da artıq Azərbaycanda geniş şəkildə yayılmağa başladı.
 
–  Bəs dünya ilə müqayisədə Azərbaycanda ürək köçürmələri sahəsində vəziyyət necədir? Ürək köçürmələri, ümumiyyətlə, orqan transplantasiyası ilə bağlı qanunvericilik sahəsində hansı addımların atılmasına ehtiyac var? Orqan bağışlanmasının cəmiyyətimizdə təbliğinə ehtiyac varmı?
 
– Ürək köçürülməsi sahəsində bizim kadr və infrastruktur baxımından heç bir çatışmazlığımız yoxdur. Amma hüquqi və sosial yöndə bəzi işləri görməliyik. Bunlar nədən ibarətdir? Azərbaycanda orqan transplantasiyası ilə əlaqədar hüquqi baza mövcuddur. Orqan transplantasiyası iki cür olur. Sağlam bir insandan orqan götürüb xəstə birinə köçürmək olar. Məsələn, canlı insandan böyrək götürüb digərinə asanlıqla köçürmək olar. Amma ikinci transplantasiya növü meyitdən orqan köçürülməsidir. Axı biz canlı insandan ürək götürüb başqasına köçürə bilmərik. Bu halda meyitdən donor olaraq istifadə etməliyik. Bunun da beynəlxalq proseduru belədir ki, xəstənin beyin ölümü tibbi cəhətdən təsdiq olunmalıdır. Beyin ölümünün təsdiq olunması və meyitdən donor kimi istifadə olunması sahəsində qanunvericiliyimizdə müəyyən boşluqlar var. Amma bundan daha vacib olan çatışmazlıq odur ki, orqan bağışlanması, donor olunması barədə cəmiyyətimizin ciddi şəkildə maarifləndirilməsinə ehtiyac var. Çünki orqan köçürülməsinin inkişaf etdiyi ölkələrdə bu, ancaq və ancaq birbaşa donor sayından asılıdır. Biz də insanlarımızı maarifləndirməliyik ki, könüllü surətdə öz orqanlarını başqa xəstələrin, insanların yaşaması üçün bağışlasınlar. Qanunvericilikdə də bu, könüllüdür. İnsanların maarifləndirilməsi, bizim də inkişaf etmiş ölkələrdəki kimi xüsusən meyitdən donor kimi istifadə olunması səviyyəsinə gəlib çatmağımız üçün kütləvi-informasiya vasitələri də vacib rol oynamalıdır.
 
– Yeri gəlmişkən, tez-tez tanıdığımız insanlar, qohum-əqrəba arasında qəfil ürək tutmasından ölüm baş verdiyi barədə eşidir, şahidi oluruq. İnsanlar belə qəfil ölümlərlə üzləşməmək, ürək-damar sağlamlıqlarını qorumaq üçün nə etməlidirlər?
 
– İstər ürək, istər digər orqanlarını qorumaq hər şeydən əvvəl insanların öz əllərindədir. İnsanlar öz sağlamlıqlarına ciddi fikir vermədikdən sonra heç bir həkim, heç bir metod ona ciddi dərəcədə kömək edə bilmir. Günümüzdə rastlaşdığımız ölümlərin, o cümlədən qəfləti ölümlərin ən əsas səbəbi ürək-damar xəstəlikləridir. Amma bir şey də var ki, biz ürək-damar xəstəliklərindən özümüzü qoruya, profilaktik tədbirlərlə ürək-damar xəstəliklərinin qarşısını ala, hətta bu xəstəliklərin inkişaf sürətini ciddi şəkildə azalda bilərik. Bunun üçün biz öz həyatımızda çox sadə dəyişikliklər etməliyik. Birincisi, biz aktiv fiziki həyat tərzi yaşamalıyıq. Yəni hamımız yaşımızdan asılı olmayaraq hər gün ən azı yarım saat, bir saat aktiv yeriməyə vaxt ayırmalıyıq. Çünki bu gün əksəriyyətimizin işi daha çox oturaq işdir, bir çoxumuz ofisdən kənara çıxmırıq. Sabit bir yerdə dayanmaqdan çəkinmək, fiziki aktivlik göstərmək lazımdır. İkincisi, zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Xüsusən siqaret və digər tütün məmulatlarından istifadə kimi zərərli vərdişlərdən uzaq durmalıyıq. Üçüncüsü, yeməyimizə, içməyimizə diqqət etməliyik. Yəni çox yağlı, ətli qidalardan uzaq dursaq, meyvə və tərəvəzdən, balıq və quş ətlərindən daha çox istifadə etsək, əmin olun ki, biz özümüzə ən böyük yaxşılığı etmiş olarıq. Beləliklə, daha uzun və daha sağlam həyat tərzi sürərik.
 
– Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti 15-17 may tarixlərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresini təşkil edəcək. Bu beynəlxalq tədbirin təşkili hansı məqsəd daşıyır, nə dərəcədə əhəmiyyətlidir?
 
– Artıq 21-ci əsrdə təbabətin, səhiyyənin əsas missiyası hansısa əməliyyatı aparmaq, dərmanla müalicə etmək, hansısa aparatı insanlara köçürmək deyil. 21-ci əsr səhiyyəsinin əsas missiyası profilaktikadır. Yəni xəstəliklərdən qorunmaq metodlarını insanlara öyrətməkdir. Bunun da yolu ən başda səhiyyə işçiləri, həkimlər olmaqla cəmiyyətimizin bütün təbəqələrini maarifləndirməkdən keçir. Bu sahədə bu cür tədbirlərin, konqreslərin rolu danılmazdır. Biz də 2004-cü ildə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətini təsis etdikdən sonra bu cür tədbirlərə çox ciddi əhəmiyyət veririk. Bu günə qədər onlarla kiçik, orta və böyük miqyasda yerli tədbirlər, konfranslar, seminarlar, tədbirlər keçirmişik. Burada da əsas məqsədimiz həm səhiyyə işçilərini, həm də xalqımızı ürək-damar xəstəlikləri barədə ən son yeniliklərlə tanış etmək, onları maarifləndirmək olub. Beynəlxalq səviyyədə isə, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq 15-17 may tarixlərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresini keçirməyə hazırlaşırıq. Biz bu konqresin adını ilk keçirdiyimiz vaxtdan “Bakı Ürək Günləri” qoymuşuq və hər dəfə də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edirik. Çünki ölkəmizdə səhiyyənin, xüsusən ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsinin bu cür inkişaf etməsində ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən səhiyyə siyasətinin çox vacib rolu var. Çünki ürək-damar xəstəlikləri, onların diaqnostika və müalicəsinin bu səviyyədə inkişaf etməsi dövlətin dəstəyi olmadan qeyri-mümkündür. “Bakı Ürək Günləri” Konqresini 2 ildən bir keçiririk. 15-17 may tarixlərində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş  “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresini keçirəcəyik. Konqresimizdə dünyanın 25-ə yaxın ölkəsindən bu sahədə çalışan ən nüfuzlu mütəxəssislər iştirak edəcəklər. ABŞ-dan tutmuş Koreyaya qədər dünyanın bütün regionlarından ürək-damar xəstəlikləri sahəsində çalışan ən tanınmış mütəxəssislər qonağımız olacaq. Bu mütəxəssislər konqres müddətində azərbaycanlı kardioloqlarla, ürək-damar cərrahları ilə fikir mübadiləsi, elmi-praktik biliklərin mübadiləsini aparacaq. Hesab edirəm ki, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresində iştirak etməklə bu sahədə çalışan həkimlərimiz özlərini bir pillə daha inkişaf etmiş hesab edəcəklər. Konqresimiz çərçivəsində 3 gün müddətində müxtəlif kurslar təşkil olunacaq. Xüsusilə gənc həkimlərimiz, cərrahlarımızın texniki qabiliyyətlərinin artırılması üçün maraqlı kurslarımız olacaq. Əcnəbi mütəxəssislərin rəhbərliyi altında gənc cərrahlarımız heyvan ürəkləri üzərində mürəkkəb əməliyyatlar icra edəcəklər. Çox maraqlı və çox canlı bir konqres olacağına inanıram.
 
Onu da qeyd edim ki, “Bakı Ürək Günləri” Beynəlxalq Konqresi çərçivəsində həmin həftə silsilə tədbirlər həyata keçiriləcək. Bu tədbirlərin proqramında bir neçə uşaq evini ziyarət, orada məskunlaşan uşaqların pulsuz müayinəsi nəzərdə tutulub. Bundan başqa, həmin həftə ərzində Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin bir necə ticarət mərkəzində məlumatlandırma guşələri açılacaq. Oraya müraciət edən vətəndaşlarımıza ürək-damar xəstəlikləri barədə məlumat veriləcək, broşür və bukletlər paylanılacaq, onları maraqlandıran suallar cavablandırılacaq. Eyni zamanda, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvləri tərəfindən istəyən vətəndaşlar ilkin müayinədən keçiriləcək, qan təzyiqləri ölçüləcək, qanda şəkər və xolesterin təyin olunacaq. Beləliklə, insanlarımızın ürək-damar sağlamlığı haqqında maarifləndirilməsinə ciddi xidmətlərimiz olacaq.