Blog
Tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev: “Bu il artıq 50 yaşım tamam olur. Dönüb geri baxanda həyatımda mənə mənəvi zövq verən, içimi rahatladan ən böyük məqam odur ki, ölkəmiz, millətimiz və insanlıq üçün balaca da olsa bir şey etmişik”.
Bakı Şəhər Təhsil idarəsi ilə “Kaspi” qəzetinin birgə həyata keçirdiyi “Məktəbdə” layihəsinin növbəti qonağı tanınmış ürək-damar cərrahı, professor, Əməkdar həkim, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev oldu. Nərimanov rayonu Milli Qəhrəman R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbdə keçirilən görüşdə qonağın söylədikləri həm ibrətamiz bir mühazirə kimi, həm də şagirdlərin maraq dolu suallarına səmimi cavablarla yadda qaldı.
“Həmişə həmkarlarıma da deyirəm”
“Məktəbdə görüşlərin mənim üçün ayrı bir mənası var” deyə qonaq qeyd etdi: “Çünki həyat doğumla ölüm arasında bir dövrdür. Əslində, bu dövr uzun hesab edilmir. Bir insan ömrü ölkəmizdə ortalama 75 il çərçivəsindədir. Amma doğulduğumuz gündən həyatımızın bu gününə qədər insan bioloji, psixoloji və sosial cəhətdən inkişaf edir. Biz həkim nöqteyi-nəzərindən insana bioloji tərəfdən baxırıq. Mən həmişə həmkarlarıma da deyirəm: insanın bioloji tərəfini müalicə etməklə işimiz qurtarmır. İnsanın psixoloji və sosioloji tərəfini araşdırmadan dünyanın ən gözəl əməliyyatını da icra etsək, o insan üçün istədiyimiz effekti almayacağıq”. Kardiocərrah bildirdi ki, insanın psixoloji-sosial inkişafında təhsil aldığı ibtidai və orta məktəb onun bütün taleyini müəyyənləşdirir: “Həmin illərdə insan bunun çox fərqinə varmır, onun nə qədər əhəmiyyətli olduğunu sonrakı illərdə dərk edir. Özümüzü psixoloji və sosioloji baxımdan yetişdirmək üçün bizdən çox şey tələb olunur. Bunun ən kritik dövrü orta məktəb dövrüdür. 30 ildən çox vaxt keçməsinə baxmayaraq, orta məktəb illərində keçirilən bu cür görüşləri, Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının yubileylərini bu gün də xatırlayıram”.
“Siz bizim nəsildən çox şanslısınız”
K.Musayev şagirdlərə etiraf etdi: “Bir şeyi sevinərək müşahidə edirəm: siz bizim nəsildən çox şanslısınız. Ona görə ki, mən orta məktəbdə oxuyanda müstəqil Azərbaycanın vətəndaşı deyildim. Siz həmçinin ona görə şanslısınız ki, Azərbaycanın təhsili də, səhiyyəsi də bizim arzuladığımız səviyyəyə gəlib çatıb. Aldığınız təhsil bizim nəslin təhsilindən çox yaxşıdır. Sizin üçün çox şey daha əlçatandır. Nəhayət, ona görə xoşbəxtsiniz ki, indi siz hamınız Azərbaycanın himnini yüksək səslə oxudunuz”.
Mənim simvollarım - müəllimlərim
K.Musayev ibtidai və orta təhsil, ali məktəb dövrünü xatırladı, həmin illəri əks etdirən fotoşəkillərini slaydlarda nümayiş etdirdi. “Mən ibtidai təhsilimi doğulduğum Qərbi Azərbaycanda almışam. Sinif müəllimim Mərdan müəllim olub. O, hazırda Bakıda yaşayır. Hazırda onunla görüşürəm, mənə sözünü deyir, tapşırıqlarını verir. Üstündən 40 il keçib, Mərdan müəllimin və kəndimizdəki 8 il oxuduğum məktəbin mənim taleyimdə, insan kimi yetişməyimdə, nailiyyətlər əldə etməyində nə qədər böyük rolu olduğunu indi görürəm”.
Kardiocərrah 1988-90-cı illərdə Bakıdakı 5 nömrəli Kimya-biologiya təmayüllü liseydəki təhsilinin həyatındakı rolundan da danışdı: “Həkim olmaq arzusunda idim. Əmim həkim idi. Hələ 5-6-cı sinifdə oxuyanda “cərrah olacağam” deyirdim. Bu məktəbə də ona görə gəldim. Çünki bu lisey Tibb İnstitutunun bazası kimi fəaliyyət göstərirdi. Orada oxumaq Tibb İnstitutuna daxil olmaq üçün bir addım qabağa düşmək kimi idi. Buna görə ailəmə də minnətdarlıq edirəm ki, mənim seçimimi düzgün istiqamətləndirdilər. Yadımdadır, “Xatirə dəftəri” yazırdıq. Hər birimiz 48 vərəqli dəftər götürüb qeydlər edirdik. Mən həmin dəftəri hələ də saxlayıram. Bu məktəbdə çox gözəl müəllimlərim oldu.
“Xatirə dəftəri”ndə “Kimə oxşamaq istəyirsiniz?” sualına “Həkim-cərrah kimi Mustafa Topçubaşova, insan kimi Mirzə Mirzəyevə oxşamaq istəyirəm” yazırdım. Mirzə müəllim həmin məktəbdə riyaziyyat müəllimim idi. Mirzə müəllimin oturuşu, duruşu, davranışı insan kimi formalaşmağımda böyük rol oynadı. Həyat elə gətirdi ki, biz Mirzə müəllimlə təkrar görüşdük. Türkiyədə tibb təhsilimi bitirib Mərkəzi Klinikada həkim kimi fəaliyyətə başlamışdım. Mirzə müəllim yanıma gəldi, sağlamlığı ilə bağlı müəyyən sualları vardı. O yeganə insandır ki, mən həkim kimi oturduğum stoldan qalxaraq ona öz yerimi verdim. Sonra Mirzə müəllimin ürəyini əməliyyat da etdim. İndi də Mirzə müəllimlə, sinif rəhbərim Zivər müəllimlə görüşürəm, onların tapşırıqlarına qulaq asır, “baş üstə” deyib  yerinə yetirməyə çalışıram. Özümü şanslı görürəm ki, o cür müəllimlərin şagirdi olmuşam. Mirzə müəllim mənim üçün simvoldur. O, bu gün də həmin liseydə fəaliyyətini davam etdirir. Sizin də bir insan kimi fəaliyyətinizi istiqamətləndirən ən vacib dövr məhz bu dövrdür. Bu dövrdə sizə təsir edən ən vacib şəxs müəllimlərinizdir. Gənc olmaq - qarşıda hələ fürsətlər olması deməkdir. Özünüzü yetişdirmək, ölkənizə, millətinizə, insanlığa necə xidmət edəcəyinizi müəyyənləşdirmək üçün hələ illəriniz var”.
Mərdan müəllim, Mirzə müəllim və  İbrahim Yıldırım hoca
K.Musayev ali təhsil illərində həyatında rol oynayan digər bir müəllimini - İbrahım Yıldırm hocanı da xatırladı: “İki il Tibb Universitetində təhsil aldıqdan sonra dövlətlərarası müqavilə ilə İstanbul Universitetinə təhsil almağa getdim. 1996-cı ildə tibb fakültəsindən məzun oldum. O zaman professor İbrahim Yıldırımın İstanbul Universiteti ilə müqavilənin bağlanmasında, həmçinin bir qrup tələbənin göndərilməsində böyük rolu oldu. İbrahim hoca eyni zamanda orada keçən tələbəlik illərimizdə bizim insan kimi yetişməyimizdə rolu olan müəllimlərdən biridir. Bu baxımdan Mərdan müəllim, Mirzə müəllim və İbrahim Yıldırım hoca mənim həyatımda simvollardır”. 
Yaxşı ki, qayıtmışam...
Kardiocərrah həkim kimi fəaliyyətə başladığı illəri yada saldı: “2000-ci illərin əvvəlində ümummilli lider Heydər Əliyevin əməyi sayəsində Mərkəzi Klinika təmir olundu və fəaliyyətə başladı. 2001-ci ildə artıq bu klinikada açıq ürək əməliyyatları icra olundu. O illərdə ürək xəstəliklərinin diaqnostikası ilə əlaqədar cihazlar, mütəxəssislər yox idi. Xəstələrin çoxu ölürdü. Çox az hissəsi - imkanı olanlar xarici ölkələrə gedə bilirdi. Mərkəzi Klinikanın fəaliyyəti ilə bu sahə inkişaf etdi. Bu gün yalnız Bakı şəhərində 12-13 xəstəxanada açıq ürək əməliyyatları keçirilir. Ən vacibi də odur ki, əməliyyatları icra edənlər azərbaycanlılardır. Bu da Azərbaycan təhsili ilə səhiyyəsinin birgə məhsuludur. Həmin gənclər Azərbaycan müstəqilliyini qazandıqdan sonra təhsil aldılar və qayıdıb öz vətənlərində xidmət etdilər. Mən rezidentura təhsilimi bitirib gələndə “İstanbulu qoyub niyə qayıdırsan?” kimi çox iradlar eşitdim. Amma içimdə bir inam vardı. Mən dövlətimizə və ümummilli liderimizə inanırdım. “Əgər bu xəstəxananı açıb bizi dəvət edirlərsə, demək burda gələcək faktoru var”, - deyə düşünürdüm. Digər tərəfdən, Mərdan müəllimlə başlayıb İbrahim müəllimlə bitirdiyim müəllimlərimin mənə aşıladığı, qanıma-genimə keçirdiyi ən vacib məqam odur ki, insan öz millətinə xidmət etməlidir. Məhz bu yolla insan insanlığa da, Tanrıya da xidmət etmiş olur. Aradan 21 il keçib və deyirəm: yaxşı ki, qayıtmışam. Bu il artıq 50 yaşım tamam olur. Dönüb geri baxanda həyatımda mənə mənəvi zövq verən, içimi rahatladan ən böyük məqam odur ki, ölkəmiz, millətimiz və insanlıq üçün balaca da olsa bir şey etmişik. Kimlərinsə ürəyinə toxunmuşuq, əməliyyat etmişik. Bu ölkədə sizin kimi azərbaycanlı gənclərin neçəsini yetişdirmişik. Onların bir çoxu artıq Bakıda, Naxçıvanda, Gəncədə müstəqil kardiocərrah kimi çalışırlar. Bu da mənə bir insan kimi mənəvi zövq verir”. 
“Bir işinizi, bir də eşinizi” düzgün seçməlisiniz” 
“Biz şagirdləri qarşıda ixtisas seçimləri gözləyir. İxtisas seçərkən ürək daha çox rol oynamalıdır, yoxsa yeni dövrün çağırışları, tələbləri nəzərə alınmalıdır?”, - deyə şagirdlərdən biri kardiocərrahın məsləhətini eşitmək istədi: “Birmənalı olaraq öz istəyinizə görə ixtisas seçməlisiniz. Hər kəsə yaşadığı dövr normal gəlir. Hər dövrün tələbləri də fərqli olur. Əgər xoşbəxt olmaq istəyirsinizsə, iki seçimi düzgün etməlisiniz. İstanbul türkcəsində desəm, “bir işinizi, bir eşinizi” düzgün seçməlisiniz. Bu seçimlər sizin həyatda xoşbəxt olub-olmamağınızı müəyyən edəcək. Əgər öz istəyinizi nəzərə almasanız, sonra istədiyiniz uğuru qazanmaya bilərsiniz. İçinizdəki səsi dinləməlisiniz. İkinci seçim isə hələ sizin üçün tezdir, ona görə bunun üzərində çox dayanmıram. Amma vaxtı gələndə “belə bir həkim belə bir söz demişdi” deyərsiniz”.
“Cərrahiyyə praktik əl bacarığı tələb edən peşədir”
Şagirdlərdən birinin “Bir ürək cərrahından tələb olunan əsas bacarıqlar nədir?” sualına kardiocərrah belə cavab verdi: “Təbabət humanitar elmlə dəqiq elmin qovşağındadır. Cərrahiyyə isə spesifik bir işdir və nəzəri olaraq bilik və bacarıq tələb edir. Sizdə o bacarığın olub-olmadığını özünüz hiss etməlisiniz. Əgər bu bacarığı hiss etmirsinizsə, uğurlu cərrah ola bilməzsiniz. Kiminsə təsirilə bu, mümkün deyil. Cərrahiyyə praktik əl bacarığı tələb edən bir peşədir. İstər 1 kq 600 qramlıq körpə və ya yetkin insan olsun, əməliyyatların əksəriyyətində ürəyi dayandırıb əməliyyat edirik. İnsanların əksəriyyətinin ürəyi bircə dəfə dayanır – o da öləndə. İnsanın qaraciyəri, beyni işləməyə və ya əl-ayağı qopa bilər. Biz bunu bioloji cəhətdən ölüm qəbul etmirik. Bioloji ölümü yalnız o vaxt qeydə alırıq ki, insanın ürəyi dayansın. Yeganə istisna hal ürək əməliyyatlarıdır. Süni qan dövranı aparatına qoşuruq və əməliyyatdan sonra təkrar çalışdırırıq. Bu, kifayət qədər soyuqqanlılıq və peşəkarlıq tələb edən bir məqamdır. Ancaq bu, sizin peşəniz olandan sonra gündəlik işinizə çevrilir. Mən səhərdən iki ürək əməliyyatı edib bura gəlmişəm. Siz bu gün keçdiyiniz dərslərdə nə hiss etmisinizsə, mən də onu hiss etmişəm”.  
“Öyrənməyin ən gözəl yolu öyrətməkdir” 
“Ən ağır əməliyyatınızı necə yadınızda qalıb?”, - deyə şagirdlərdən birinin maraq dolu sualı üçün K.Musayev ötən illəri vərəqlədi: “27-ci ildir cərrah işləyirəm. Hər əməliyyata eyni ciddi məsuliyyətlə girirəm. Çünki ən sadə əməliyyatda da xəstəni itirə bilərsiniz. Bu gün də hər girdiyim əməliyyatdan nə isə öyrənirəm. Bu gün də pasiyentlərimə və rezidentlərimə deyirəm: öyrənməyin ən gözəl yolu öyrətməkdir. Mən onlara öyrədəndə özüm də öyrənirəm”.
Məktəbin müəllimi “Dilimizdə “qəlbimə dəydi”, “ürəyim sındı”, “ürəyim partlayır” kimi ifadələr tez-tez işlədilir. Bu sözlərin gerçəkdən, ürəklə əlaqəsi varmı?”, - deyə maraqlandı: “Ürəkdən sevirik”, “nifrət edirik”, “bugünkü tədbir ürəyimcə oldu”, “yemək ürəyimdən oldu” və s. kimi fikirlər həm doğrudur, həm də yanlış. Fizioloji cəhətdən yanlışdır. Elm və təbabət inkişaf etməyəndə elə bilirdilər ki, insan fiziologiyasının əsas və tək mərkəzi ürəkdir. Hər şeyi ürəyin üstünə yükləyirdilər. Əslində, insanın sevməsi, nifrət etməsi, ağlaması, gülməsi, məmnun olub-olmaması ürəklə əlaqəli deyil, daha çox beyinlə bağlıdır”, - deyə kardiocərrah cavablandırdı.
“Bu gün insanlar məlumatı, informasiyanı daha çox internet vasitəsilə əldə edir, şagirdlər, tələbələr lazımı məlumatları mobil telefonlar vasitəsilə əldə etməyə çalışır. Kompüterlərdən, smartfonlardan yayılan şüalar yəqin ki, orqanizmə təsirsiz ötüşmür. Belə olan halda, sağlamlığımızı necə qoruyaq?”, - deyə auditoriyadan səslənən suala kardiocərrahın cavabı tövsiyə xarakterli oldu: “İstər smartfonlar, istər kompüterlər və ya 3G-5G olsun – texnoloji inkişaf müsbət haldır. Məsələn, əlimdəki telefonla bir az əvvəl reanimasiyaya verdiyim “xəstənin təzyiqi, nəbzi necədir” deyə ona baxa bilirəm. Bunlar çox dəyərli şeylərdir. Şüaların insan orqanizminə zərəri hələ isbatlanmayıb. Digər tərəfdən, bu gün istifadə etdiyimiz texnoloji vasitələrə, sosial mediaya özünüzü çox aludə etməməlisiniz. Bir çox hallarda bu faciə ilə sonuclanar və həyatda istədiyiniz məqsədə çata bilməzsiniz. Amma bəzi gənclərimizin yolda “tik-tok”da gəzə-gəzə getdiyini görəndə çox üzülürəm. İnanıram ki, sizin aranızdan çox gözəl İT mütəxəssisləri çıxacaq. Ölkəmizin də, insanlığın da buna ehtiyacı var”. 
Təranə Məhərrəmova
https://kaspi.az/kimlerinse-ureyine-toxunmusuq-emeliyyat-etmisik-m-kt-bd