Blog
Ölkəmizdə işgüzar səfərdə olan Ankara Universitetinin rektoru, professor Dr. Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Klinikada olub. 

Mərkəzi Klinika Xəstəxanasının baş həkimi, professor Dr. Kamran Musayev nümayəndə heyətinə klinikanın fəaliyyəti və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib. O, xüsusilə son günlərdə həyata keçirilmiş və Azərbaycan səhiyyəsində, eləcə də Cənubi Qafqaz regionunda ilk dəfə baş tutmuş ürək transplantasiyası əməliyyatından danışıb. 

Eyni zamanda professor Dr. Kamran Musayev kardiologiya sahəsində son günlərdə atılmış uğurlu addımlardan biri olan, Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) dəstəyi və sədr Abdullah Erenin birbaşa iştirakı ilə açılışı həyata keçirilmiş, regionda nadir nümunələrdən sayılan Mərkəzi Klinika Simulyasiya Mərkəzi barədə qonaqlara əyani təqdimat edib. 

Görüş  zamanı Mərkəzi Klinika və Ankara Universiteti arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə kadr hazırlığı, təlim və təhsil sahəsində birgə fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb və bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub.