Blog
Əməkdar həkim, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayev Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Kamran həkim, uzun zamandır az qala hər çıxışınızda hədəfinizin ürək transplantasiyası əməliyyatı olduğunu vurğulayırdınız. Nəhayət Azərbaycanda və Qafqazda ilk dəfə rəhbərliyiniz altında ürək köçürülməsi əməliyyatı həyata keçirildi. Hazırlıqlar necə keçdi, buna necə nail olundu?
- Çox gözəl vurğuladınız. Həqiqətən də ürək transplantasiyası hələ ürək-damar cərrahiyyəsinə başladığım ildə, 1996-cı ildə İstanbulda tibb fakültəsini bitirdikdən sonra rezidenturaya başlayandan arzum, xəyalım idi. Hətta rezidenturanı bitirəndə müdafiə etdiyim mövzu da ürək transplantasiyası ilə bağlı idi. Azərbaycana qayıtdıqdan sonra da azərbaycanlı kardiocərrah kimi çox istəyirdim ki, ölkəmizdə ürək transplantasiyası əməliyyatı icra olunsun. Çünki bilirəm ki, bu əməliyyatın olması ölkənin səhiyyə sisteminin real keyfiyyət göstəricilərindən biridir. Əgər sizin səhiyyə sisteminiz ürək transplantasiyası əməliyyatını icra etməyə imkan verirsə, deməli, artıq səhiyyə sistemi dünya standartlarında təşkil olunub.
- Əməliyyatın ölkəmizdə baş tutması üçün səhiyyə sistemi hansı şərtlərə cavab verməli idi?
- Orqan transplantasiyası, xüsusilə beyin ölümü baş vermiş meyit donordan istifadə edərək orqan köçürülməsi üçün səhiyyə sistemi 3 şərti təmin etməlidir. Bunlardan biri hüquqi bazanın olmasıdır. İkincisi sosial məsələlər, üçüncüsü isə tibbi və cərrahi məsələlərdir.
Hüquqi baza 1999-cu ildə yaradılıb, Azərbaycanda ilk dəfə ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun qəbul olundu. Bundan sonrakı dövrdə cənab Prezident İlham Əliyevin apardığı ardıcıl səhiyyə islahatları və Birinci Vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində bu gün ölkəmizin səhiyyə sistemi meyit donordan da orqan köçürülməsini həyata keçirəcək səviyyəyə gəlib çıxıb.
Donorluqla bağlı qanun 2020-ci ildə ölkə başçısı tərəfindən təsdiqləndikdən sonra 2022-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradıldı. Düşünürəm ki, ən kritik addım bu mərhələ idi. Çünki həqiqətən bu gün Səhiyyə Nazirliyinə bağlı Koordinasiya Mərkəzi bütün digər hüquqi məsələlərin hamısını çox qısa müddətdə həll etdi. Burada kritik məsələlərdən ən vacibi beyin ölümü kriteriyalarının müəyyən edilməsi və Mərkəzə bildirilməsi, donorun müəyyən edilməsi, donor ailəsi ilə danışıqlar aparılması - bütün bu proseslərin hamısı Koordinasiya Mərkəzi tərəfindən həll olundu. Bu mürəkkəb məsələlərin həlli təqribən 2 ildən bir az çox müddətə başa gəldi.
Bu ilin əvvəlindən etibarən artıq ölkəmizdə böyrək və qaraciyər köçürülməsinə başlanıldı. Amma ürək köçürülməsi əməliyyatı bunlardan daha mürəkkəbdir. Proses ürək köçürülməsi baş verən bütün ölkələrdə belə olub. Ürək köçürülməsi əməliyyatı həm həkimlər, həm də digər insanlar üçün daha çox məna ehtiva edən, simvolik, metaforik mənaları olan bir əməliyyatdır. Buna görə mən ikinci olaraq sosial məsələləri qeyd etdim. Çünki sosial tərəflər həll olunmadan orqan transplantasiyasını həyata keçirə bilməzsiniz. Cəmiyyət olaraq buna hazır olmaq lazımdır.
- Həm də məsələnin dini aspekti var...
- Bəli, sosial məsələlərə dini məsələlər də aiddir. Cəmiyyətin bütün təbəqələri, din xadimləri, media nümayəndələri, səhiyyə işçiləri hamısı əlbir olub cəmiyyətdə belə bir inam aşılamalıdır ki, hər kəs orqanlarını bağışlasın. Bu artıq Azərbaycanda iki formada reallaşdı. Birincisi, Koordinasiya Mərkəzinin apardığı çox dərin fəaliyyət nəticəsində son 2 ildə ölkəmizdə könüllü donorların sayı getdikcə artır. Həmçinin beyin ölümü baş vermiş xəstələrin ailələri orqanların başqa xəstəyə köçürülməsinə artıq razılıq verirlər. Bu gün Azərbaycan qanunvericiliyinə əsasən, orqanlarınız iki halda köçürülə bilər. Birincisi, şəxs özü sağlığında orqanlarını bağışlamalıdır. İkincisi isə avtoqəzada və ya müxtəlif tibbi səbəbdən beyin ölümü baş verdikdə birinci dərəcəli ailə üzvü razılıq verməlidir. Biz azərbaycanlılar xeyirxah, humanist bir xalqıq.
- Ötən həftə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bütün orqanlarını bağışladığını açıqladı. Bəs özünüz donor kimi qeydiyyatdan keçmisiniz?
- Bəli, mən də könüllü olaraq bütün orqanlarımı bağışlamışam. Xeyli müddət əvvəl, Koordinasiya Mərkəzində könüllü donorluq məsələsinə start veriləndə orqanlarını bağışlayan ilk insanlardan biri olmuşam. Bütün vətəndaşlarımızı da orqanlarını bağışlamağa çağırıram. Mənsub olduğumuz İslam dini insanları xeyirxahlığa, humanizmə dəvət edir. Beyin ölümü baş vermiş insanın orqanları birdən çox insanın yaşamasına səbəb olursa, həyatda bundan böyük savab, xeyirxahlıq nə ola bilər?!
- Üçüncü məsələnin tibbi məsələ olduğunu vurğuladınız...
- Bəli, tibbi və cərrahi məsələdir ki, bu mərhələlərdən keçdikdən sonra ürək transplantasiyasını həyata keçirəcək tibbi kadrlar və uyğun infrastruktura sahib səhiyyə qurumları olmalıdır. Mən özüm də başda olmaqla komanda şəklində bu əməliyyat üçün hazırlıq görürük. 25 ilə yaxındır fəaliyyət göstərdiyim Mərkəzi Klinika da infrastruktur olaraq buna hazır idi.
Biz həm İngiltərənin transplantasiya üzrə ən böyük mərkəzində, həm Amerikanın Mayo klinikasında bu barədə illər əvvəl uzunmüddətli təkmilləşdirmə kursları keçdik. Komandamızın digər üzvləri də bu və ya digər xarici mərkəzlərdə kifayət qədər təkmilləşdilər. Xəstəxanamızın infrastrukturu da ötən ay sadəcə Azərbaycanda deyil, Qafqaz regionunda ilk dəfə olaraq ürək transplantasiyası əməliyyatını uğurla həyata keçirilməsinə imkan verdi.
- Hansı klinikalarda bu əməliyyat icra oluna bilər?
- Bu əməliyyatlar üçün xəstələr lisenziyası olan səhiyyə qurumlarına müraciət etməlidirlər. Nazirlər Kabinetinin lisenziyası olmadan əməliyyatlar icra edilə bilməz. Əməliyyatı icra edə biləcək lisenziyaya sahib komanda olmalıdır. Xəstələr müraciət etdikdə tibbi sənədlərini hazırlayırıq. Xəstə gedib Koordinasiya Mərkəzində qeydiyyatdan keçir. Bizim bu işə qətiyyən qarışmaq hüququmuz yoxdur. Koordinasiya Mərkəzində bu iş həqiqətən də dünya standartlarında təşkil olunub, çox ciddi nəzarət var. Buna görə də bütün vətəndaşlar bu işin tam şəffaf və ədalətli təşkil olunduğundan zərrə qədər şübhə etməsinlər.
- Uyğun donorun tapılması, ailə ilə psixoloji söhbət və sairi filmlərdə görmüşük. Azərbaycanda bu iş necə qurulub?
- Doğrudan da film kimi oldu (gülür). Xəstələr qeydiyyata düşür, növbəlilik prinsipinə riayət olunur. Donor tapılanda tibbi göstəriciləri Koordinasiya Mərkəzi tərəfindən siyahıda olan növbəlilik əsasında xəstələrlə qarşılaşdırılır. Biz bu işə qətiyyən qarışmırıq. Donor növbəsi gözləyən xəstəmizə uyğun gələrsə, Koordinasiya Mərkəzi bizə məlumat verir. Biz prosesə burada daxil oluruq. Tibbi məsələləri də müzakirə etdikdən sonra nəhayət əməliyyat icra olunur.
- Deməli, 19 yaşlı Rəşadın şansı gətirdi və donorun tibbi göstəriciləri ona uyğun gəldi?
- Xəstə bir neçə ay əvvəl bizdə qeydiyyatdan keçmişdi. Diaqnozu kardiomiopatiya dediyimiz ürək əzələsinin zəifləməsi ilə xarakterizə olan diaqnoz idi. Bir neçə il əvvəl artıq diaqnozu qoyulmuşdu. Müxtəlif xəstəxanalarda ürək çatışmazlığı ilə bağlı müalicə almışdı. Ona ani ölüm riskinin qarşısını almaq üçün İCCD deyilən cihaz da taxılmışdı. Ötən ay çıxan donorun tibbi göstəriciləri də bu xəstəyə uyğun gəldi. Tamamilə növbəlilik əsasında olub. Bir daha qeyd etmək istəyirəm ki, bu, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin apardığı bir prosesdir. Donorun ailəsi ilə mənim və komandamızın indiyə kimi hər hansı bir təması olmayıb. Birincisi, onlarla təmasımız qanunla qadağandır. İkincisi, buna ehtiyac yoxdur, heç mən də istəmirəm. Çünki bu hal olsa, qanundankənar halların, ədalətsizliyin olma ehtimalı yüksələr. Əməliyyatın üzərindən kifayət qədər vaxt keçib, amma mən donorun ailəsinin kim olduğunu, necə və niyə razılıq verdiklərini hələ də bilmirəm. Ümumiyyətlə, bizə aid olmayan məsələlərlə maraqlanmıram. Düşünürəm ki, bu, çox doğru yoldur. Biz hamımız mükəmməl qurulan sistemin bu şəkildə davam etməsinə dəstək olmalıyıq. Bu uğur təkcə bizim klinika və komandamızın deyil, bütün Azərbaycan səhiyyəsinin və kardiologiyasının uğurudur.
- Xəstədə ürək genişlənməsi problemi vardı, bu xəstəliyin əlamətləri nələrdir?
- Bəli, müxtəlif cür kardiomiopatiya var. Xəstədə olan ürək genişlənməsi ilə müşahidə olunurdu. Bu, nəticə etibarilə ürək çatışmazlığına gətirib çıxarır. Belə xəstələr həyatını ürək çatışmazlığından anidən və ya xroniki olaraq itirirlər. Bu xəstədə genişlənmiş və ya genişlənməli ürək əzələsinin gücü təxminən 15%-ə düşmüşdü. Sadəcə genişlənmə deyil, ürəyin yığılması qabiliyyəti də çox aşağı düşür. Proses proqressiv olaraq davam edir. Əgər bu xəstələr lazımi müalicəni almasalar, qısa müddətdə həyatını itirirlər.
- Əməliyyat prosesi barədə məlumat verməyinizi istərdik, necə keçdi?
- Əməliyyata gecə yarısı başladıq. 2 komanda olaraq işləyirdik. Birinci komanda donordan ürəyin götürülməsi prosesini icra etdi. İkinci komanda isə xəstənin ürəyinin hazırlanması və donor ürəyin köçürülməsini həyata keçirdi. Kifayət qədər mürəkkəb proses idi. Əməliyyat 6-7 saat çəkdi. Əməliyyat vaxtı kifayət qədər məsuliyyətli dövr idi. Həm xəstə və ailəsi üçün, həm də ölkəmizdə ilk dəfə icra olunduğu üçün kifayət qədər məsuliyyətli və stressli idik.
- Bəs əməliyyatdan sonrakı dövrdə?..
- Əməliyyatdan sonrakı dövrdə də hər şey bizim planladığımız kimi oldu. Əməliyyatdan 10 gün sonra xəstəni evə yaza bildik. Xəstə bir neçə aya tam əvvəlki həyatına qayıdacaq. Hətta son illərdə xəstəlik özünü büruzə verəndən sonra keçirdiyi dövrləri nəzərə alsaq, ondan daha yaxşı və yüksək keyfiyyətli həyat yaşayacaq.
- Belə əməliyyatlardan sonra xəstələrin ömrü nə qədər uzanır?
- Uzun illərdir kardiocərrah işləyən biri kimi bu sualları xəstə yaxınlarından da çox eşidirəm. Mən xəstənin nə qədər yaşayacağı barədə bir söz deməyi xoşlamıram. Həkimlər öz aramızda bunu müzakirə edə bilərik, amma cəmiyyətə bunu deməyin doğru yanaşma olduğunu düşünmürəm. Bəzən ən ağır əməliyyatdan sonra heç bir problem olmur. Bəzən isə ən yüngül əməliyyatdan bir ay sonra xəstə itirilir. Çünki insana ömrü verən də, alan da Allahdır.
- Bu əməliyyatların maliyyə tərəfi necə olur?
- Dövlət hesabına həyata keçirilir.
- Prosesin şəffaflığından danışdınız, insanları narahat edən məqamlardan biri də orqan mafiyası ilə bağlıdır...
- Orqan mafiyası məsələsi bütün dünyada problemli məsələdir. Ölkəmizdə həm Səhiyyə Nazirliyi, həm də aidiyyəti qurumlar tərəfindən bu məsələyə çox ciddi nəzarət olunur. Burada hər hansı qeyri-şəffaf, ədalətsiz və qanundankənar hər hansı bir hadisənin olmasına imkan yoxdur. Azərbaycan bir çox məsələdə olduğu kimi bu məsələdə də digər dövlətlərin təcrübələrini kifayət qədər öyrənib. Ürək transplantasiyasının həyata keçirilməsi və uğurlu olması bizim ölkəmizdə, cəmiyyətimizdə orqan bağışlanması və orqan donorluğunun artmasına da ciddi şəkildə müsbət təsir göstərəcək. Bizdən əvvəl bu əməliyyatları edən ölkələrdə də belə olub. Eyni tendensiyanın Azərbaycanda da müşahidə olunacağını, hətta digər ölkələrdən daha yüksək səviyyədə gözləyirəm.
- Bəs ürək nəqli edilən xəstəyə donurun xasiyyətinin, düşüncələrinin təsiri nə dərəcə realdır? Hazırda Türkiyədə məşhur aktrisalar Sibel Taşçıoğlu və Dəniz Çakırın bənzər mövzuda çəkildiyi serial Azərbaycanda da maraqla izlənir. Bəzən seriallar insanları tibbi əsası olmayan məsələlərə inandırır...
- Uzun illərdir bu sahədə çalışan şəxs kimi əminliklə deyə bilərəm ki, ürək köçürülən insanın xarakteri, xasiyyəti, psixologiyası əməliyyatdan əvvəl necədirsə, sonra da eyni şəkildə davam edir. Köçürülən ürəyin bu kimi heç bir təsiri olmur. Çünki insanın psixologiyası, ruh halı əslində ürəklə əlaqəli deyil. Bir orqanla əlaqəli düşünsək, beyinlə əlaqəlidir, ürəklə deyil. İnsan oğlu var olduğu gündən bəri ürəyin üzərinə mistik yük yükləyib. Bu, tamamilə mistikadır. Realda, elmdə, təbabətdə heç bir əsası yoxdur.
- Doktor, kardiologiya sahəsində bu qədər inkişafa rəğmən niyə ürək-damar xəstəliklərindən ölüm nisbəti digər xəstəliklərlə müqayisədə çoxdur?
- Bu sahədə ölüm hallarının azalmamasının çox müxtəlif səbəbləri var. Dünyanın ən inkişaf etmiş ölkələrində də ölüm səbəbinə baxdığımız zaman birinci sırada ürək-damar xəstəliklərini görürük. İkinci sırada olan onkoloji xəstəliklərlə arasında iki qata yaxın fərq var. Bu gün tibbin, kardiologiyanın inkişafı fonunda insanların ortalama yaşama müddəti artıb. İnsan ömrü getdikcə uzanır. Burda təkbaşına olmasa da, tibbin ciddi xidmətləri var. Digər tərəfdən qidalanma rejimi, ekoloji təsirlər və ən önəmlisi stress faktorunun getdikcə artması ürək-damar xəstəliklərinin yayılması və onun ölüm faizinin geriləməməsinin əsas səbəblərindəndir.
- İnsan ömrünün əksinə qısaldığı, infarktın gəncləşdiyi barədə statistikalar açıqlanır axı?..
- Dünyada bütün insanların ortalama yaş həddi 100 il əvvəl təxmini 40 idi. Bu gün inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan ölkələrdə insanların ortalama yaş həddi 75-80-dir, hətta 80-i keçir. İnfarkt gəncləşib dedikdə, bəli, gündəlik praktikamızda daha gənc insanların infarkt keçirməsi ilə qarşılaşırıq. Xüsusilə, tanınmış insanların anidən infarktdan həyatını itirilməsi cəmiyyətdə rezonans doğurur. Amma bu məsələnin sadəcə bir tərəfidir. Bütün cəmiyyəti nəzərə alaraq düşünəndə Azərbaycanda da bütün dünyada olduğu kimi insanların ortalama yaşama müddəti uzanıb.
- Etik olmasa da mərhum əməkdar artist Cabir İmanovun idman zalından görüntüləri yayıldı. Bəzi mütəxəssislər bildirirdi ki, düzgün ilkin tibbi yardım edilsəydi, sağ qalmaq şansı daha yüksək olardı. Peşəkar kardioloq kimi sizin qənaətiniz necədir?
- Doğrudan da o cür videoların yayılması doğru deyil. Bu məsələ çox kompleks məsələdir. Ani ürək dayanması xəstəxana daxilində və xəstəxana xaricində baş verə bilər. Xəstəxana daxilində insanda ani ürək dayanması baş verirsə, o insanların sadəcə 5-10%-i yeriyərək xəstəxanadan çıxa bilir. Bu sahənin həkimləri olaraq biz bilirik ki, bu hadisə xəstəxana xaricində baş veribsə, şəxsin itirilməsi ehtimalı çox yüksəkdir. Təəssüf... Bilirik ki, cavan yaşda baş verən infarktlarda ölüm və ağırlaşma faizi yaşlı insanlara nisbətən çox daha yüksəkdir.
- Səbəb nədir?
- Səbəblər çox müxtəlifdir. Məlum səbəblər həmkarlarım tərəfindən də vurğulanıb. Mən sadəcə ən vacib səbəb kimi onu deyim ki, stressdir. Təəssüf ki, həyatımızın hər sahəsində var, arta-arta da gedir. Bu gün evdar qadının da kifayət qədər stressi var.
- Ürəyin sağlam qalması üçün nə tövsiyə edərdiniz?
- Gözəl bir deyim var, deyir ki, kim 100 il yaşamasa, günah onun özündədir. Tək insan özü-özünə bunu etməlidir. Əvvəla, fiziki aktivliyi artırmaq lazımdır. Çünki azərbaycanlıların böyük əksəriyyəti çox passiv həyat tərzi yaşayır. Təəssüf ki, qızlarımız da daxil olmaqla getdikcə siqaret, qəlyan istifadəsi artır. Bunlardan uzaq durmaq lazımdır. Stressi mümkün qədər idarə etməyi öyrənməliyik. Stress individualdır, hər kəs üçün fərqlidir. Bu, fərdidir. Buna görə də hər kəs stressini necə ata bilirsə, onu etməlidir. Əmin olun ki, bunları etməklə biz öz sağlamlığımıza ən yaxşı kardioloqdan da, kardiocərrahdan da daha yaxşı kömək etmiş olarıq.
https://teleqraf.az/news/toplum/511612.html