Blog
Azərbaycanın əməkdar həkimi, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, ürək-damar cərrahı, professor Kamran Musayevin “Report”a müsahibəsi:
- Oktyabrın 30-da 50 yaşınız tamam oldu. Yubiley yaşınız münasibətilə sizi təbrik edirik. 50 yaşda özünüzü necə hiss edirsiniz?
- İlk növbədə, təbrikləriniz üçün mən də öz təşəkkürümü bildirirəm. Bu yaşda özümü gümrah hiss edirəm, sözün açığı, 50 yaşda olduğumu hiss etmirəm. Bilmirəm, 50 yaş cavanlıq, yoxsa qocalıq yaşıdır, bəlkə də ikisinin tam ortasıdır, amma özümü hələ cavan hiss edirəm. Xronoloji yaşım 50 oldu, məncə ondan daha vacib olan insanın hiss etdiyi yaşdır.
- Səhiyyə sahəsində xidmətlərinizə görə Prezident İlham Əliyev sizi “Azərbaycan Prezidentinin fəxri diplomu” ilə təltif edib. Bu xəbəri ilk öyrənəndə hansı hisslər yaşadınız?
- Bu, mənim üçün böyük sürpriz oldu. Yubiley münasibətilə həm öz kollektivimiz, həm də kənardan çoxsaylı təbrik və müraciətlər olurdu. Amma, əlbəttə ki, ölkə başçımızın müvafiq sərəncamı ilə belə yüksək təltifə layiq görülmək mənim üçün böyük şərəf və qürurdur. 22 ildir Azərbaycanda ürək-damar cərrahı olaraq fəaliyyət göstərirəm. Bu illər ərzində hər şeydən əvvəl bir azərbaycanlı kimi dövlətimizə, millətimizə xidmət etməyə çalışmışam. Bunun qarşılığında ölkə başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən belə yüksək təltifə layiq görülmək məni çox qürurlandırdı və Prezidentimizə minnətdarlığımı bildirirəm. Bu təltifi bütün Azərbaycan həkimlərinin əməyinə, fəaliyyətinə verilmiş qiymət olaraq dəyərləndirirəm.
- 20 ildən çoxdur ki, Azərbaycanda ürək-damar cərrahiyyəsi üzrə mütəxəssis kimi çalışırsınız. Bu gün deyə bilərikmi ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərin xarici ölkələrə axını azalıb?
- 2000-ci ilin əvvəlində xaricdə təhsilimi başa vurub Azərbaycana qayıdanda və Mərkəzi Klinikada fəaliyyətə başlayanda müasir ürək-damar cərrahiyyəsi ilə əlaqədar ölkədə ciddi çatışmazlıqlar mövcud idi. Bunu etiraf etmək lazımdır. Hamımızın yaşadığı və gördüyü təzahürlərdən biri o idi ki, ürək-damar əməliyyatına ehtiyacı olan insanların böyük əksəriyyəti xarici ölkələrə müraciət edirdilər. Bu, bir azərbaycanlı kimi məni çox narahat edirdi və ölkəmizdə fəaliyyətə başladığım gündən müəyyən hədəflərim var idi. Məqsəd ölkəmizdə ürək-damar cərrahiyyəsini dünya standartlarına uyğunlaşdırmaq idi. Geriyə dönüb baxanda bu gün həmin məqsədlərə nail olduğumuzu görürəm.
Bu istiqamətdə ölkəmizdə ötən 20 ildə səhiyyənin inkişafı xüsusilə vurğulanmalıdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməsi nəticəsində ötən 20 ildə Azərbaycan səhiyyəsi özünün ən parlaq dövrünü yaşayıb və nəticədə bugünkü səhiyyənin vəziyyəti 20-25 il bundan əvvəllə müqayisə olunmayacaq dərəcədə müsbət mənada dəyişib.
Səhiyyənin ən inkişaf etmiş sahələrindən biri də kardiologiya və ürək-damar cərrahiyyəsidir. Bundan başqa, 2001-ci ildə müasir ürək-damar cərrahiyyəsi deyəndə ağıla ilk gələn Mərkəzi Klinik Xəstəxana idisə, bu gün təkcə Bakı şəhərində 15-ə yaxın mərkəzdə ürək-damar cərrahiyyəsi əməliyyatları icra olunur. Regionlarda da bu tip əməliyyatlar həyata keçirilir. Həmçinin, bu gün ürək-damar əməliyyatı üçün xarici ölkələrə üz tutan azərbaycanlıların da sayı kəskin şəkildə azalıb. Bu da onu göstərir ki, insanlar həkimlərə etibar edirlər. Hesab edirəm ki, icbari tibbi sığortanın hamı üçün əlçatan olması ilə xarici ölkələrə müraciət demək olar, aradan qalxacaq.
- Ürəklə əlaqəli bir çox ilklər - misal olaraq, süni ürək köçürülməsi, qan dövranı dayandırılmaqla ağciyər damarlarının endarterektomiyası, xəstənin özünün ürək pərdəsindən yeni ürək qapağı düzəldilərək pozulmuş ürək qapağının əvəzolunması məhz sizə məxsusdur. Elmi araşdırmalarınız davam edirmi və yeni kəşflər olacaqmı?
- Ötən 20 ildə Azərbaycanda müasir ürək-damar cərrahiyyəsi dünya standartları səviyyəsinə çatdırılıb. Bunu uzun illər bu sahədə çalışan biri kimi bütün məsuliyyətimlə deyirəm. Bu gün Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyyəsi dünya standartlarına cavab verir. Çox az sayda prosedur və ya əməliyyat var ki, bu və ya digər səbəbdən bizim ölkəmizdə icra olunmur, bizim növbəti hədəflərimiz də bunlardır, xüsusilə ürək transplantasiyası... Əslində, təqribən 10 il bundan əvvəl ölkədə ilk süni ürək cihazlarının köçürülməsinə başlamışıq və uğurla icra olunur. Amma donordan alınan ürəyin köçürülməsi və ya transplantasiyası əməliyyatı bu günə qədər də ölkəmizdə icra olunmayıb. İnanıram ki, artıq bu əməliyyatı icra edəcək mərkəzlər və komandalar Azərbaycanda mövcuddur və yaxın illərdə bu əməliyyatın da uğurla icra olunacağını gözləyirik.
- İndiyədək ürəklə əlaqəli nə qədər əməliyyatlar icra etmisiniz?
- Bu günə qədər Mərkəzi Klinik Xəstəxanada minlərlə ürək-damar əməliyyatı icra etmişik. Tək burada deyil, eləcə də digər tibb müəssisələrində də hər il minlərlə bu tip əməliyyatları uğurla yerinə yetiririk.
- Son zamanlar qəfil ürək tutmadan (infarkt) ölənlərin sayında artım müşahidə edilir. Hətta ürəklə əlaqəli xəstəliklərdə gəncləşmə var. Bu, nə ilə bağlıdır? Ümumilikdə, infarktların başvermə səbəbləri nədir və insanlar özünü necə qorumalıdır?
Əsas məsələ cəmiyyətimizin son illərdə bu məsələyə diqqətinin yönəlməsi ilə əlaqəlidir. Əslində, qəfil ürək ölümləri əvvəllər də olub. Sadəcə, son illər bəzi tanınmış simaların, xüsusilə gənc yaşlarda ani ürəktutması, medianın bu məsələyə diqqəti mövzunu aktuallaşdırıb. Bu, əslində yaxşıdır, ürəklə əlaqəli problemin olduğunu hiss edir və həllinin vacibliyinə əsas verir. Nəzərə almaq lazımdır ki, bu gün bütün dünyada ürəklə əlaqəli ölüm saylarında eyni tendensiya müşahidə olunur. Sosial həyat və tibdəki inkişafa baxmayaraq, bu gün hələ də ürək-damar xəstəliklərindən ölüm nisbəti digər xəstəliklərlə müqayisədə çoxdur. Yəni ən çox ölümə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri ilk sırada qərarlaşıb. Əsas səbəb kimi genetik faktoru vurğulamaq olar. Bir insanın ailəsində 40 yaşında və ya daha gənc yaşlarda ani ölüm halı olubsa, hansı yaşda olmasından asılı olmayaraq, mütləq şəkildə kardioloq müayinəsindən keçməlidir. Çünki bu cür ani ürək ölümünə səbəb olan halların başlıca səbəbi genetik faktordur.
- Bizim insanlar ürəklə əlaqəli laqeydlik edirlərmi? Niyə vaxtlı-vaxtında həkimə müraciət olunmur?
- Əslində, ürək-damar xəstəlikləri, eyni zamanda ani ürək ölümləri çox səbəblidir. Biz buna adətən multifaktorial deyirik. Azərbaycanlılar da bu məsələdə kifayət qədər həssas davranmır. Vaxtında həkimə müraciət edilmir, həm də gənclər və qadınlar arasında tütün məmulatlarından istifadə artır. Eyni zamanda, mətbəximizdə yağlı qidalar üstünlük təşkil edir. Bu azmış kimi, qida rasionumuza “fast food” da əlavə olunub. Yaxşı olardı ki, heyvan mənşəli qidaları, xüsusilə də qırmızı əti, heyvan mənşəli yağı azaldaq.
- Sizin özünüzün ürəklə bağlı şikayətiniz olubmu? Olanda kimə müraciət edirsiniz?
- Çox şükür, indiyə qədər ürəklə əlaqəli ciddi şikayətim olmayıb. Olsa da, heç düşünmədən mərkəzimizin kardioloqlarına müraciət edərəm.
- İş qrafikiniz çətin deyil ki? Ürəyi də çox yükə salmaq olmaz axı...
- Ürək-damar cərrahiyyəsi həm fiziki, həm də psixoloji cəhətdən asan peşə deyil, işimiz kifayət qədər stresslidir. Lakin gördüyünüz işi sevirsinizsə, o işin stressi azalacaq. Ümumilikdə, 27 ildən artıqdır bu işlə məşğulam və işimi sevərək icra edirəm. Bəlkə də işimə olan sevgi stress faktorunu bir az da azaldır.
- Uzunmüddətli iş təcrübənizdə ən yaddaqalan hadisə nə olub?
Azərbaycandakı 22 illik təcrübəmdə, təbii ki, çox xatirələrimiz var. Minlərlə əməliyyat olub, amma bəzi əməliyyat və bəzi xəstələr uzun illər yadımızdan çıxmır. Nümunə olaraq, süni ürək köçürdüyümüz ilk xəstəni çox yaxşı xatırlayıram. Bütün xəstəxana və komandamız çox həyəcanlı idi. Həmin günləri bu gün də çox yaxşı xatırlayıram. Yaxud da əməliyyat etdiyimiz 600, 700 qramlıq körpələri unutmuram.
- Təmənnasız əməliyyatlar icra etmisiniz?
- İlk gündən etibarən ürəklə əlaqəli çox sayda təmənnasız əməliyyatlar icra etmişik. Heydər Əliyev Fondu fəaliyyətə başladıqdan sonra da xeyriyyəçilik məqsədi ilə ciddi əməkdaşlığımız var. Fondun dəstəyi ilə Mərkəzi Klinik Xəstəxanada xüsusilə də anadangəlmə ürək qüsurlu körpələri əməliyyat etmişik.
- Qohumlar, yaxud ətrafınızda olan insanlar ürəklə əlaqəli sizə tez-tez müraciət edirlər? Onlara nə tövsiyə edirsiniz?
Qohumlardan kimsə mənə müraciət edəndə cərrah olduğum üçün deyirəm ki, ancaq əməliyyat edirəm. Yaxşı olar ki, kardioloqa müraciət edin. Qohum və ya dost tanış istənilən məclisdə həkim olduğunuzu bildikləri andan etibarən təbii olaraq tibbi suallarla müraciət edirlər. Əlimizdən gəldiyi qədər fəaliyyət göstərdiyimiz müddətdə bütün insanlara kömək etməyə çalışırıq.
- Azərbaycan səhiyyəsində ürəklə əlaqəli yaradılan imkanlar tam yetərlidirmi? Çatışmayan nədir?
Azərbaycanlı ürək-damar cərrahı, mütəxəssisi kimi deyə bilərəm ki, hazırda ölkəmizdə bu sahənin inkişafına ciddi mane olan, çatışmazlıq yaradan bir problem görmürəm. Bu, hər şeydən əvvəl dövlətimizin bu məsələyə yanaşması ilə bağlıdır. Həm dövlət başçımız İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərir. Bu diqqət və qayğının nəticəsində Azərbaycanda səhiyyənin digər sahələrində olduğu kimi, kardiologiya və ürək-damar cərrahiyyəsi də dünya standartlarında tətbiq olunur. İnanıram ki, bu diqqət və qayğı davam etdiyi müddətcə Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyyəsi öz uğurlu inkişafını davam etdirəcək.
- Bəzən filmlərdə belə hallar olur ki, bir şəxs başqasının ürəyi ilə yaşayanda deyirlər sanki filankəsi görürəm, ümumiyyətlə, həmin insanın sonrakı xarakter və davranışlarında nəsə dəyişiklik olurmu? Doğrudanmı müəyyən eyniliklər ola bilər? Yoxsa bütün bunlar yalnız mifdən ibarətdir?
- Bütün bunların hamısı mifdir. Ürək transplantasiyası ilə çox maraqlanmışam, hətta namizədlik dissertasiyam da bunla bağlı olub. Eyni zamanda, Böyük Britaniya və ABŞ-da ürək transplantasiyası mərkəzlərində uzunmüddətli təkmilləşdirmə kurslarında olmuşam. Deyilən miflər ancaq kinolarda olur. Yəni ürək transplantasiyasından sonra insan xarakterində hər hansı dəyişiklik gözlənilmir. Əvvəlki ürək sahibinin xarakterindən keçişdən söhbət gedə bilməz.
- Son olaraq əhaliyə nə kimi çağırış edərdiniz?
- Dünyanın hər yerində, o cümlədən Azərbaycanda ölümə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri ilk yerdədir. Özümüzü ürək-damar xəstəliklərindən qorumaq istəyiriksə, zərərli vərdişlərdən uzaq durmalı və aktiv həyat tərzi keçirməliyik. Təəssüf ki, müasir texnologiya və s. səbəbdən getdikcə daha passiv həyat tərzi yaşayırıq. Halbuki, insan orqanizmi hərəkət etməyə proqramlaşdırılmış canlı varlıqdır. Bir az qidalanma tərzimizə riayət etsək, siqareti tərgitsək, həyat tərzimizi aktivləşdirsək, ürək-damar xəstəliklərinə qarşı çıxmağa nail olarıq.

https://report.az/sehiyye-xeberler/taninmis-urek-cerrahi-600-700-qramliq-korpeleri-emeliyyat-etmisem-musahibe/