Süni ürək köçürülməsi üzrə əməliyyat ilk dəfə 2000-ci ildə ABŞ-da həyata keçirilib. Bütün dünyada bu cür süni ürək əməliyyatları sistemi 30 mindən artıq insanda istifadə olunub. Artıq Azərbaycanda da sinəsində ürəklə yanaşı, süni cihaz daşıyan insan var – Balakən sakini İbrahim Mansurov. Həmin əməliyyatı gerçəkləşdirən həkim – Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev deyir ki, artıq xəstə evə yazılır: “İbrahim Mansurovda ürək çıxarılmayıb, yerində qalır, sadəcə ürəyin altına əlavə bir cihaz yerləşdirmişik. Ürək işləməsə də, orda qalır, sadəcə torba funksiyasını yerinə yetirir”:
– Hazırda Azərbaycanda bu tip əməliyyatlara, süni ürək köçürülməsinə ehtiyacı olan xəstələr çoxdurmu?
– Əlbəttə, tələbat var. Bir populyasiyada ürək çatışmazlığı xəstəliklərinə əhalinin 1-2 faizində rast gəlinir. Onların da 10 faizi son mərhələyə gəlib çata bilir, yəni xəstəliyin ən ağır, sonuncu mərhələsinə. Ürək çatışmazlığında terminal mərhələ – proqnozu çox pis bir xəstəlikdir. Hətta deyərdim ki, bu, proqnozu bir çox xərçəng xəstəliyindən də pis olan bir durumdur. Çünki belə xəstələrin illik ölüm faizi 50-60 faizdir, yəni 1 il içində 50-60 faizi ölür. Süni ürək cihazlarının istifadəsi məhz belə diaqnozlu xəstələr üçün nəzərdə tutulub. Belə aparatla bu cür xəstələrin ömrünü 5-6 il uzatmaq mümkündür. Gərək olanda, aparatın istifadə müddəti başa çatandan sonra onu dəyişib yerinə yenisini qoymaq olur. İndi vətəndaşlarımız heç bir şübhə duymadan öz ürəklərini azərbaycanlı kardioloqlara etibar edirlər
– Bu, süni ürək köçürülməsi əməliyyatı idi. Bəs, indiyə kimi Azərbaycanda donor ürək transplantasiyası baş tutubmu?
– Yox, amma bu, məsələnin yalnız tibbi tərəfi ilə əlaqədar deyil. Donor transplantasiyasının hüquqi və sosial tərəfləri var. Burada ən böyük problem donor çatışmazlığıdır. Çünki yalnız beyin ölümü keçirən xəstələrdən ürəyi götürüb başqasına köçürmək olar. Bu zaman çox ciddi sosial problemlər ortaya çıxa bilər. Azərbaycan qanunvericiliyinə görə, yalnız ailənin yazılı razılığı ilə bunu edə bilərik. Burada digər ciddi məsələ – donor bağışının cəmiyyət tərəfindən normal hal kimi qəbul edilməsi məsələsi ortaya çıxır. Bu işin təbliğatında medianın, ictimai xadimlərin üzərinə ciddi yük düşür. Bu yaxınlarda bu yöndə ən böyük addım millət vəkili Qənirə Paşayeva tərəfindən atıldı. Qənirə xanım kimi ictimaiyyətin yaxşı tanıdığı, hörmət etdiyi insanların bu cür addımlar atması cəmiyyətimizdə də bu işlərin getdikcə daha geniş yayılmasına səbəb olacaq.
– Sizin həm də ictimai fəaliyyətiniz var. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri kimi ürək xəstəlikləri ilə bağlı durumu necə qiymətləndirirsiniz?
– 11 ildən çoxdur ki, Azərbaycanda işləyirəm. Müşahidələrim onu göstərir ki, ürək xəstəliklərinin rastlanma tezliyi və ölüm faizi dünyadakı statistika ilə paralellik təşkil edir. Hazırda respublikamızda da ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar xəstəlikləri ilk yerdə dayanır. Nədənsə, ictimaiyyətdə belə bir fikir formalaşıb ki, son vaxtlar Azərbaycanda ürək xəstəliklərinin sayı artıb. Amma əslində, elə deyil. Məncə, son illər respublikamızda ürək-damar xəstəlikləri yox, cəmiyyətin onlara marağı artıb. Əvvəllər ölkəmizdə diaqnozu qoyulmayan, müalicəsi olmayan ürək-damar xəstəliyi olan minlərlə insan indi bir çox klinikalarda şəfa tapır, müalicə edilir, əməliyyat olunur.
– Hazırda ürək-damar xəstəlikləri sırasında ən geniş yayılanı hansıdır?
– Dünyada da, Azərbaycanda da ən çox rast gəlinən və ən çox ölümə səbəb olan xəstəlik – ürək infarktıdır. İlk dəfə infarkt keçirən xəstələrin 30-35 faizi dünyasını dəyişir. Hesab edin ki, birinci dəfə infarkt keçirən hər 3 insandan biri ölür.
– Adətən deyirik ki, azərbaycanlılar ancaq ölüm ayağında həkimə gedir. Ürəyə münasibətdə də beləyikmi?
– Təəssüf ki, ürəyə yanaşmada da elədir. Amma bu xasiyyətimizə görə yalnız özümüzü qınamalı deyilik. Gördüyüm Şərq toplumlarının hamısında belə bir xasiyyət var. Niyəsini bilmirəm, amma belədir. Azərbaycanda xəstəlik kifayət qədər inkişaf edəndən, ağırlıqlara, fəsadlara yol açandan sonra həkimə müraciət edirlər. Bu da diaqnostikanı, müalicəni çətinləşdirir, prosesi daha bahalı edir.
– Doktor, qayıdaq yenə süni ürək köçürülməsinə. İlk əməliyyat baş tutdu. Yaxın gələcəkdə növbəti belə əməliyyatların olacağı gözlənilirmi?
– İnşallah, yenə olacaq. Əgər ilk dəfə uğurla keçdisə, artıq bizim gündəlik rutin əməliyyatlarımız sırasına daxil olacaq. Axı, süni ürək cihazlarını belə məcbur qılan əsas faktor donor çatışmazlığıdır. Bu texnologiya artıq ürək transplantasiyasında donorluğa ciddi alternativ olub. Gələcəkdə, bəlkə, heç donor ürəyə ehtiyac qalmaya da bilər.
DOSYE: Kamran Musayev Azərbaycan Tibb Universitetində təhsil alıb. 1992-ci ildə rektorluq tərəfindən İstanbul Universitetinin Tibb Fakültəsinə göndərilib. Rezidenturasını da həmin universitetin Cərrahpaşa Tibb fakültəsində keçib. Türkiyənin Kadir Has Universitetinin Florence Nightingale xәstәxanasında ürәk-damar cәrrahı olaraq işləyib. 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı və klinikanın stasionar şöbə müdiri vəzifəsində işə başlayıb. 2009-cu ildən indiyə qədər bu xəstəxananın baş həkimidir.
Fərəh Sabirqızı
bakupost.az