Blog
Türkiyədə bu gün mənim ürəyimi etibar edəcəyim həkimlər çoxdur. Azərbaycanda isə ürəyimi Kamran Musayevə və Rəşad Mahmudova etibar edərəm…
Son vaxtlar ürək-damar xəstəliklərinin artması təbabətdə ciddi problemlərdən birinə çevrilib. Bu məsələ ölkəmizdə də özünü qabarıq şəkildə göstərir. Bu günlərdə Bakıya səfəri çərçivəsində qəzetimizi də ziyarət edən Türkiyənin Memorial Xəstəxanasının ürək cərrahiyyəsi şöbəsinin müdiri Bingür Sönməzlə söhbətimizin əsas mövzusu da qeyd edilən problemlə bağlı oldu.
– Bingür bəy, ürək-damar xəstəliklərinin geniş yayılması əsasən nə ilə əlaqədardır?
– Dünya Səhiyyə Təşkilatının məlumatlarına istinadən deyə bilərəm ki, bu gün Türkiyədə ürək-damar xəstəlikləri ən çox ölümə səbəb olan xəstəliklərdəndir. Belə ki, hazırda Türkiyədə 100 min ölümdən 600-ü ürək-damar xəstəliklərinin payına düşür. Bu müqayisəni Azərbaycana, eləcə də türk dünyasına şamil etsək, təxminən oxşar göstəricilərlə üzləşərik. Amma Koreyada bu göstərici 50 nəfərdir. Deməli, biz Koreya ilə müqayisədə bu xəstəlikdən 12 dəfə çox insan itiririk.
Bilirsinizmi, bu, hər şeydən əvvəl, bizim daha çox qatı və heyvan mənşəli yağlara üstünlük verməyimizdən irəli gəlir. Çünki belə məhsullarda olan xolesterin ürək-damar xəstəliklərinin əsas törədicisi hesab olunur. Belə qida məhsullarını mütəmadi qəbul edənlərin bədənlərində yağın ümumi faizi artır,  damarlarında yağlanma prosesi gedir. Nəticədə, ürək əzələlərinə daha az qan gedir və ürək ağrıları baş verir. Məlumat üçün deyim ki, bu gün Türkiyədə hər 5 qadından 3-ü, hər 3 kişidən biri normadan artıq çəkili, yəni kökdür. Bu mənada, belə demək mümkünsə, mətbəximiz çox ağırdır. Digər tərəfdən, çox gəzmir, lazımınca hərəkət etmirik. Hər yerə maşınla gedirik. İdman yadımıza düşmür. Yəni çox durğun həyat tərzimiz var. Halbuki idmanla məşğul olmuş şəxslərdə ürək xəstəliklərinə çox nadir hallarda rast gəlmək olur. Yeri gəlmişkən, bəzilərində belə bir fikir formalaşıb ki, mən sağlamamsa, deməli, idmana ehtiyacım yoxdur. Xəstələnəndə isə deyirlər: “Xəstəyəm, idman eləməyə taqətim yoxdur.” Bakıda insanların siqaretdən daha çox istifadə etdiklərinin də şahidi oldum. Halbuki siqaret də ürək-damar xəstəliklərinin mənbəyidir. İnanıram ki, yaxın illərdə Azərbaycanda da ictimai yerlərdə siqaret çəkməyə qadağalar qoyulacaq. Duzlu yeməklər də ürək-damar xəstəliklərinə rəvac verir. Yeri gəlmişkən, artıq ABŞ-da bu məsələ dövlət səviyyəsində həllini tapmaqdadır. Belə ki, orada duzdan istifadənin yarıbayarı azaldılması gündəmə gətirilib.
– Həkim, deməli, mövcud mətbəximiz başımıza bəladır?
– Bilirsinizmi, qidalanmaya uşaqlıqdan fikir vermək lazımdır. 60 yaşında insan məndən soruşanda ki, həkim, nə yeyə bilərəm? Deyirəm ki, nə yeyirsən ye. Çünki bu yaşa qədər nə istəmisən, yemisən də… Bundan sonra fərqi yoxdur: nə yesən, sənə zərəri olmaz. Sən məndən soruş ki, mənim balam nə yesin? Çünki qidalanmağa nəzarət 10 yaşından başlamalıdır. Nədən ki, insanda damar sərtliyi 10 yaşından başlayır. Bu gün uşaqlara “fast food”,  yəni tez, duzlu və tam yağda bişən yeməkləri yedirtmək olmaz. Çünki onların hazırlanmasında da iç yağlarından gen-bol istifadə olunur. Bu mənada uşaqlar üçün ev şəraitində hazırlanan yeməklər satışda olan hamburgerlərdən, dönərlərdən qat-qat faydalıdır. Onu da qeyd edim ki, bütün bu dediklərimi, bütövlükdə Şərq ölkələrinə də şamil etmək olar.
– Bəs hansı yeməklərə üstünlük verilməlidir?
– Tərəvəz və göy-göyərtidən, balıq və toyuq ətindən hazırlanmış yeməklərə. Ət məhsullarına gəldikdə isə, mal ətinə üstünlük verməliyik. Özü də həftədə bir dəfə. Qoyun ətindən isə imkan daxilində daha az istifadə etməliyik.
– Ürək-damar xəstəliklərinin artmasında yay-qış mövsümlərinin də təsiri varmı?
– Ümumiyyətlə, qış fəsli uzun sürən ölkələrdə insanlar üşüməmək üçün daha çox yağlı və şəkərli yeməklər yeyirlər. Belə yeməklər də ürək-damar xəstəliklərini artırır. Yayı isti keçən ölkələrdə isə problem başqadır. Belə ki, həmin ölkələrdə yaşayanlar tez-tez tərlədiklərinə görə normadan artıq su içirlər. Bu da damarlarda axan qanın sürətinin azalmasına və laxtalanmasına gətirib çıxarır.
– Bəs sosial problemlər bu xəstəliyin artmasına səbəb ola bilərmi?
– Əvvəllər  bu və ya digər qurumlar 50 yaşlarında olan insanlar tərəfindən idarə olunurdu. Müasir zəmanəmizdə isə yaxşı təhsil almış, ancaq təcrübəsiz 30-35 yaşlı cavanlar çox məsuliyyətli və çətin işin altına girərək, böyük müəssisələri idarə edirlər. Onlar özlərini sübut etmək üçün, təbii ki, çox çalışırlar. Bu da vaxtsız qidalanmağa və nəticədə, mədə xəstəliklərinə gətirib çıxarır. Bütün bunlar ürəyə də öz təsirini göstərir. Onu da deyim ki, hər kəs öz bacardığı yükü qaldırmalıdır. O vəzifənin verdiyi stress onlara problemlər yaradır. Bundan əlavə, ailədə, cəmiyyətdəki problemlər də insanı stress vəziyyətinə salır.
– Bu sualı əbəs yerə vermədik. Bildiyiniz kimi, Azərbaycanda bir milyondan çox qaçqın var. Onlar müharibənin ən acılı günlərinin şahidləridir. Onda belə çıxır ki, bizim ölkədə ürək damar xəstəliklərinin çoxluğu təbiidir.
– Mən sizə Quzey Kıbrısdan nümunə çəkə bilərəm. Oradakı olayların şahidləri olmuş 40-45 yaşlı insanlara fikir verəndə görürsən ki, onların çoxu ürək xəstəliklərindən əziyyət çəkir. Bu sözləri Qarabağ müharibəsində iştirak etmiş mücahidlərimiz üçün də söyləyə bilərik.
– Ürək-damar xəstəlikləri nəsildən-nəslə keçə bilirmi?
– Bəli.
“Ürəkdə baş verən hər ağrı infarkt deyil”…
– Bəs ürək-damar xəstəliklərinə ən çox hansı yaşlarda rast gəlinir?
– Bu, xəstəliyin yaş məhdudiyyəti yoxdur. Hətta 25 yaşında da infarkt keçirən insanlar olur.
– Bəs bu xəstəliyi qabaqcadan necə bilmək olar?
– Əvvəla bildirim ki, ürəkdə baş verən hər ağrı infarkt deyil. Öncə ürəkdə 15-20 dəqiqəlik müddətlərdə ağrılar baş verir. Buna biz angina deyirik. Bu ağrılar dərmanla müalicə olunur. Amma damarlarda tıxanma baş verir ki, bu da infarkta səbəb olur. Bir insan bir dəfə infarkt keçirib ölə də bilər, 5 dəfə keçirib, ölməyə də bilər. Burada damarın yeri, ana damar olub-olmaması önəmlidir.
– Ürək əməliyyatlarından sonra xəstələr normal həyat
faəliyyətərini davam etdirə bilirlərmi?
– Bilirsiniz, bunu məndən xəstələr də soruşurlar. Deyirlər ki, həkim, biz əməliyyatdan sonra yarıcanmı olacağıq? Mən isə onlara deyirəm ki, yox. Siz indi yarımcansınız, əməliyyatdan sonra isə sağlam bir adam olacaqsınız. İnanın, bir dəfə bir neçə xəstəni əməliyyatdan sonra Ağrı dağına çıxartdıq. 4200 metrlik bu dağı çıxaraq əslində bir mesaj vermiş olduq.
“Qəzetiniz vasitəsilə bir
daha bəyan edirəm ki…”
– Azərbaycanda bu sahədə vəziyyət necədir?
– Son illər Azərbaycanda da mürəkkəb ürək-damar əməliyyatları yerinə yetirilir. Halbuki 10 il əvvəl belə şey yox idi. Kamran Musayev, eləcə də Rəşad Mahmudov artıq bu sahənin gözəl mütəxəssislərinə çevriliblər. Onu da deyim ki, bu sahə üzrə mütəxəssislərin yetişməsində Türkiyənin həkimləri, sözün həqiqi mənasında, azərbaycanlı həmkarlarına yardımçı olublar. İnsafən, onu da bildirim ki, son illər Azərbaycanda çox gözəl xəstəxanalar inşa olunub, müasir avadanlıqlarla təmin edilib. Lakin bunları işlədən kadrlar azlıq təşkil edirlər. Mən buradan, sizin qəzetiniz vasitəsilə bir daha bəyan edirəm: istər həkim olsun, istər texniki işçi və tibb bacısı, fərqi yoxdur, bizim xəstəxanaya gəlsinlər, onları qısa müddət ərzində mütəxəssis kimi yetişdirək. Elə bu səfərimdə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin rəisi Bəhruz Səfərəliyevlə görüşümdə də bu məsələni önə çəkdim.
– Səhv etmirəmsə, hazırda Azərbaycanda ürək köçürülməsi əməliyyatları aparılmır. Bu nə ilə bağlıdır?
– Ürəyin transplantasiyası elə də çətin deyil. Problemlərin əsası donor ürəyin lazımi vaxtda tapılmamasıdır. Unutmayın ki, digər orqanlardan fərqli olaraq, ürək öz funksiyasını yerinə yetirərkən alınmalı və 4-6 saat ərzində də xəstəyə köçürülməlidir… Digər tərəfdən, həmin əməliyyat çox məsrəfli və uzun vaxt aparan bir əməliyyatdır.
– Eşitdiyimizə görə, siz  11 mindən çox açıq ürək əməliyyatında iştirak etmisiniz. Bu əməliyyatlar zamanı sizin üçün önəmli olan nədir?
– Buna “by pass”, başqa sözlə, koronar şuntlama əməliyyatı da deyilir. Bu, ürəyin daralmış damarlarına insanın aşağı hissələrindən götürülmüş damarların ona köməkçi kimi tikilməsidir. Həmin əməliyyatlar bəzən 14-15 saat çəkir. Mənim üçün ən önəmli olan xəstənin əməliyyat stolundan sağ-salamat çıxmasıdır.
– Xəstələriniz arasında azərbaycanlılar çox olub?
– İndiyəcən 50-yə yaxın azərbaycanlı xəstəm olub.
–  Sirr deyil ki, digər millətlərdən fərqli olaraq, bizlər həkimə, belə demək olarsa, iş işdən keçəndən sonra müraciət edirik. Bu gecikmənin müalicəyə nə qədər təsiri olur?
– Biz o xəstələri sevirik ki, infarkt keçirmədən əvvəl bizə müraciət edirlər. Çünki bir adam infarkt keçirmişsə, artıq ürəyin ritmi pozulmuş olur. Bu xəstənin də əməliyyatından əldə edəcəyimiz nəticə elə də yaxşı olmur.  Buna görə də hər kəsə 40 yaşından sonra ildə bir dəfə həkim müayinəsindən keçməyi məsləhət görürəm.
– Həkim  kimi yetişməyinizdə Avropanın rolu çox olub, yoxsa Türkiyənin?
– Mənim təhsil aldığım vaxtlarda İngiltərə və Amerika bu sahədə lider idilər. Ancaq bu gün Türkiyədə də  bu sahə üzrə təhsil almaq olar.
– Bildiyimizə görə, 23 cəmiyyətin üzvüsünüz. Hətta bəzilərində idarə heyətinin sədrisiniz. Bu qədər işin öhdəsindən necə gəlirsiniz?
– Bu qurumların bəziləri sırf ürək xəstəlikləri ilə, kardiologiya ilə bağlı olsa da, bəziləri sosial sahə ilə bağlıdır. Zənnimcə, ictimai fəaliyyətdə olmaq hər bir həkimin borcudur.
– Övladlarınızdan yolunuzu davam etdirən varmı?
– Yox. İki övladımdan heç biri doktor olmaq istəmir. Uşaq vaxtı onlardan soruşanda ki, böyüyəndə kim olmaq istəyirsiniz? Onlar deyirdilər ki, həkim olmaq istəmirik. Səbəbini isə öz atalarını gec-gec görmələri  ilə bağlayırdılar.
– Həkim, sizin də ürəyiniz ağrıya bilər. Əməliyyat üçün ürəyinizi kimə etibar edərdiniz?
– Türkiyədə bu gün mənim ürəyimi etibar edəcəyim həkimlər çoxdur. Azərbaycanda isə ürəyimi Kamran Musayevə və Rəşad Mahmudova etibar edərəm…
“Atəşə dönən dünya – Sarıkamış”
– Siz elmi işlərlə yanaşı, həm də tarixi araşdırmalar aparırsınız. “Atəşə dönən dünya – Sarıkamış” adlı əsəriniz də var. Mümkünsə, bununla bağlı bir neçə kəlmə deyərdiniz.
– Sarıkamışda anadan olmuşam. Həmişə arzu etmişəm ki, Sarıkamış şəhidlərini  bütün dünya tanısın. Uşaqlıqdan həmişə bizə deyirdilər ki, onlar vuruşmadan və qan tökmədən bir gecə içərisində ölən 90 min zavallıdır. Amma mənim araşdırmalarıma görə, onlar 25 gün qəhrəmancasına vuruşaraq, Sarıkamışı ələ keçiriblər. Bu mənada onlar şəhidlərdir. Hər bir döyüşdə olduğu kimi, Sarıkamış savaşında da məğlub və qalib gələn tərəflər oldu. Məğlub olmaq eyib sayılmır. Bu qəhrəmanları tanıtmaq üçün 23 ildir araşdırma aparıram. Eləcə də kitablar yazmışam, tədbirlər keçirmişəm. Sarıkamışda həlak olanların hamısının bir qəhrəman olduğunu bu gün hər bir əsgər, ziyalı və sıravi insan qəbul edir. Onlar bilirlər ki, Sarıkamışa gedənlərin heç birisi geri qaçmayıb, hamısı qəhrəmanlıqla vuruşaraq, orada şəhid olublar. Bundan əlavə, ildə iki dəfə Sarıkamışa yürüşlər təşkil edərək, oradakı toplu şəhid məzarlığını ziyarət edirik. Sarıkamış həqiqətləri barədə film çəkilməyib. Bununla belə, 2004-cü ildə Sarıkamış hadisələri haqqında yazılan kitabların sayı iki idisə, bu gün onların sayı 45-ə çatır. Onu da deyim ki, “Ozanların dilində Sarıkamış” kitabını da ərsəyə gətirmişəm. Yeri gəlmişkən, “Atəşə dönən dünya – Sarıkamış” Azərbaycan dilinə də uyğunlaşdırılır.